QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan XİN sərt bəyanat yaydı

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
XİN Şuşanın işğalı ilə əlaqədar açıqlama yayıb

BAKI, 8 may — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar açıqlama yayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, açıqlama deyilir:

Şuşa, arxiv şəkli - Sputnik Azərbaycan
Şuşa dumanı

"Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən 1992-ci ilin mayın 8-də Azərbaycanın qədim Şuşa şəhəri işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.

Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycan Respublikasına qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir. Bu işğalçılıq siyasəti nəticəsində Ermənistan tərəfindən gücdən istifadə edilməklə Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonu işğal edilib, işğal edilmiş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və müharibə dövründə Ermənistan tərəfindən hərbi və insanlıq əleyhinə ağır cinayət əməlləri törədilib.

26 ildir işğal altında olan Şuşa şəhəri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər Azərbaycan xalqı üçün tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub.

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasəti çərçivəsində yalnız Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Yuxarı və Aşağı Gövhərağa, Saatlı məscidləri, Vaqifin Mavzoleyi, Natavanın evi və sair digər abidələr var.

BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın ərazilərinin işğal edilməsini qınayan və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edib. Təhlükəsizlik Şurası bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiq edib və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdirib.

Müvəqqəti işğal altında olan Dağlıq Qarabağ regionu həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq. Beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini birmənalı və qəti şəkildə dəstəkləyir və hörmət edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Şuşa şəhərinin azərbaycanlı sakinləri öz tarixi şəhərlərinə mütləq qayıdacaqlar və Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini təmin edəcək".

Xəbər lenti
0