Пресс-конференция – Военный комендант Нагорного Карабаха - о событиях 30-летней давности

Qarabağın komendantı Azərbaycan Ermənistan rəhbərliyi ilə bağlı örtülü məqamları açdı

1031
(Yenilənib 14:11 04.04.2018)
"Qarabağın bəzi kəndlərində yaşayan azərbaycanlılar çox kasıb idilər. Hətta o qədər ağır həyat keçirirdilər ki, mən onları görəndən sonra gecəni yata bilmirdim"

BAKI, 4 aprel — Sputnik. Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) xüsusi vəziyyət rayonunun ilk komendantı, hazırda Rusiyada yaşayan general-mayor Vladislav Safonov bu gün Sputnik Azərbaycan-ın qonağı olub. Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində jurnalistlərlə görüşən məşhur general öncə özü haqqında məlumat verib.

O, “dəmir general” adlandırılmasına aydınlıq gətirib. Bildirib ki, öz işini düzgün və zamanında həyata keçirdiyi onu belə adlandırıblar. General Azərbaycan və Gürcüstanda işlədiyini, həmin ərazilərə cavabdeh olduğunu da vurğulayıb.

Rusiyalı general Qarabağ müharibəsi ilə də bağlı fikrini bildirib: “1990-cı ilin dekabrına kimi mən Ermənistanda idim. Orada ermənilər əməliyyatları gizli keçirirdilər. O vaxta kimi Stepanakert hər kəs üçün açıq idi. Hətta Bakıdan istənilən vətəndaş ora gələ bilirdi. 90-cı ildən sonra isə orada olmadığım üçün nələr baş verdiyini canlı görmədim”.

“Mənim general olduğum müddətdə 3 prezident dəyişib və bu zaman ərzində baş verənlərin şahidi olmuşam. Hansı səhvlərin və doğruların olduğunu bilmişəm. Amma bu haqda kiməsə nəsə deməyə səlahiyyətim çatmayıb. Hətta məni öldürmək də istəyiblər. Sadəcə mənim əvəzimə qonşum olan polkovniki öldürüblər. Doğrusu, düşünürəm ki, bunun özü də siyasi addım olub”, — deyə general əlavə edib.

“Niyə işdən çıxdınız?” sualını isə Vladislav Safonov belə cavablandırıb: “Məni dəstəkləyənlər çox idi. Sadəcə  getdim. Getməzdən öncə mən prezident Ayaz Mütəllibovla görüşdüm və baş verənlər haqqında, Ermənistanın müharibəyə hazırlıq gördüyü haqqında danışdım. Sadəcə gördüm ki, Azərbaycan müharibəyə hazırlaşmır. Bu vəziyyətdə vətənpərvərlik hissi ilə heç nə etmək olmazdı, peşəkarlıq lazım idi".

General deyib ki, o zamanlarda mətbuatın rolu da əhəmiyyətli idi: “Bəzi məlumatlar gizlədilməyə çalışsa da, jurnalistlər işıqlandırırdılar. Əgər hücüm olmasa, uğur qazanmaq çətin olacaq. Hər sahədə uğur qazanmağın bir yolu var. Sadəcə birinci addım atmaq lazımdır".

Görüşdə azərbaycanlı general Kamil Məmmədov da iştirak edib. O, öncə jurnalistlərə təşəkkür edib. Daha sonra Qarabağ hadisələri haqqında danışıb: “O zaman polisdə işləyirdim. Həmişə ermənilərlə sülh içində yaşamışıq. Hər kəs öz dini ilə Allaha inanırdı, amma bir yerdə rahat yaşayıb, bir-birimizə hörmət edirdik”.

“Qarabağda yaşayan ermənilər deyirlər ki, orda yaşayış  səviyyəsi aşağı idi və ona görə də Qarabağın müstəqil olmasını istəyirdilər. Amma belə deyildi. Əksinə, orada yaşam səviyyəsi çox yerlərdən daha yaxşı idi.  Bu, sadəcə bəhanə idi", — deyə K.Məmmədov əlavə edib.

Sonra general V.Safonov söz alıb: “Qarabağın bəzi kəndlərində yaşayan azərbaycanlılar çox kasıb idilər. Hətta o qədər ağır həyat keçirirdilər ki, mən onları görəndən sonra gecəni yata bilmirdim. Bu haqda o zaman prezident olan Mütəllibova dəfələrlə məlumat vermişəm. Amma ermənilərin yaşam səviyyəsi kifayət qədər yaxşı idi".

General Kamil Məmmədov o zaman əsirlərdən birinin üzərindən xəritə aşkar etdiyini də bildirib: “Xəritədə nəinki Qarabağ, hətta Bakının işğal edilməsi də nəzərdə tutulduğu aşkar görünür. Dənizdən-dənizə Ermənistan yaratmaq istəyiblər. Onlar elə düşünürlər ki, bütün dünya onlarındır. Yer kürəsində Ermənistandan başqa dövlət yoxdur”.

1031
Teqlər:
general Kamil Məmmədov, general-mayor Vladislav Safonov, Ayaz Mütəllibov, Dağlıq Qarabağ
Əlaqədar
Rusiyalı general: "Ayaz Mütəllibova məlumat verdim ki, Ermənistan müharibəyə hazırlaşır"
Məşhur rusiyalı general Bakıda: Mövzu Dağlıq Qarabağdır