Zəngilan rayonu

İki ay şiddətli müqavimət göstərən rayon etnik təmizləməyə məruz qalıb

128
(Yenilənib 11:38 29.10.2018)
Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib

BAKI, 29 oktyabr — Sputnik. Azərbaycanın Zəngilan rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmət açıqlama yayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, açıqlamada xatırladılıb ki, 29 oktyabr 1993-cü ildə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən və ümumi ərazisi 730 kv. km olan Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

"Qeyd olunmalıdır ki, Cəbrayıl və digər həmsərhəd rayonlar işğal edildikdən sonra mühasirə halına düşmüş Zəngilan iki aydan artıq şücaətli müqavimət göstərib. Təcavüz nəticəsində 85 yaşayış məntəqəsindən ibarət Zəngilan rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb. İşğal nəticəsində çoxlu sayda yaşayış binaları, sənaye və kənd təsərrüfatı müəssisələri, təhsil, səhiyyə və mədəniyyət ocaqları, o cümlədən qədim daş abidələri olan tarix muzeyi və s. yandırılaraq məhv edilib. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Hal-hazırda 45 min nəfər rayon sakinləri Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində məskunlaşır" - deyə açıqlamada bildirilir.

Vurğulanır ki, digər işğal edilmiş ərazilərdə olduğu kimi, Zəngilan rayonunda da Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir: "Onların arasında Yuxarı və Orta Yeməzli kəndlərinin arasında e.ə. I minilliyə aid küp qəbirləri və Şərifan kəndindəki XIII-XIV əsrlərə aid Şəhri-Şərifan tarixi şəhərciyinin qalıqları kimi arxeoloji abidələr, Əmirxanlı kəndindəki XII əsrə aid Qız qalası abidəsi, Məmmədbəyli kəndindəki 1304-1305-ci illərə aid Yəhya ibn Məhəmməd əl-Həccin türbəsi, bir sıra Qafqaz alban kilsələri, çoxlu sayda məscidlər və sair qeyd oluna bilər".

XİN diqqətə çatdırır ki, Ermənistan Respublikası Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Zəngilan rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirir: "Xüsusilə həmin ərazilərdə Suriyadan olan erməni əsilli şəxslər daxil olmaqla, erməni əhalisinin qanunsuz yerləşdirilməsi həyata keçirilir. Zəngilan rayonu üzərindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistan ilə birləşdirilməsi üçün nəzərdə tutulan artıq üçüncü yolun çəkilməsi bu işğalçı dövlətinin Azərbaycan ərazilərini ilhaq etmək kimi çirkin niyyətlərini açıq şəkildə nümayiş etdirir".

"BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunun işğalı kəskin şəkildə pislənilib və Azərbaycanın cənub sərhədləri boyunca humanitar fəlakətin yaranması və çoxlu sayda mülki insanın didərgin düşməsinə münasibətində ciddi narahatlıq ifadə olunub. Qətnamədə "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) qətnamələrinin icrası məqsədilə təxirəsalınmaz addımlara dair uyğunlaşdırılmış vaxt cədvəli"nə müvafiq olaraq işğalçı qüvvələrin birtərəfli qaydada Zəngilan rayonundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb olunub. BMT Təhlükəsizlik Şurasının qətnamələrində birmənalı şəkildə işğalçı qoşunların çıxarılması tələb olunsa da, Ermənistan tərəfindən bu tələblərə hələ də əməl edilməyib" - mətbuat xidməti vurğulayıq.

"Lakin Ermənistan dərk etməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğal nəticəsində yaranmış status-kvonun dəyişdirilməsi münaqişənin siyasi həlli və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər. Azərbaycan münaqişənin tezliklə həlli istiqamətində beynəxalq səylərin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, həmçinin vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır" - deyə məlumatda qeyd olunur.

128
Teqlər:
Ermənistan, rayon, işğal, Zəngilan, Azərbaycan
Əlaqədar
İşğalçılıq siyasəti Ermənistanı nələrdən məhrum edir?
Xocavəndin işğalından 26 il keçir
XİN mövqeyini bildirdi: Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır
Ermənistan Silahlı Qüvvələrinin Zəngilanı işğal etməsindən 25 il ötür