Ağdam Tarix Diyarşünaslıq Muzeyinin eksponatları

Qaradağlıda yaşadılan Ağdam ruhu

6159
(Yenilənib 18:01 19.01.2019)
Döyüş nöqtələrinə, barıt qoxuyan cəbhə xəttinə yaxın olmaq isə burda heç kimi qorxutmur

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Yolumuzu Qarabağın cəbhəboyu kəndlərinə doğru saldıq. Ağdamın rayon mərkəzinə çevrilən Quzanlı qəsəbəsi artıq bir şəhərdir. Prospekti, küçələri, çoxsaylı yeni inşa olunan binaları Quzanlını şəhər halına gətirib. Ağsaqqallar evi, Heydər Əliyev Mərkəzi, müasir məktəblər, Ağdam Musiqi Kolleci, Xalçaçılıq Mərkəzi, Milli Olimpiya Kompleksi, bu günlərdə açılan Muğam Mərkəzi əzəmətli məkana çevirib buraları. Belə böyük və yaraşıqlı, arxitektura baxımından memarlıq incilərinə çevrilən bu binalardan yeni Ağdam şəhəri yaranıb.

Ağdam Tarix Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov
© Sputnik / Musa Muradli
Ağdam Tarix Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov

Kəndlərə doğru uzanan yollar da hamar və rahatdır. Cəbhənin ön xəttindəki kəndlərə gedən yollara asfalt örtük çəkilib. Kəndlərarası nəqliyyat vasitələrinin intensiv hərəkəti piyadaların gediş-gəlişini asanlaşdırıb. Quzanlıdan Qaradağlıya səfərimiz də bu səbəbdən elə də çətin olmadı.

Qaradağlıya gedən mikroavtobusa minib, Xındırıstanı, Əhmədağalını, Sarıcalını keçirik. Çəmənlidə yol qırağında əzəmətli məscid və qarabağlıların and yerinə çevrilmiş Seyid Lazım Ağanın ziyarətgahını görünür. Mahrızlıda 1941-1945-ci il müharibəsinin şərəfinə ucaldılmış abidə kompleksi ilə qarşılaşırıq. Bir zamanlar buralarda tək əli avtomatlı kişi bu heykəl idisə, indi bu yerlərdə əsgərlərimiz vətən keşiyi çəkirlər. Müharibə uzaqlarda deyil, yaxınlarda, torpağımızda, yurdumuzda gedir. Ermənilər vəhşilik edərək, Ağdam kimi gözəl şəhərimizi yerlə yeksan ediblər. Ağdam Tarix Diyarşünaslıq Muzeyini də bu səbəbdən rayonun Qaradağlı kəndində tikiblər.

Ağdam Tarix Diyarşünaslıq Muzeyinin eksponatları
© Sputnik / Musa Muradli
Ağdam Tarix Diyarşünaslıq Muzeyinin eksponatları

Mahrızlıdan sonra Qaradağlıya - kənd mədəniyyət evinə yetişirik. Binanın Sovet hakimiyyəti illərində tikildiyi elə görünüşündən bəlli olur. Fasadda yazılan “Mədəniyyət evi” sözü də kiril əlifbasında işləndiyi kimi durur. Mədəniyyət evinin müdiri Zənurə Mirzəyeva binanın tarixindən danışmağa başlayır: "İnşasına 1952-ci ildə başlanılan bina 1956-cı ildə mədəniyyət evi kimi istifadəyə verilib. Hazırda binanın təmirə ehtiyacı var. Mədəniyyət Nazirliyinin 2019-cu ildə təmir-bərpa planına daxil edilib. Bu il binanın təmir olunacağına ümid edirik".

Mədəniyyət evinin 10 nəfərlik işçisi əhaliyə mədəni xidmət göstərir. Burada rəqs və xor dərnəyi var. Binanın səhnəsi, zalı bərbad olduğuna görə geniş tədbirlər təşkil edə bilmirlər. Z.Mirzəyevanın dediyinə görə, bina təmir olarsa, onlara işləmək üçün şərait yaradılarsa, daha çox işlər görə bilərlər.

Ağdam Tarix Diyarşünaslıq Muzeyinin eksponatları
© Sputnik / Musa Muradli
Ağdam Tarix Diyarşünaslıq Muzeyinin eksponatları

Qaradağlı kənd Mədəniyyət evinin binasında məskunlaşmış Ağdam Tarix Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirovla isə elə muzeyin eksponatları arasında söhbət edirik. O, deyir ki, Ağdamdakı muzey 1993-cü ildə Ağdam ermənilər tərəfindən alınanda tamam dağıdılıb: "Ağdam muzeyindən bir dənə də olsun eksponat gətirilməyib. 2001-ci ildə Muzeyinin fəaliyyəti bu binada yenidən bərpa olunub. 100 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 1200-ə yaxın eksponat var. Eksponatlar kəndlərdən toplanıb. Rayonumuzun qədimliyini, zəngin tarixini, mədəniyyətini özündə əks etdirən eksponatlar muzeyimizdə qorunur".

