İlham Həmidov

Erməni əsirliyindən qurtulan hərbçi: "İlk 10 gün ağlasığmaz işgəncələr verirlər"

27532
(Yenilənib 16:08 15.12.2018)
"Əvvəl ayaqlarımı sındırdılar ki, onların qarşısında diz çöküm, ancaq nail ola bilmədilər, sonra qollarımı, 7 qabırğamı, körpücük sümüklərimi qırdılar"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 19 dekabr — Sputnik. 100 minlərlə soydaşımızı ev-eşiksiz, minlərlə ailəni başsız, 10 minlərlə insanı isə xəstəxana çarpayılarına, əlil arabalarına məhkum edən müharibənin artıq 30-cu ili geridə qalır. Hələ də qeyri-müəyyən formada davam edən bu müharibənin ağrı-acısı hər birimizin həyatında hiss olunsa da, elə insanlar var ki, müharibənin özü, dəhşətləri və nəticəsi onların simasında daha aydın görünür.

Onların gördükləri bütün göstərilənlərdən, yaşadıqları bütün yazılanlardan daha dəhşətli və təsvir edilməzdir. Sputnik Azərbaycan bu gün sizləri belə insanlardan biri ilə tanış edəcək.

İlham Həmidov 1971-ci ildə Mingəçevir şəhərində anadan olub. Orta təhsilini doğulduğu şəhərdə aldıqdan sonra hərbi xidmətə yollanıb. Rusiyanın ən böyük adası olan Saxalində hərbi dəniz qüvvələrində xidmət çəkən İlham, 3 illik qulluğun ardından gələcək həyatını da ora ilə bağlamaq qərarına gəlib və gəmidə işə düzəlib. Lakin başladığı işin elə ilk günlərində qərarını anidən dəyişib.

İlham Həmidov
© Sputnik / Ilham Mustafa
İlham Həmidov

Televiziyada Şuşanın ermənilər tərəfindən işğalını görən İlham, elə səhəri gün Azərbaycana yola düşüb. Evə gəlməmişdən əvvəl hərbi komissarlığa gedərək, yeni formalaşan milli ordu sıralarına yazılıb. Bir həftəlik təlimdən sonra birbaşa ön cəbhəyə - Qarabağa göndərilib. O, keçdiyi döyüş yolu, düşdüyü əsirlik və orada yaşadığı dəhşətlər barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb.

İlham Həmidovun ilk döyüşü Ağdamın Qalayçılar kəndi istiqamətində keçirilən Qazançı əməliyyatı olub. Bundan sonra Ağdərə, Ağdam, Xocalı istiqamətlərində onlarla əməliyyatda iştirak edib. Uşaqlığından idmanla məşğul olması, çevikliyi sayəsində orduda kəşfiyyat-təxribat bölüyünün üzvü olaraq kəşfiyyat məlumatlarının toplanması, düşmənin canlı qüvvəsinin məhv edilməsi, hərbi texnikasının sıradan çıxarılması tapşırıqlarını uğurla yerinə yetirib.

O, əsir düşdüyü günü isə belə xatırlayır: "Heç vaxt yadımdan çıxmaz, ad günüm idi. Əməliyyata getdik, qayıdanda qar möhkəm yağmışdı deyə, bölüyə düşə bilmədik. Üç gün postda qalandan sonra noyabrın 10-da rəhmətlik komandirimiz "Kobra Elsevər" gəlib bizi düşürdü. Mənə gözaydınlığı verdi ki, "İlham, ad günündə gedə bilmədin, hazırlaş, evə gedirsən"".

"Yenicə düşüb yemək yeyirdik ki, döyüş başladı. Rabitəylə bizə əməliyyat tapşırığı verildi. Komandir razı olmasa da, dirəşdim ki, əməliyyata mən də gedirəm. Elə adət etmişdik ki, sanki gedib dükandan bir siqaret, bir şüşə su alıb qayıdırıq. İki saatlıq əməliyyata çıxıb, qayıdandan sonra evə gedəcəyimi fikirləşirdim. Elə oldu ki, yanımda mərmi partladı, kontuziyaya düşdüm. Ayılanda əsir götürüldüyümü gördüm" - Həmidov danışır.

Həmsöhbətimiz danışdıqca o günlərin ağırlığını, sanki bir daha yaşayır: "Əgər desələr ki, ya əsirliyinin ilk 10 gününü yaşayacaqsan, ya 10 il həbs yatacaqsan, inanın ki, mən 10 il həbsi seçərdim".

