Крепость в оккупированном Арменией городе Аскеран, фото из архива

Qarabağın azərbaycanlı icması erməni icması ilə konstruktiv dialoqun aparılmasına hazırdır

662
(Yenilənib 01:51 27.12.2018)
Azərbaycan torpaqlarının davam edən işğalı siyasəti Ermənistanı regionda həyata keçirilən layihələrdən kənarlaşdırıb

BAKI, 27 dekabr - Sputnik. “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev ölkəmizin işğal edilmiş torpaqlarında yaradılmış və özünü qanunsuz rejimin başçısının qondarma mətbuat katibi kimi təqdim edən David Babayanın son şərhi ilə bağlı açıqlama yayıb. Bu barədə AZƏRTAC-a İctimai Birlikdən məlumat verilib. Sədr deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların uzun illərdir davam etməsinə baxmayaraq, Azərbaycan tərəfindən müsbət ismarıclar göndərilsə də, əfsuslar olsun ki, buna erməni tərəfindən həmişə mənfi reaksiya bildirilib.

“Nəzərə alınmalıdır ki, münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyondan çox qaçqın və məcburi köçkün, o cümlədən 80 mindən artıq Dağlıq Qarabağ azərbaycanlısı öz doğma yurdlarından didərgin düşüb. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsi Azərbaycan ərazilərindən işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını və bu torpaqlardan zorla qovulmuş insanların öz evlərinə geri qayıtmasını tələb edir. Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni icması ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh şəraitində konstruktiv dialoqun aparılmasına və təmasların bərpa edilməsinə hazırıq. Münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün vaxt çoxdan yetişib. Bölgənin sülh və sabitliyi, gələcək dayanıqlı inkişaf yalnız bu yoldan keçir.

Azərbaycan torpaqlarının davam edən işğalı siyasəti Ermənistanı regionda həyata keçirilən layihələrdən kənarlaşdırıb və ilk növbədə, Dağlıq Qarabağdakı aqressiv separatçıların Ermənistanı və erməni əhalisini girov saxlaması üçün şərait yaradıb.

Dağlıq Qarabağın Azərbaycanlı icması inanır ki, bu əsarət uzun çəkməyəcək və hər iki icmanın yenidən birgə yaşayışı nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin sülh və təhlükəsizlik şəraitində davamlı inkişafı təmin olunacaq”, - deyə açıqlamada bildirilir.

662