Serj Sarqsyan

Sarqsyandan Qarabağla bağlı mühüm bəyanat: "Ümidlərə son qoymalıyıq"

7455
(Yenilənib 14:30 17.04.2018)
"Azərbaycanın Qarabağ məsələsini hərbi yolla həll etmək arzusundan vaz keçdiyinə ümid etmək olmaz"

BAKI, 17 aprel — Sputnik. Azərbaycanın Qarabağ məsələsini hərbi yolla həll etmək arzusundan vaz keçdiyinə ümid etmək olmaz. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti və baş nazirliyə namizəd Serj Sarqsyan bu gün parlamentin iclasında deyib.

O bildirib ki, 2016-cı ilin aprelində baş verən müharibə Azərbaycanın bu yoldan əl çəkmək niyyətində olmadığını göstərib: "Azərbaycan rəhbərliyinin problemi güc yolu ilə həll etmək istəmədiyi barədə ümidlərə son qoymalıyıq. Amma buna nə qədər müvəffəq olacaqlar, onu bizim təmas xəttindəki gücümüz göstərəcək".

Sarqsyan, həmçinin qeyd edib ki, Ermənistan qarşıdakı yaxın illərdə müasir silahların alınmasına və onların müstəqil istehsalına diqqət yetirməli, ən əsası isə əsgərlərin və zabitlərin əhval-ruhiyyəsini gücləndirməlidir.

Xatırladaq ki, bu gün Ermənistan parlamenti baş naziri — faktiki ölkə başçısını seçəcək. Hakim Respublika Partiyası və onun koalisiya ortağı olan "Daşnaksütyun" bu posta Serj Sarqsyanın namizədliyini irəli sürüb.

Ermənistan müxalifəti Sarqsyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq aprelin 13-dən vətəndaş itaətsizliyi aksiyasına başlayıb. Aksiya dünən Yerevanda küçə və meydanlarda, eləcə də metroda yolların bağlanması, hərəkətin iflic edilməsilə müşayiət olunub.

Bu gün isə etirazçılar parlament binasının ətrafına və şəhərin mərkəzi küçələrinə toplaşıblar. Gümrü şəhərində isə tələbələr və gənclər bu gün paytaxtdakı vətəndaş itaətsizliyi aksiyasına dəstək verməyə başlayıblar.

7455
Teqlər:
hərbi yol, Serj Sarqsyan, Ermənistan, parlament, Azərbaycan, baş nazir, həll, Qarabağ
Əlaqədar
Qarabağdakı hərbi hissədə silahlı insident baş verib, həlak olan var
Azərbaycan prezidentindən Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm bəyanat
Lavrov Qarabağ münaqişəsinin həllindən danışdı
Qarabağın komendantı Azərbaycan və Ermənistan rəhbərliyi ilə bağlı örtülü məqamları açdı