İlham əsirlik həyatının dəhşətlərini də anladır: "İlk 10 gündə ağlagəlməz işgəncələr oldu. Əvvəl ayaqlarımı sındırdılar ki, mən onların qarşısında diz çöküm, ancaq nail ola bilmədilər. Qollarımı, 7 qabırğamı, körpücük sümüklərimi qırdılar. Bir il 8 ay zirzəmidə, dar, ayaqlarım tam uzada bilmədiyim yerdə saxlandım. Ondan sonra Şuşa türməsinə aparıldım. Əsir düşəndə 97-98 kilo idim, həmin vaxt 46 kilo qalmışdım. Yıxılırdım, ayaq üstə dura bilmirdim".

İlham Həmidov
© Sputnik / Ilham Mustafa
İlham Həmidov

Keçmiş əsir insanın nə qədər dözümlü ola biləcəyini əsirlik müddətində görüb. Olmazın əzab-əziyyətə, işgəncələrə məruz qalıb: "Əsirlik həyatıyla bağlı çox kitablar oxumuşam, çox filmlər izləmişəm. Lakin onların heç biri mənim gördüyüm dəhşətləri əks etdirmək iqtidarında deyil. Artıq həyatdan əlimizi üzmüşdük. Ümidimiz yox idi qayıtmağa. Allahin bir qismətiydi ki, biz ölməyib sağ qaldıq".

Əsirlik müddətində şahidi olduqlarından danışan müsahibimiz bildirir ki, Qarabağ erməniləri müharibəyə çox peşman idilər, Ermənistan ermənilərini sevmirdilər: "Qarabağ erməniləri Azərbaycanla bir olanda daha yaxşı yaşadıqlarını, hazırda isə acından öldüklərini deyirdilər. Ümumiyyətlə, onlar döyüşmək istəmirdilər, Qarabağda Fransadan, Suriyadan gəlmiş ermənilər "at oynadırdı". Hətta adım da Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsirlər siyahısına Qarabağ ermənisi tərəfindən salındı".

"Həbsxanaya köçürüləndən sonra bizi ağır işlərdə işlədirdilər. Bir dəfə işlədiyim yerdə arxadan bir erməni yaxınlaşdı və azərbaycanca arxaya çevrilməməyimi, hiss etdirmədən adımı, soyadımı ona söyləməyimi istədi. Bundan sonra mənim də adım itkinlər siyahısından əsirlər siyahısına düşdü" - deyən keçmiş əsir əks halda, heç vaxt vətən üzü görməyəcəyini də etiraf edib.

O, qeyd edib ki, bu sözlərlə erməniləri tərifləmək niyyətində deyil: "Mən Qarabağ ermənilərini tərifləmirəm, onlardan çox zülm görmüşəm. Bu gün iflicəm, ağır kəllə-beyin travması ilə xəstəxanadayam, ağır vəziyyətdə osteparozam. "Korset" olmadan dayana bilmirəm, protez olmasa, ayaq üstə dura bilmirəm, qırılır sümüklərim, qabırğalarım. Əsir düşdüyüm gündən bəri 153 dəfə sümüklərim sınıb. Budur mənim vəziyyətim. Budur onların mənə etdikləri".

İlham hər il 7-8 ay xəstəxanada yatmaq məcburiyyətindədir: "Bura artıq mənim evimdir. Evimdən çox burda oluram, bu həkimlərin hesabına həyatda qalıram. Mingəçevir şəhər xəstəxanasında, İcbari Tibbi Sığorta hesabına yaşayıram. Həyatda qalmağım üçün bu qurumlar əlindən gələni əsirgəmir".

İ.Həmidov 1996-cı ilin mayında Azərbaycan prezidenti Heydər Əliyevin Ermənistan prezidenti ilə əsir və girovların dəyişdiriliməsi məsələsində razılığa gəldiyindən sonra əsirlikdən azad olunub: "Xəbəri radioda eşidəndə şok yaşadıq, azadlıq ümidlərimiz yarandı. Azərbaycana göndərmək üçün bizi Yerevana gətirib, son dəfə möhkəm döydülər. Ondan sonra aeroporta gətirdilər. Burada qurulmuş ssenari əsasında müsahibə verməliydik. Mənə düşən suallardan biri o idi ki, Qarabağda döyüşməyimə peşmanammı və bir daha müharibə başlarsa, yenidən döyüşlərə qatılacağammı. Cavabları da yazıb vermişdilər, mən orda, "bəli, peşmanam və bir daha iştirak etməyəcəyəm" cavabını verməliydim".