Muzeyə əsasən məktəblilər, azyaşlı uşaqlar, kənd sakinləri, kəndin qonaqları gəlirlər. Bu da tarixi keçmişimizin təbliği, öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Ağdam Tarix Diyarşünaslıq Muzeyinin eksponatları
© Sputnik / Musa Muradli
Ağdam Tarix Diyarşünaslıq Muzeyinin eksponatları

Erməni işğalında qalan muzeyin eksponatlarından danışan Ü.Qədirov bildirir ki, sonralar da həmin qədimi əşyaların taleyindən məlumat almaq mümkün olmayıb: "Həmin eksponatları ermənilər ya özününküləşdirib, ya da məhv ediblər. Bunun özü də ermənilərin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin tərkib hissəsidir".

Muzey direktoru eksponatların yaşı haqqında danışır: "Buradakı eksponatların qədimliyinə görə yaşı I minilliyə, Tunc dövrünə qədər gedib çıxır. Məişətdə yağ hazırlamaq üçün saxsı küplərin yaşı I minilliyə aid olunur. Tunc dövrünə aid qılınc, ox ucluqları, döyüş baltası, təbərzin var. Eksponatlar əksər hallarda muzeyə vətəndaşlar tərəfindən verilir. Bəzən əkin sahələrində iş görən zaman, ya da ev bünövrəsi qazarkən qədimi əşyalar, saxsı qablar, ya döyüşçü alətləri aşkar olunur ki, onu da muzeyə hədiyyə edirlər".

Ağdam Tarix Diyarşünaslıq Muzeyinin eksponatları
© Sputnik / Musa Muradli
Ağdam Tarix Diyarşünaslıq Muzeyinin eksponatları

Eksponatların toplanmasında muzey işçiləri kənd sakinləri, məktəblilərlə fərdi söhbətlər aparırlar ki, bu da ümumi işin xeyrinə olur. Bir çox hallarda evlərdə olan eksponatları könüllü, maddi qarşılıq istəmədən gətirib muzeyə təqdim edirlər. Hətta elə eksponatlar var ki, onları uzaq rayonlardan gətiriblər. Məsələn, saxsı qab və cəhrə Kürdəmirdə məskunlaşmış ağdamlının evindən gətirilib. Saxsı qab həyətdə su bulağının altındaymış. Ancaq bu gün muzey eksponatları sırasında mənəvi dəyərinə görə bu eksponatın dəyəri yoxdur.

Ağdam Tarix Diyarşünaslıq Muzeyinin eksponatları xalqımızın məişəti, qəhrəmanlığı, sənətkarlığı barədə geniş məlumatlar verə biləcək bir məkana çevrilib artıq. Çürümüş tapançalar, saxsı bardaqlar, həvələr, cəhrələr, heyvanla çəkilən kotan, əmək qəhrəmanlarının şəkilləri, qədimi tərəzilər, Böyük vətən müharibəsi iştirakçılarının yubiley və döş nişanları, qədim heykəlciklər, at yəhəri, qədimi radio, xalça, fərməclər muzeyin zəngin fonda malik olduğundan xəbər verir.

Ağdam Tarix Diyarşünaslıq Muzeyinin eksponatları
© Sputnik / Musa Muradli
Ağdam Tarix Diyarşünaslıq Muzeyinin eksponatları

Ü.Qədirov gələcəkdə də eksponatların sayının artırılması barədə düşünür: "Bizdə eksponatların mühafizəsi üçün şərait olmadığı üçün yeni xalçalar alıb, saxlaya bilmirik. Binamız olandan, tam təhlükəsizliyə arxayın qalandan sonra qiymətli eksponatlar almaqla fondu daha da zənginləşdirəcəyik. Muzey üçün Quzanlıda yeni binanın inşası nəzərdə tutulub. Artıq 2019-cu ilin Dövlət Proqramına salınıb. Ümid edirik ki, tezliklə istifadəyə veriləcək. Əslində, biz istəyirik ki, yeni binamız Ağdam şəhərində olsun. Torpaqlarımız işğalına son qoyulsun, muzeyimizlə bir yerdə müqəddəs şəhərimizə qayıda bilək".

Ağdam muzeyinin eksponatları respublikamızın bir çox sərgi salonlarında nümayiş olunub. Bu yaxınlarda "İstiqlal Muzey Mərkəzin"də Mədəniyyət Nazirliyinin "Biz evimizə qayıtmaq istəyirik" adlı işğal olunmuş rayon muzeylərinin eksponat sərgisinə də qoşulub.

Ağdam Tarix Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov
© Sputnik / Musa Muradli
Ağdam Tarix Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov

Söhbətimiz zamanı məlum olur ki, Qaradağlıdan Ağdam şəhərinə olan məsafə 11 km-dir. Cəbhə xəttinə yaxın isə Çıraqlı, Hacıməmmədli, Əfətli kəndləridir. Döyüş nöqtələrinə, barıt qoxuyan cəbhə xəttinə yaxın olmaq isə burda heç kimi qorxutmur.

Ağcabədi Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Azər Əliyev bildirir ki, Ağdam Tarix Diyarşünaslıq Muzeyi üçün Quzanlıda yeni binanın inşası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət edilib: "Müraciət müsbət qarşılanıb. Muzey yeni binaya köçürüldükdən sonra isə Qaradağlı mədəniyyət evinin təmir olunması gözlənilir".

6159