Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyevlə Nikol Paşinyan arasında mühüm müzakirə: Girovlar vətənə qaytarılmalıdır

12091
(Yenilənib 15:22 07.12.2018)
Hikmət Hacıyev: "Hamının hamıya" prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır"

BAKI, 7 dekabr — Sputnik. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı və tədbirin əhəmiyyəti barədə AZƏRTAC-a müsahibə verib. Sputnik Azərbaycan müsahibəni təqdim edir:

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev
© Sputnik / Murad Orujov
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev

- Dekabrın 6-da MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində qeyri-rəsmi Zirvə toplantısı keçirildi. Prezident İlham Əliyev Zirvə toplantısında iştirak etdi. Bu tədbirin əhəmiyyəti və müzakirə olunan məsələlər barədə nə deyərdiniz?

- Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə dekabrın 6-da Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirak etdi. Keçən il isə MDB dövlətlərinin qeyri-rəsmi Zirvə toplantısı Moskvada keçirilib. Bu qəbildən olan zirvə toplantılarında MDB çərçivəsində il ərzində görülən işlər barədə geniş fikir mübadiləsi aparılır və gələcək fəaliyyət istiqamətləri ətraflı müzakirə olunur. Bu dəfə də keçirilən qeyri-rəsmi Zirvə toplantısı əsnasında eyni məqsədlər güdülürdü. MDB dövlət başçılarının qeyri-rəsmi Sankt-Peterburq görüşü də işgüzar və səmimi şəraitdə keçdi, dövlət başçıları birlikdə nahar etdilər və sonra Mariinski Teatrında "Şelkunçik" balet tamaşasına baxdılar. Bir məqama da toxunmaq istərdim ki, tamaşa zamanı Prezident İlham Əliyev tədbirə ev sahibliyi edən Prezident Vladimir Putinin yanında sağda əyləşmişdi. Bu, dövlətimizin başçısına və onun şəxsiyyətinə xüsusi hörmətin və ehtiramın əlamətidir. Zirvə görüşündə Prezident İlham Əliyevin tədbirdə iştirak edən bütün dövlət başçıları ilə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında məzmunlu söhbəti və müzakirələri oldu.

- Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də müzakirələr aparıldımı?

- Bəli. Tədbir əsnasında Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də söhbəti oldu. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparıldı. Nəzərə almaq lazımdır ki, bu iki amil bir-biri ilə sıx şəkildə bağlıdır və biri-digərini tamamlayacaq şəkildə davam etdirilməlidir. Son dövrlərdə qoşunların təmas xətti və dövlət sərhədi boyunca nisbi sakitlik mövcuddur. Bu da münaqişənin həlli üzrə substantiv və intensiv danışıqların aparılması üçün yaxşı fon yaradır. Bu, əsla münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir. Qəti mövqeyimiz ondan ibarətdir ki, işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də dövlət başçıları səviyyəsində status-kvonun dəyişdirilməsinin vacibliyini dəfələrlə vurğulayıblar. Münaqişənin həlli üzrə danışıqlar nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır.

Eyni zamanda, söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olundu.

- Azərbaycanın bu məsələdə humanist xarakter daşıyan və "hamının hamıya" prinsipinə söykənən mövqeyinə Ermənistanın münasibəti necədir?

- Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, "hamının hamıya" prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır. Humanist xarakter daşıyan bu kimi addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri də bu mövqeyi dəstəkləyir və ona görə də Ermənistan tərəfi bunu nəzərə almalıdır.

Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi və Azərbaycana qaytarılması məsələsini dövlətimizin başçısı ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və digər tərəfmüqabilləri ilə görüşlərdə hər dəfə qaldırır. Xüsusilə qeyd etmək lazımdır ki, dövlətimizin başçısı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün böyük səylər göstərir və bu məsələni daim diqqətdə saxlayır.

- Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan iki ölkə arasında rabitənin yaradılması barədə danışır. Bu barədə nə deyərdiniz?

- Düşənbədə dövlətimizin başçısı ilə Ermənistan baş naziri arasında olan söhbət əsnasında razılıq əldə edilmişdi ki, zəruri hallarda əlaqə yaratmaq üçün imkanlar təmin edilsin. Bu əlaqələr müntəzəm xarakter daşımır, dövlət başçıları, xarici işlər və ya müdafiə nazirləri səviyyəsində olan təmaslar deyil, aşağı səviyyədə və lazım olan hallarda həyata keçirilir.

- Kütləvi informasiya vasitələrində verilən məlumata görə, Belarus Prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının növbəti baş katibinin Belarusdan olacağını bildirib. Ermənistan tərəfi isə bunu təkzib edərək fərqli fikir səsləndirib. Bu barədə nə demək olar?

