BMT Təhlükəsizlik Şurasının, arxiv şəkli

Professor: “Qarabağ münaqişəsinin həlli üçün daha 30 il lazım ola bilər”

6393
(Yenilənib 18:02 19.12.2018)
Sergey Komarov: “BMT Təhlükəsizlik Şurası Ermənistana ərazilərin qaytarılması ilə bağlı təzyiq göstərə bilməz, çünki onun belə bir təzyiq mexanizmi yoxdur”

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 18 dekabr — Sputnik. “BMT Təhlükəsizlik Şurasının təzyiq mexanizmi yoxdur və o, Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmağa məcbur edə bilməz”. Bunu Sputnik Azərbaycan-a müsahibəsində hüquqşünas-alim, Regionlararası Dövlət və Hüquq Nəzəriyyəçiləri Assosiasiyasının prezidenti, Rusiya Hüquq Elmləri Akademiyasının üzvü, 17-19 dekabr tarixində Bakıda keçirilən Avrasiya hüquqşünaslarının II qurultayının iştirakçısı Sergey Komarov deyib.

Komarov Qarabağ münaqişəsinin tezliklə həll edilməyəcəyini qeyd edib.

"Mən birinci dəfə 1988-ci ildə, erməni-azərbaycanlı münaqişəsinin başlandığı vaxtlarda Azərbaycanda olmuşam və o hadisələrdə iştirak etmişəm. Münaqişənin razılaşma yolu ilə həllinə dair suala mən klassik nümunə ilə cavab verə bilərəm. Bu, İnquşetiya ilə Çeçenistanın ərazi iddialarının həlli variantıdır. Onlar sadəcə torpaqları bir-birinə güzəştə getdilər və problemi yerli ağsaqqallar şurasının köməyi ilə yerli səviyyədə həll etdilər" – deyə professor bildirib.

"Azərbaycan vəziyyətlə barışmayacaq, Ermənistan isə əvvəlki iddialarından əl çəkməyəcək. Münaqişənin həlli kompromislərdən keçir və bu, daha çox bizim rəhbərlərin müdrikliyindən asılıdır. Bunun üçün siyasi iradə lazımdır" – deyə Komarov əlavə edib.

Советский и российский учёный-юрист, профессор Сергей Комаров
© Sputnik / Murad Orujov
Hüquqşünas-alim, Regionlararası Dövlət və Hüquq Nəzəriyyəçiləri Assosiasiyasının prezidenti, Rusiya Hüquq Elmləri Akademiyasının üzvü Sergey Komarov

Komarov Qarabağ münaqişəsinin yaxın vaxtlarda həll olunacağını düşünmür: "Artıq 30 il keçib və ola bilsin bir o qədər də vaxt lazım gələcək. BMT Təhlükəsizlik Şurası Ermənistana ərazilərin qaytarılması ilə bağlı təzyiq göstərə bilməz, çünki onun belə bir təzyiq mexanizmi yoxdur. Amma qərar vermə mexanizmi var. BMT TŞ sabitliyə, kompromis axtarmağa kömək edən orqandır. Əgər siyasi iradə olsa, həmişə danışaraq problemi yoluna qoymaq mümkündür".

Professorun fikrincə, məsələ BMT Təhlükəsizlik Şurasının qərarlarında deyil, onun həyata keçirilməsindədir. Yəni icraetmə problemi çox ciddidir və bu vəziyyətdə gücdən istifadə etmək heç cür qəbul oluna bilməz. Bu qərarlar hüququn ruhuna uyğun olaraq beynəlxalq prinsiplər əsasında, razılaşma yolu ilə həll edilməlidir. Burada hansısa məqamlarda milli prinsipləri güzəştə getmək lazımdır.

Qeyd edək ki, Bakıda keçirilən Avrasiya hüquqşünaslarının II qurultayında dünyanın 26 ölkəsindən 350 hüquq mütəxəssisi iştirak edib. Onların müzakirə etdiyi mövzulardan biri də BMT TŞ-nin fəaliyyətinin effektivsizliyi olub. Hüquqşünaslar bildiriblər ki, BMT TŞ üzvü olmayan ölkələr dünyanın taleyinin beş ölkə tərəfindən həll olunmasından narahatdırlar.

Bu məsələlərə toxunan Komarov bildirib ki, gənc dövlətlərin arzuları tamamilə təbiidir.

"BMT-nin Təhlükəsizlik Şurası dünyada sülhü və əməkdaşlığı tənzimləyən effektiv orqan kimi yaradılıb. Təəssüf ki, indi onun bu rolu şübhə doğurur. Bundan əlavə, BMT Təhlükəsizlik Şurası bir struktur olaraq mövcud bipolyar dünyaya uyğun gəlir - bir tərəfdə ABŞ və onun müttəfiqləri, digər tərəfdə Rusiya və onun müttəfiqləri. Bu yüzilliyin başlanğıcında baş verən hadisələr beynəlxalq münasibətlərdə qüvvələr balansının pozulmasına gətirib çıxarıb" - deyə hüquqşünas bildirib.

Komarovun sözlərinə görə, təbii olaraq nəinki təkcə Rusiya, eləcə də Azərbaycan kimi gənc dövlətlər beynəlxalq münasibətlər sistemində öz müstəqil yerlərini tutmaq istəyirlər və güclü diktaturalar deyil, ədalətli münasibətlər sistemi yaratmağa çalışırlar ki, bu da tamamilə normaldır.

Professor əlavə edib ki, hüquqşünasların Bakı forumu spesifikdir və BMT TŞ-nin üzvü olan beş ölkənin, eləcə də onların müttəfiqlərinin fikirləri ilə tanış olmağa imkan verib. Komarovun fikrincə, BMT TŞ bir çox dövlətlərin boğazına keçmiş sümük kimidir. Lakin nəzərə almaq lazımdır ki, o, 1945-ci ildə ölkələr arasındakı münasibətlərin sabitləşdirilməsi cəhdi kimi yaradılıb. BMT TŞ-nin daimi üzvü olan beş ölkəyə gəlincə, onlar faşizm üzərində qələbə çalmaqla bunu haqq ediblər.

6393
Əlaqədar
BMT Təhlükəsizlik Şurası təcili toplanıb: Artıq üfüqdə sülh görünmür
BMT-nin Təhlükəsizlik Şurasında İran müzakirə olunub - Ballistik raketə görə
Politoloq: “BMT-də islahatlar aparılmalıdır”
BMT-nin Şurasında Azərbaycanın məruzəsi yekdilliklə qəbul edilib
BMT-nin baş katibi Qarabağ danışıqlarını alqışladı