Ermənistanın müdafiə naziri David Tonoyan

"Lazım olsa hücum edəcəyik" Ermənistan müdafiə naziri müharibədən danışdı

355
(Yenilənib 12:28 26.02.2019)
"Əgər söhbət hərbi əməliyyatların bərpasından gedirsə, onda biz ləngiməyəcəyik"

BAKI, 26 fevral — Sputnik. Ermənistan silah aldığı zaman kəmiyyətə deyil, keyfiyyətə üstünlük verəcək. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib. 

Nazirin sözlərinə görə, Ermənistanın iqtisadi və demoqrafik imkanları Azərbaycanla müqayisə oluna bilməz. Məhz buna görə Ermənistan keyfiyyətə önəm verəcək. 

Tonoyan əlavə edib ki, Ermənistan hücum silahları almağa davam edir. İndi çox şey dəyişir – psixologiya, müdafiə siyasətini qurmağa dair yanaşmalar.

O vurğulayıb ki, təcrübəyə əsasən, daima müdafiədə olan ordular son nəticədə məğlub olur: "Biz müdafiə mövqeyində qalmağa hazırlaşmırıq. Əgər söhbət hərbi əməliyyatların bərpasından gedirsə, onda biz ləngiməyəcəyik".

"Ermənistan ordusu hücum edəcəkmi?" sualına cavab olaraq nazir cavab verib: "Niyə də yox!".

Tonoyan, həmçinin əlavə edib ki, rəsmi Yerevan silah almaq üçün Rusiyadan 100 milyon dollar dəyərində yeni kredit götürməyə hazırlaşır. Bu silahlar silahlanma yarışına girmədən (Azərbaycanla –red.) qoyulmuş hədəfləri yerinə yetirməyə imkan verir. Hansı silahların alınması isə hələlik hərbi sirdir.

355
Teqlər:
nazir, müharibə, Ermənistan
Əlaqədar
Ermənistan hökumətinin binasında güclü yanğın baş verib
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü hazırlanır
“Ermənistan Azərbaycanın sərvətlərini istismar edərək satır”
Tarix dərslikləri, arxiv şəkli

Qələbəmizdən sonra dərsliklərimiz belə dəyişəcək

23
(Yenilənib 12:10 27.11.2020)
"Dərsliklərə nələrin salınması Təhsil Nazirliyi ilə məsləhətləşmədən sonra bilinəcək. Nazirlik necə məsləhət bilərsə, biz də həmin məlumatları dərsliklərə əlavə edəcəyik".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Son günlərin ən çox  müzakirə edilən mövzularından biri də Qarabağda qazandığımız zəfərin dərsliklərdə öz əksini tapması ilə bağlıdır. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səslənsə də, dərsliklərdə Azərbaycanın şanlı döyüş salnaməsinin necə öz əksini tapacağına dair rəsmi fikir yoxdur. Sputnik Azərbaycan dərsliklərdə müharibə və qələbə mövzusunun necə və nə vaxtdan əks olunacağını araşdırıb. Mövzunu araşdırmazdan öncə qeyd edək ki, Azərbaycanda orta ümumtəhsil müəssisələrində "Qarabağ tarixi" dərsliyi ayrıca tədris olunur. Həmin dərsliyin Qarabağ işğaldan azad olunduqdan sonra dəyişdirilməsinə xüsusi ehtiyac olduğundan, Sputnik Azərbaycan 7-ci sinif "Qarabağ tarixi" dərsliyinin həmmüəllifi, elmlər doktoru Qasım Hacıyevlə söhbətləşib.

Q.Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Quruçay mədəniyyəti dövründən başlayaraq Qarabağla bağlı mövzular yığcam şəkildə hazırlanaraq çap edilib: “Burada Qarabağın xəritədə yerləşdiyi ərazilər, təbiəti, tarixi abidələr və ən mühüm hadisələrin şəkilləri verilib”. Onun sözlərinə görə, ilk çap edilən "Qarabağ tarixi" dərsliyi 90 min nüsxə, ikinci nəşrində 130 min Azərbaycan, 13 min rus bölməsi üçün çap olunub: “Dərslik ikinci dəfə dəyişildikdə, 2019-cu ildə aprel döyüşləri, Cocuq Mərcanlının bərpası əlavə olunub. Qeyd edim ki, Nadir şahdan bu günə Azərbaycanın işğal olunmuş bir qarış torpağı belə azad edilməyib. Ona görə də, bu tarixi zəfərə bütün dərsliklərdə, xüsusən də tarix dərsliklərində ayrıca yer verilməldiir. Bizə rayonlarımızın işğal tarixi, azad olunma tarixi, toponimlər məlumdur. Amma dərsliklərə nələrin salınması Təhsil Nazirliyi ilə məsləhətləşmədən sonra bilinəcək. Nazirlik necə məsləhət bilərsə, biz də həmin məlumatları dərsliklərə əlavə edəcəyik. Torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın döyüş tarixində ən şərəfli hadisədir. Qarabağın azadlığa çıxması xalqımız üçün fəxredici tarixdir. Qarabağın işğaldan azad edilməsi həyatımızın bütün sahələrinə - siyasi, iqtisadi, sosial və mədəni sahələrinə təsir edir. Ona görə də nəinki tarix, ictimai və humanitar fənlərə aid olan orta və ali məktəb dərsliklərində bu hadisələr əksini tapmalıdır. Çünki qeyd etdiyim kimi, bizim qələbəmiz xalqımızın, dövlətçiliyimizin tarixində mühüm hadisədir”.

