BAKI, 2 oktyabr — Sputnik. Bu ilin sonuna qədər Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan yenidən görüşəcək. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bunu bu gün Yerevanda keçirilən mətbuat konfransında Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib.
"Böyük ehtimalla, ilin sonuna kimi XİN rəhbərlərinin görüşü baş tutacaq" — deyə Tiqran Balayan vurğulayıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan sonuncu dəfə sentyabrın 26-da Nyu-Yorkda görüşüb. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini müzakirə ediblər.
Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.
Görüşdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik də iştirak edib.
BAKI, 23 yanvar — Sputnik. Xarici İşlər Nazirliyi Qarabağa qanunsuz səfər edən şəxslərin siyahısını yeniləyib.
Sputnik Azərbaycan-ın məlumatına əsasən, siyahıya ümumilikdə 1 040 nəfər daxildir. Siyahıya nəzər salsaq, görərik ki, 2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycanın Ordusunun işğalda olan torpaqları azad etmək üçün keçirdiyi əks-hücum əməliyyatları dövründə və Vətən müharibəsindən sonrakı vaxtlarda Qarabağa qanunsuz səfərlər baş tutub. Müharibə dövründə Qarabağa səfər edənlərin çoxu xarici ölkələrin jurnalistləridir. 2020-ci ilin noyabrında Ermənistanın kapitulyasiyaya imza atmasından sonra isə Qarabağa qanunsuz səfər edənlərin əksəriyyəti siyasətçilərdir.
Ümumilikdə 2020-ci ildə Qarabağa 40 qanunsuz səfər baş tutub. Qeyd edək ki, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qarabağa, o cümlədən Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərə bütün səfərlər rəsmi Bakının razılığı ilə həyata keçirilməlidir.
BAKI, 22 yanvar — Sputnik. Azərbaycan Turizm Bürosu tərəfindən "WhereisKarabakh.com" ("Qarabağ harada yerləşir?") veb-saytı istifadəyə verilib.
Sputnik Azərbaycan xəbər verir ki, platformanın yaradılmasında məqsəd dünyaya Qarabağın coğrafi olaraq harada yerləşdiyini göstərmək, həmçinin Qarabağ regionunun tarixini, mədəniyyətini, eləcə də gəzməli-görməli yerlərini düzgün formada çatdırmaqdan ibarətdir.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit veb-saytla bağlı bunları qeyd edib: "Qarabağ regionunun əlverişli iqlimi və relyefi burada müxtəlif növ turizm məhsullarının inkişafına imkan yaradır. Bundan əvvəl isə bu möhtəşəm regionun zəngin tarixi, mədəni abidələri və təbiəti haqqında məlumatları bütün dünyaya çatdırmaq mühüm əhəmiyyət kəsb edir. "WhereisKarabakh.com" veb-saytının yaradılması da məhz bu missiyanı daşıyır".
İstifadəçilər sadə interfeysi olan veb-sayta daxil olduqdan sonra dünya xəritəsindən istənilən ölkəni seçərək buradan Qarabağa olan məsafəni görə, eləcə də "Qarabağ" toponiminin mənşəyi, regionun tarixi, abidələri, görkəmli şəxsləri, muğam və xalçaçılıq sənəti, Qarabağ atları və təbiəti haqqında məlumatlar əldə edə bilərlər.
Məlumatlandırma pəncərəsində veb-sayt ziyarətçilərinin daha ətraflı məlumatlar almaları üçün isə "Azerbaijan.travel" platformasının Qarabağla bağlı tərtib olunmuş səhifəsinə keçid etmək təklif olunur.