- Sözügedən məsələ ilə bağlı biz də kütləvi informasiya vasitələrindən məlumat almışıq. Kuluarlarda gedən söhbətlər onu deməyə əsas verir ki, MDB ölkələrinin qeyri-rəsmi Zirvə görüşündən əvvəl Avrasiya İqtisadi İttifaqının Sammitində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi məsələsi müzakirə olunub. Çox dərinə getmək istəməzdim, amma bəzi mənbələrdən aldığımız məlumata görə KTMT-nin baş katibi məsələsi ilə bağlı iclasda gərgin vəziyyət yaranıb. Bizdə olan məlumata əsasən, tam əminliklə deyə bilərik ki, Ermənistan KTMT-nin baş katibi vəzifəsini itirib və Ermənistanın rəyi və fikri nəzərə alınmadan böyük ehtimalla yaxın gələcəkdə bu vəzifəyə Belarusun nümayəndəsi təyin olunacaq. Ermənistanın baş katib vəzifəsini özündə saxlamaqla bağlı bütün səyləri iflasa uğrayıb. Bu, ümumilikdə, Ermənistanın siyasəti və diplomatiyasının növbəti məğlubiyyətidir.

- Hadisələrin bu məcrada inkişafını Azərbaycanın növbəti qələbəsi kimi qəbul etmək olarmı?

- Bildiyiniz kimi, Azərbaycan KTMT-nin üzvü deyil və ölkəmiz təşkilat daxilində gedən proseslərə müdaxilə etmək fikrində deyil. Prezident İlham Əliyevin bu ilin noyabrında Belarusa səfərindən öncə bu ölkənin səfirini qəbul edərkən səsləndirdiyi fikirlərə istinad etmək istərdim. Dövlətimizin başçısı bildirmişdi: "Ermənistan Azərbaycan ərazilərini işğal edən ölkədir və əlbəttə ki, biz hərbi-siyasi təşkilat olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hansı ölkənin nümayəndəsinin rəhbərlik etməsinə biganə deyilik. Bu məsələlərin tərəfdaşlar və dostlar arasında müzakirəsi təbiidir". Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirmək üçün KTMT-nin arxasında gizlənməyə çalışır. Ermənistanın üzləşdiyi aprel məğlubiyyətinin təcrübəsi də bunu göstərdi.

Heç kimə sirr deyil ki, yeni baş katibin təyinatı məsələsini Prezident İlham Əliyev Ermənistan istisna olmaqla, KTMT-yə üzv olan bütün ölkələrin dövlət başçıları ilə bu və ya digər formada müzakirə edib. Sözsüz ki, işğalçı dövlət olaraq, Ermənistanın çoxsaylı xarakter daşıyan hər bir siyasi, diplomatik, iqtisadi və digər müstəvilərdə olan məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər. Çünki bu məğlubiyyətlərin şərtləndirilməsində Azərbaycanın rolu kifayət qədər böyükdür. Nəticə etibarilə, Ermənistanın tamhüquqlu üzv olduğu KTMT-də növbəti dəfə alçaldıcı məğlubiyyəti bu sıradan olan nümunələrdən biridir.

Prezident İlham Əliyev bəziləri kimi deklarativ deyil, dərin strateji düşüncə və praqmatik baxışlar əsasında yüksək məharətlə və müdrikliklə "strateji diplomatiya" adlandırılan siyasət yürütmək iqtidarında olan şəxsiyyətdir. Bu "strateji diplomatiya" Azərbaycanın qələbəsini təmin edir, milli maraqlarımızın qorunmasına, ölkəmizin beynəlxalq münasibətlərdə mövqeyinin və rolunun gücləndirilməsinə xidmət edir.

12091
Teqlər:
Nikol Paşinyan, Ermənistan, Rusiya, İlham Əliyev, prezident, Azərbaycan, Hikmət Hacıyev
Əlaqədar
İlham Əliyevlə Nikol Paşinyanın müzakirə etdiyi mövzular məlum oldu - RƏSMİ
MDB-nin icraçı katibi: "Əliyevlə Paşinyanın görüşü Qarabağda gərginliyi azaltdı"
Əliyev və Paşinyanın Düşənbə görüşü müsbət siqnaldır - Dövlət katibinin köməkçisi
Paşinyandan gözlənilməz bəyanat: "Əliyevlə bir sıra məsələlərdə razılığa gəldik"
Vaşinqtondan mühüm Qarabağ bəyanatı: Əliyev-Paşinyan görüşü bizi ilhamlandırdı
 Distant təhsil, arxiv şəkli

Nazirlik bu ərazilərdə simsiz rabitə şəbəkəsi qurur - Şagirdlərin problemi həll olunacaq

