Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev

Hikmət Hacıyev Paşinyanlara cavab verdi: “Sülhdən danışmaq qeyri-səmimi yanaşmadır”

52
(Yenilənib 19:28 26.07.2018)
“Nəticə etibarilə, işğala əsaslanan status-kvo dəyişdirilməli və hərbi işğal faktı aradan qaldırılmalıdır”

BAKI, 26 iyul — Sputnik. "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsində ən maraqlı tərəf Azərbaycan Respublikası və Azərbaycan xalqıdır. Hərbi təcavüzə və işğala məruz qalan tərəf kimi bu müharibədən 25 ildən artıqdır ki ən çox əziyyət çəkən Azərbaycan xalqıdır".

Bunu Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Ermənistan baş naziri və onun həyat yoldaşının sülh barədə açıqlamalarını şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisi "Ermənistanın Baş naziri və onun həyat yoldaşı sülh təşəbbüsləri barədə danışır və münaqişənin sülh yolu ilə həll edilməli olduğunu bildirirlər. Bunu necə qiymətləndirirsiniz" sualına belə cavab verib: "Ermənistanın Baş naziri "Exo Moskvı" radiosuna verdiyi müsahibədə, onun xanımı isə Moskvada səsləndirdiyi təşəbbüsdə sülh istədiklərini bəyan edirlər. Əgər onlar həqiqətən sülh istəyirlərsə, onda Ermənistanın Azərbaycana qarşı davam edən müharibəsinə son qoymalı, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarını çıxarmalı və öz doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməlidirlər. Nəticə etibarilə, işğala əsaslanan status-kvo dəyişdirilməli və hərbi işğal faktı aradan qaldırılmalıdır. Fundamental məsələ budur. Azərbaycan dəfələrlə bəyan edib ki, bu halda regionda davamlı sülh və sabitlik bərqərar ola bilər. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların da məğzi və düsturu bundan ibarətdir.

Amma bir tərəfdən işğalı davam etdirmək, işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqı (anneksiya) siyasətini aparmaq, yüz minlərlə məcburi köçkünün öz doğma evlərinə qayıtmasına imkan verməmək, digər tərəfdən sülhdən danışmaq qeyri-səmimi yanaşmadır və yanlış və süni ictimai təbliğatdan başqa bir şey deyildir. Ümidvar olmaq istərdik ki, Ermənistanın yeni Baş naziri və onun həyat yoldaşının bu sülh niyyətləri qeyd etdiyimiz istiqamətlərdə sözdən əmələ doğru reallaşacaqdır".

52
Teqlər:
sülh, cavab, Ermənistan baş naziri Nikol Paşinyan, Hikmət Hacıyev
Baş Prokurorluq

Baş Prokurorluq əhaliyə müraciət etdi - səbirli olun

0
(Yenilənib 16:15 30.11.2020)
Prokurorluq işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir

BAKI, 30 noyabr — Sputnik. Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.

0
Teqlər:
Qarabag, Baş Prokurorluq, əhali, çağırış, təhlükə, mina, işğaldan azad edilmiş ərazilər

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

19
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

19