"Müxbir mikrofonu uzadaraq birinci sualı verdi. Mən, "bəli, peşmanam ki, əlimə avtomat alaraq gəlib Qarabağda vuruşmuşam" - dedim. Ardınca, "bir daha müharibə başlarsa, döyüşlərdə iştirak edəcəksən?" sualını verdi. Ermənilər arxadan əllərilə, başlarıyla "yox" göstərsələr də, "Əgər Qarabağda yenidən müharibə başlarsa, əlimə iriçaplı pulemyot götürüb birbaşa ön cəbhədə vuruşacağam"-deyərək trapa qalxdım. Bu cavabla mən hər şeyi gözləyirdi, ancaq Rusiyanın xarici işlər naziri Primakovun təyyarəsi orda idi deyə, cürət edib mənə heç bir şey etmədilər" – deyə müsahibim danışır.

İlham Həmidov onun missiyasının bitmədiyini, döyüşlər başlayarsa, yenidən Qarabağa getməyə hazır olduğunu da vurğulayır: "Heç kim məni Qarabağa məcburi aparmayıb. Heç kim mənə söz verməyib ki, müharibəyə getsəm, mənə ev, maşın veriləcək, pensiya kəsiləcək. Vətəndaşlıq borcum olaraq müharibədə iştirak etmişəm və müharibə başlayarsa, əlil arabasında olsa belə, gedib öz borcumu yerinə yetirəcəm. Qarabağın düşmən tapdağı altda qalmasını, ən azı, qeyrətimizə sığışdırmamalıyıq".

27532
Teqlər:
Sputnik Azərbaycan, müharibə, döyüş, Mingəçevir, işgəncə, erməni, əsir
Əlaqədar
Minlərlə türk əsgəri Azərbaycanın bu ərazisində əsir saxlanıldı
Azərbaycan 214 uşağı əsir və girovluqdan azad edib
Qazaxda diversiyanın qarşısı alındı, erməni kəşfiyyatçısı əsir götürüldü - FOTO
Min nəfərdən çox soydaşımız əsir və girovluqdan azad edilib
İŞİD əsir götürdüyü rus hərbçilərin dəhşətli videosunu yaydı
İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: "Bəyanata müdaxilə etmək cəhdləri var"

4
(Yenilənib 13:19 01.12.2020)
"Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib".

BAKI, 1 dekabr — Sputnik. "Danışıqlar prosesi ilə əlaqədar onu da bildirməliyəm, - istəyirəm Azərbaycan xalqı bu məlumatı məndən eşitsin, - təsadüfi deyil ki, işğalda olan rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim mövqeyimiz idi. Ancaq burada da mərhələli həll nəzərdə tutulurdu. Biz də bunun tərəfdarı idik".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

"Birinci mərhələdə 5 rayonun Azərbaycana qaytarılması, ikinci mərhələdə isə Laçın dəhlizi istisna olmaq şərti ilə Kəlbəcər və Laçın rayonunun Azərbaycana qaytarılması. Ermənistan tərəfi hər dəfə məsələ qaldırırdı ki, əgər bu 7 rayon Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda öz həllini tapmalıdır. O başqa məsələdir ki, Ermənistan, sadəcə olaraq, danışıqlarda iştirak edərək imitasiya ilə məşğul idi və heç bir rayonu bizə qaytarmaq fikrində deyildi. Ancaq istənilən halda onların mövqeyi belə idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalıdır, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır, səsvermə üçün tarix müəyyən edilməlidir. Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilməmişdi. Bax, bu idi danışıqlar masasında olan məsələlər. Mən deyə bilərəm, bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, - Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, - qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər.

Mən isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir", - deyə Prezident qeyd edib.

4
Teqlər:
Laçının azad olunması, Prezident İlham Əliyev, Üçtərəfli bəyanat
Rusiya sülhməramlıları Laçında, arxiv şəkli

Prezident Laçın dəhlizi ilə bağlı maraqlı təfərrüatları açıqlayıb

9
"Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır".

BAKI, 1 dekabr — Sputnik. Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilib. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində üçtərəfli Bəyanatla bağlı bəzi təfərrüatlardan danışarkən bildirib.

"Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir", - deyə dövlətimizin başçısı bildirib.

Prezident qeyd edib ki, 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu: "Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bunun nəticəsində Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. Orada minlərlə, bəzi məlumatlara görə, bəlkə də 10 minə yaxın insan yaşayırdı. Belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır".

9
Teqlər:
Prezident İlham Əliyev, xalqa müraciət, dəhliz, Laçının azad olunması