3
(Yenilənib 13:06 23.01.2021)
Hazırda Ağdamın Ayaq Qərvənd, Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Ağdam rayonun müharibədən əvvəl cəbhəyanı əraziləri sayılan qəsəbələrinə simsiz rabitə xətti çəkiləcək. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən cavabda bildirilir. Nazirlikdən verilən məlumata görə, 44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Hərbi əməliyyatlar zamanı düşmən tərəfindən Ağdam rayonuna atılmış mərmilər xətt təsərrüfatını zədələyib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rayonun Qaradağlı, Əfətli, Mirəşelli, Mahrızlı, Çəmənli, Xındırıstan, Rzalar, Təzəkənd, Bənövşələr kəndləri və Dördyol-1, Dördyol-2, Yeni qəsəbə, Baharlı qəsəbələrində təmir-bərpa işləri həyata keçirilib, xətt təsərrüfatının bərpası və xidmətlərin təminatı qısa müddət ərzində təmin edilib. Belə ki, şəbəkənin bərpası məqsədilə 10 kilometrə yaxın zədələnmiş müxtəlif tipli kabellər dəyişdirilib, 60 ədəd dirək yeniləri ilə əvəz olunub. Eyni zamanda abunəçi xətlərinin 13 km uzunluğunda hissəsi normalara cavab verən vəziyyətə gətirilib.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Ağdam rayonunun Ayaq Qərvənd qəsəbəsində yaşayan sakinlərə genişzolaqlı internet xidmətinin göstərilməsi üçün simsiz rabitə şəbəkəsi qurulub: "Hazırda Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür. Həmçinin rayon ərazisində telefon və yüksək sürətli internet xidmətinə olan tələbat nəzərə alınaraq müvafiq layihələr hazırlanır və mərhələli şəkildə icra edilir. Bütün müraciətlər qeydə alınır, sorğuda qeyd olunan və digər ərazilərin sakinlərinin telefon və internet xidmətləri ilə təminatı istiqamətində işlər davam etdirilir".

Xatırladaq ki, Ağdam Rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ağdam rayonu üzrə təxminən 56 faizə yaxın şagird onlayn təhsilə cəlb olunub: "Müharibədən sonra müəllimlərlə şagirdlər arasında artıq bir vasitə var. Amma müəyyən qisim şagird hələ də təhsildən, müəllim təmasından kənardadır. Bunlar Ağdam rayonu ərazisindəki Səfərli, Alıbəyli, Ayaqqərvənd qəsəbələrinin şagirdləridir. Burada yaşayan şagirdlərlə təmas qurmaq mümkün deyil. Çünki bu ərazilərdə telefon xətti yoxdur. Mobil internetdən istifadə etməyə isə maddi baxımdan imkanları çatmır. Amma biz həmin qəsəbələrdə yaşayan şagirdlərlə daima əlaqə qururuq. Məktəb direktorları və sinif rəhbərləri şagirdləri teledərslərə yönəldirlər ki, onlar teledərsləri izləsinlər. Bununla belə, biz nəzərdə tutmuşuq ki, məktəblər açıldıqdan sonra onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün həmin dərslər sıxlaşdırılmış formada keçirilsin. Bunun üçün də əlavə dərs və məşğələ cədvəlləri hazırlanır".

3
Bakıda XİN-nin binası, arxiv şəkli

XİN Qarabağa qanunsuz səfər edən şəxslərin siyahısını yenilədi

14
Azərbaycanın Ordusunun işğalda olan torpaqları azad etmək üçün keçirdiyi əks-hücum əməliyyatları dövründə və Vətən müharibəsindən sonrakı vaxtlarda Qarabağa qanunsuz səfərlər baş tutub.

BAKI, 23 yanvar — Sputnik. Xarici İşlər Nazirliyi Qarabağa qanunsuz səfər edən şəxslərin siyahısını yeniləyib.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, siyahıya ümumilikdə 1 040 nəfər daxildir. Siyahıya nəzər salsaq, görərik ki, 2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycanın Ordusunun işğalda olan torpaqları azad etmək üçün keçirdiyi əks-hücum əməliyyatları dövründə və Vətən müharibəsindən sonrakı vaxtlarda Qarabağa qanunsuz səfərlər baş tutub. Müharibə dövründə Qarabağa səfər edənlərin çoxu xarici ölkələrin jurnalistləridir. 2020-ci ilin noyabrında Ermənistanın kapitulyasiyaya imza atmasından sonra isə Qarabağa qanunsuz səfər edənlərin əksəriyyəti siyasətçilərdir.

Ümumilikdə 2020-ci ildə Qarabağa 40 qanunsuz səfər baş tutub. Qeyd edək ki, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qarabağa, o cümlədən Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərə bütün səfərlər rəsmi Bakının razılığı ilə həyata keçirilməlidir.

14
Vüqar Səfərli, arxiv şəkli

Vüqar Səfərli apelyasiya şikayəti verdi - Ev dustaqlığına çıxmaq üçün

0
(Yenilənib 13:14 23.01.2021)
Qeyd edək ki, Səfərli bir müddət əvvəl də barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Binəqədi rayon Məhkəməsi onun müraciətini təmin etməyib.

BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri olmuş Vüqar Səfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, şikayət araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Ramin Qaraqurbanlının icraatına verilib.

Məhkəmənin baxış iclası yanvarın 25-nə təyin olunub.

Qeyd edək ki, V. Səfərli bir müddət əvvəl barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Binəqədi rayon Məhkəməsi onun müraciətini təmin etməyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, aparılmış istintaqla müəyyən edilmişdir ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, "Portos" MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə "Portos" MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmiş, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında "Forma 2" aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.

Bundan başqa, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlamış, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.

Həmçinin, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi "Futbol+Qol" qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəmiş, eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib.

Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırmışdır.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

0