Əsgərlər, arxiv şəkli

Səfərbərlik Xidmətindən daha bir vacib məlumat

4519
(Yenilənib 09:25 30.09.2020)
Zərurət yarandığı halda, ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlərə cəlb ediləcəklər

BAKI, 27 sentyabr — Sputnik. “Məlum olduğu kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən ölkənin bütün ərazisində hərbi vəziyyət elan edilib. Xüsusi vurğulamaq istəyirəm ki, hərbi vəziyyət ölkəmizdə səfərbərliyin elan olunması anlamına gəlmir”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatının şöbə rəisi, polkovnik Əjdər Babazadə bildirib.

Ə.Babazadə deyib ki, mövcud qanunvericiliyə əsasən, səfərbərlik - Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilat-ştat strukturuna keçirilməsinə dair tədbirlər kompleksidir: “Bu gün səfərbərlik yox, ölkə ərazisində hərbi vəziyyət elan olunub. Səfərbərlik elan olunacağı halda, KİV, sosial şəbəkələr vasitəsi ilə elan olunacaq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir. Zərurət yarandığı halda, ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlərə cəlb ediləcəklər”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

4519
Teqlər:
açıqlama, hərbi vəziyyət, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, erməni təxribatı, cəbhə, Dağlıq-Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
Səfərbərlik Xidməti məlumat yaydı
Hərbi vəziyyət rejimində hansı məhdudiyyətlər tətbiq olunur?
Ermənistan təxribatı nəticəsində bir ailənin 5 üzvü həlak olub
Baş Prokurorluq: Ermənilərin son təxribatı ilə bağlı 4 maddə üzrə cinayət işi başlanıb
Ermənistan ordusunun silah-sursat anbarı məhv edilib - VİDEO
Azərbaycan Ermənistana qarşı tribunalın yaradılması üçün müraciət edəcək
Erməni qüvvələrinin açdıqları atəşdən sonra Bərdədə vəziyyət

Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman

0
(Yenilənib 20:05 27.10.2020)
"Təəssüflər olsun ki, Ermənistanın qeyri-insani hərəkətlərdən çəkindirilməsi istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülməməsi onları daha da azğınlaşdırır və yeni cinayət əməlləri törətməyə sövq edir"

BAKI, 27 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələri 26 oktyabr 2020-ci il tarixdə saat 08:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini növbəti dəfə pozaraq və müharibə cinayətlərini davam etdirərək Bərdə rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutmuşlar. Nəticədə mülki əhalidən 4 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Həlak olanlar və yaralananlar içərisində uşaqlar da var. Dağıntılar altında hələ də çoxlu insan qaldığından bu rəqəmlər hər an arta bilər. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə ombudsman Səbinə Əliyevanın mətbuata açıqlamasında deyilir.
Vurğulanır ki, mülki insanlara qarşı törədilən bu terror bir daha onu göstərir ki, işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinin, beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının, eləcə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkmir.
Təəssüflər olsun ki, Ermənistanın qeyri-insani hərəkətlərdən çəkindirilməsi istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülməməsi onları daha da azğınlaşdırır və yeni cinayət əməlləri törətməyə sövq edir.

Dünya ictimaiyyəti səsimizə səs verərək Ermənistan tərəfindən törədilən son dərəcədə qəddar, amansız və qeyri-insani hadisələrə laqeyd qalmamalı, beynəlxalq müharibə cinayətlərinə yol vermiş işğalçı Ermənistan dövlətindən beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin tələblərinə əməl etməyi, mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan cinayətkar əməllərdən çəkinməyi, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalarını, dinc əhalinin qətlə yetirilməsində təqsirkar olan şəxslərin cəzalandırılması ilə bağlı təsirli tədbirlər görülməsini tələb etməlidir.

0
Teqlər:
ombudsman, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, atəş, Bərdə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil

11
"Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşıyır"

BAKI, 27 oktyabr - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonunun atəşə tutulması barədə məlumat yayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, məlumatda bildirilir ki, 27 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 4 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla 13 nəfər ciddi xəsarət alıb.

“Bu, son günlər ərzində beynəlxalq vasitəçilərin davamlı səyləri ilə üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliklərini heçə sayaraq törətdiyi növbəti müharibə cinayətidir. İki ölkənin Xarici İşlər nazirlərinin Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirəcəyi görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti qanlı cinayətin törədilməsi, təcavüzkar Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının və hər vəchlə danışıqlara maneə törətmək məqsədi güddüyünün bariz göstəricisidir.

Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşıyır. Cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verməsini təmin etmək üçün beynəlxalq ictimaiyyəti qəti mövqe sərgiləməyə çağırırıq”, - deyə məlumatda qeyd olunub.

11
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Atəşkəs Tərtərə dinclik gətirmədi: Rayon dağıntılar içində qalıb – VİDEO