Tarix fənni ilə bağlı əlavə vəsaitlərin müəllifi Hamlet Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ümumilikdə tarix fənni ilə bağlı konsepsiya hazırlanmalıdır: “Bizə tarixin mahiyyəti öyrədilməlidir. Təəssüf ki, sovet təhsil ideologiyası qalmaqdadır. Hazırda Ümumi tarix və Azərbaycan tarixi keçirilir. Amma elm olaraq vahid tarix elmi var. Ona görə də düşünürəm ki, tarix elm şəklində öyrədilməlidir. Türkiyədə İnqilab tarixi var. Aşağı sinifdən tədris edilir. Bizdə də  5-ci siniflərdə Azərbaycan tarixi qalmalıdır. 6-11 siniflərdə tarix elmi vahid şəkildə keçirilməlidir. 10-11-ci siniflərdə isə tarix dərsliyindən başqa, Vətən tarixi adlı dərslik nəşr olunaraq tədris edilməlidir”.

Həmsöhbətimiz deyir ki, tarix dərslikləri baş verən tarixi hadisələrlə bağlı müəyyən dövrdən bir dəyişdirilir, əlavələr edilir: “Məsələn, 10 il əvvəl çap olunan tarix dərsliyində Mübariz İbrahimovla bağlı məlumat yox idi. Amma son nəşrlərdə Aprel döyüşü, Mübariz İbrahimovla bağlı məlumatlar daxil olub. Qələbəmiz, Qarabağın işğaldan azad olunması da müəyyən paraqraflarla dərsliklərə əlavə oluna bilər. Qarabağ tarixi dərsliyinin əlavə çap olunması torpaqlarımız işğalda olduğu dövrlər üçün aktual idi. Qarabağı unutmamaq, torpaqlarımızın işğalda olması barədə dərsliklərdə ayrı-ayrı paraqraflarda tədris olunur. Qarabağla bağlı dərsliklərdə məlumatlar var. Amma artıq torpaqlarımız işğaldan azad edilib. Düşünürəm ki, Qarabağ tarixini ayrıca çap etməyə daha ehtiyac qalmır”.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanın qələbəsi, Qarabağın işğaldan azad olunması mütləq şəkildə dərsliklərə salınacaq. C.Valehov hələki bu dəyişikliyin hansı dərsliklərdə aparılacağı və sair məsələlərin tam dəqiqləşmədiyini söylədi: “Sosial şəbəkələrdə yazırlar ki, Tarix dərsliyinin üzərinə müharibədə qəhrəmanlıq edən topçunun şəkli vurulacaq. Qeyd edim ki, bunlar qeyri-rəsmi məlumatlardır. Hansı qəhrəmanımızın şəklinin harada olacağı barədə indidən qəti fikir söyləmək olmaz. Onların hər biri bizim üçün qəhrəmandır. Amma dərsliklərə müharibə tariximizlə bağlı nələrin əlavə ediləcəyi barədə müzakirə aparıldıqdan sonra qərar veriləcək. Müharibədə zəfər çalmağımız, Qarabağın işğaldan azad olunması mütləq şəkildə dərsliklərimizdə yer alacaq”. 

23
Teqlər:
Salnamə, Azərbaycan, döyüş, Qarabağ, dərslik, qələbə
Alban Klod, arxiv şəkli

Fransada yaşayan azərbaycanlı məşhur Qarabağa gələcək

7
(Yenilənib 12:04 27.11.2020)
Alban Klod: "Mənim məqsədim fransız oxuculardan ötrü müharibə və tarixi torpaqlar haqqında yazmaqdır".

BAKI, 27 noyabr — Sputnik. "Tezliklə Qarabağda olacağam. Məqsədim fransız oxucular üçün müharibə və tarixi torpaqlar haqqında yazmaqdır. Düşünürəm ki, bu yolla daha faydalı ola bilərəm".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan kötücəsi Alban Klod "Facebook" hesabında yazıb.

Qeyd edək ki, Alban Klod Tağıyevin ikinci oğlu Sadıxın nəticəsidir.

7
Teqlər:
Fransa, Hacı Zeynalabdin Tağıyev, Qarabağ
COVİD-19 xəstəsi, arxiv şəkli

Qubada yaşadıqları evi qanunsuz olaraq tərk edən koronavirus xəstələri aşkarlandı

0
(Yenilənib 13:30 27.11.2020)
Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

BAKI, 27 noyabr — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib.

Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna getmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə S.Mütəllimov yaşadığı ünvana geri qaytarılıb.

Gün ərzində şöbə əməkdaşları karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən daha iki şəxsi də aşkarlayıblar. COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

0