Əsgər atəşkəs

Cəbhədə gərgin gecə olub

49
(Yenilənib 13:17 25.06.2018)
Cəbhənin müxtəlif isitqamətlərindən atəş səsləri gəlib

BAKI, 23 iyun — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.

Sputnik Azərbaycan-a bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

49
Teqlər:
Ermənistan silahlı qüvvələri, Müdafiə Nazirliyi, atəşkəs
Azərbaycan Milli Məclisinin binası

Milli Məclis Fransa Senatına etiraz bəyanatı qəbul etdi: MÜDDƏALAR

87
Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Milli Məclis noyabrın 25-də Fransa Senatının Fransa hökumətini qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bəyanatı deputat Cavanşir Feyziyev təqdim edib.

Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı qəbul edilib.

Azərbaycan parlamentinin bəyanatında qətnamə pislənilir və qeyd edilir ki, bu sənəd beynəlxalq hüququn əsas norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Azərbaycan Milli Məclisi Azərbaycan Hökumətinə aşağıdakılar ilə bağlı çağırış edir.

- Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin.

- Azərbaycan ilə Fransa arasında mövcud siyasi münasibətlərə yenidən baxılsın.

- Azərbaycan ilə Fransa arasında mövcud iqtisadi əlaqələr dərindən təhlil edilərək müvafiq tədbirlər görülsün. 

Xatırladaq ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

87
Teqlər:
bəyanat, etiraz, qətnamə, Senat, Fransa, Milli Məclis
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Qırmızı Xaç komitəsinin maşınları, arxiv şəkli

Hərbi əsir Amin Musayevlə bağlı yenidən şayiələr yayılıb

42
(Yenilənib 12:57 26.11.2020)
Beynəlxalq Qırmızı Xaç Komitəsi və hərbi əsir Amin Musayevin qohumu onun Azərbaycana qaytarılması ilə bağlı məlumatı təsdiqləməyib

BAKI, 26 noyabr — Sputnik. Hərbi əsir Amin Musayev ailəsinə qaytarılmayıb. Sputnik Azərbaycan xəbər verir ki, hərbi xidmətçinin dayısı Sənan Sadıqov sosial şəbəkələrdə bu barədə yayılmış şayiələri təkzib edib.

Qeyd edək ki, bir qədər bundan əvvəl sosial şəbəkələrdə yayılan videoda zahirən 26 yaşlı Musayevə bənzəyən hərbi geyimli cavan oğlanın görüntüləri əks olunub. Videoda həmin oğlan, çox güman ki, yaxın qohumu olan orta yaşlı qadını uzun ayrılıqdan sonra qucaqlayır. Video yayılandan bir neçə saat sonra silinib.

Musayevlə bağlı söz-söhbət jurnalist Aleksandr Xarçenkonun yaydığı videolardan sonra geniş yayılıb. O, erməni hərbçilərinin Şuşa şəhəri yaxınlığındakı döyüşdən sonra iki yaralı Azərbaycan əsgərini necə tapdıqlarını videoya çəkib. Daha sonra yaralılar təcili yardım maşınında naməlum istiqamətə aparılıblar. Xarçenko bildirib ki, azərbaycanlı əsgərlərin gələcək taleyi barədə məlumat almağa çalışsa da, buna nail ola bilməyib.

Xatırladaq ki, Amin Musayev Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş üç hərbi qulluqçumuzdan (digərləri Rüstəm Ruslanov və Bayram Kərimovdur) biridir. Azərbaycanlılar dünyanın hər yerindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə onların tezliklə qaytarılması üçün qurumun fəaliyyətə keçməsi məqsədilə çağırış ediblər. Göstərilən bütün səylərə baxmayaraq Musayev və digər hərbi əsirlərlə bağlı dəqiq məlumat əldə etmək mümkün olmayıb.

“Videodakı şəxs mənim bacım oğlu deyil. Əlimdə böyüyən uşağı tanımayacam? Bu, o deyil”, – deyə Sadıqov qətiyyətlə bildirib.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən də hərbi əsirin qaytarılması ilə bağlı məlumatı təsdiqləməyiblər. Komitənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, sentyabrın 27-dən bu yana qurum yalnız bir mülki şəxsin Azərbaycan tərəfindən Ermənistana qaytarılmasına vasitəçilik edib. Hərbi əsirlərlə bağlı hər hansı bir əməliyyat isə aparılmayıb.

42
Teqlər:
video, Amin Musayev, şayiə, hərbi əsirlər, Qarabağ

İşinizi ehtiyatlı tutun, sabah hava korlanacaq

0
(Yenilənib 13:38 26.11.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, noyabrın 27-də Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

BAKI, 26 noyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Noyabrın 27-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, noyabrın 27-də Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

0
Teqlər:
rayonlar, Abşeron, Bakı, külək, yağış, hava proqnozu