Azərbaycan XİN

Azərbaycan XİN-dən bəyanat: Strateji əhəmiyyətli ərazilərimiz işğaldan azad edildi

1620
(Yenilənib 14:31 02.04.2018)
Xarici İşlər Nazirliyi: İşğala əsaslanan mövcud status-kvo vəziyyətinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür

BAKI, 2 aprel — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın Kəlbəcər rayonunun işğalı və aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb. Sputnik Azərbaycan xəbər verir ki, bəyanatda deyilir:

"Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin, təcavüz və işğal siyasətinin tərkib hissəsi olaraq 1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi xaricində yerləşən Kəlbəcər rayonunun işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib və hücumda ağır artilleriya, Mi-24 helikopterləri və hərbi təyyarələrdən istifadə edilib.

İşğal nəticəsində 60.000-nə yaxın Kəlbəcər sakini etnik təmizləməyə məruz qalaraq öz dogma torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. Hal-hazırda sayı 70.000-ni ötən Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşayır.

Kəlbəcər sakinlərinin şəxsi mülkiyyəti talan və məhv edilib. Həmçinin, rayon mərkəzi, 150-yə yaxın kənd, onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası, 110-dan artıq kitabxana, 100-ə qədər məktəb, 9 uşaq bağçası və xəstəxanalar Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və talan edilib. Kəlbəcərin zəngin maddi-mədəni irsinə ciddi zərər yetirilib. Unikal qədim sikkələr kolleksiyası olan Kəlbəcər tarix muzeyi, qədim qəbristanlıq, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində alban məbədi və digər alban kilsələri, Lök qalası, Uluxan qalası, Qalaboynu qalası, Kəlbəcər şəhərində və kəndlərdə olan məscidlər, Tağlıdaş körpüsü, Aşıq Şəmşir adına mədəniyyət evi Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən darmadağın edilib.

Kəlbəcər rayonu ərazisində yerləşən və Azərbaycanın qədim alban xristian irsinə aid olan və erməni kilsəsi ilə heç bir əlaqəsi olmayan Gəncəsar və Xudavəng monastrlarının original arxitektur xüsusiyyətləri dəyişdirilərək erməniləşdirilir. Kəlbəcərin təbii resursları və faydalı qazıntıları vəhşicəsinə istismar olunur. Lixtenşteyndə qeydiyyatda olan və Ermənistanın Vallex Qrupunun tərkibinə daxil olan Base Metals şirkəti 2002-ci ildən etibarən Kəlbəcərin Heyvalı kəndi yaxınlığında Qızılbulaq mis-qızıl yatağını qanunsuz olaraq istismar edir. Vəhşicəsinə istismar nəticəsində yatağın resursları tükənib.

2007-ci ildən etibarən GeoProMining şirkətinə daxil olan GPM Gold şirkəti Kəlbəcər ərazisində Soyudlu qızıl yatağını istismar edir. Peyk vasitəsilə çəkilmiş şəkillər yataqda işlərin genişləndirildiyindən xəbər verir. Kəlbəcər ərazisindən keçən Vardenis-Ağdərə yolunun çəkilişi Kəlbəcər rayonu daxil olmaqla, işğal olunmuş ərazilərdən təbii sərvətlərin Ermənistana və beynəlxalq bazarlara daşınmasına xidmət edir.

Kəlbəcərin təbii mineral resurslarının istismarı nəticəsində ətraf mühitə ciddi zərər yetirilib. Hüquqi ekspertiza aparmadan (due dilligence) Azərbaycanın işğal olunmuş Kəlbəcər və digər rayonlarından çıxarılan faydalı qazıntıların, o cümlədən qızılın bəzi qərb ölkələri tərəfindən idxalı ciddi narahatlıq doğuran haldır. Beynəlxalq humanitar hüququ pozaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində məskunlaşdırma aparılır və demoqrafik tərkib dəyişdirilir.

BMT Təhlükəsizlik Şurasının sədrinin 6 aprel 1993-cü il tarixli bəyanatının ardınca BMT TŞ Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul etdi. Qətnamədə BMT TŞ ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbul edilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb etdi. 822 saylı qətnamənin qəbulundan sonra 9 ölkədən ibarət olan ATƏT-in Minsk Qrupu Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün "təcili tədbirlər haqqında vaxt cədvəli" hazırladı. BMT TŞ-nın qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan nəinki öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxardı, əksinə Ağdam, Cəbrayıl, Qubadlı, Fizulu və Zəngilanı işğal etdi. 27 iyul 1993-cü ildə BMT TŞ-nın sədrinə hesabatında ATƏT-in Minsk Konfransının prezidenti Mario Raffaelli vurlayıb: Ermənistan BMT TŞ-nın tələblərinə məhəl qoymur, hücum edərək Azərbaycanın yeni rayonlarını işğal edib və danışıqlar prosesini və münaqişənin həllini pozur.

BMT TŞ tərəfindən 1993-cü ildə 822 saylı qətnamə ilə bərabər 853, 874 və 884 saylı qətnamələr də qəbul edilsə də, onların da Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə tələbləri Ermənistan tərəfindən yerinə yetirilmir.

2 aprel 2016-cı ildə qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca sıx yaşayan mülki əhalini ağır silahlardan atəşə tutması bir daha göstərdi ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir. Ermənistanın hücumlarına cavab olaraq, Azərbaycan silahlı qüvvələrinin əks-həmlə tədbirləri nəticəsində mülki Azərbaycan əhalisinin təhlükəsizliyi təmin edildi və strateji əhəmiyyət daşıyan Azərbaycan əraziləri işğaldan azad edildi.

Ermənistan başa düşməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı müvəqqəti xarakter daşıyır. Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir.

Ermənistan tərəfi əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, beynəlxalq öhdəliklərinə əməl etməli və münaqişənin nizamlanması prosesinə konstruktiv şəkildə iştirak etməlidir. İşğala əsaslanan mövcud status-kvo vəziyyətinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür".

1620
Teqlər:
BMT TŞ, aprel döyüşləri, Kəlbəcər, Xarici İşlər Nazirliyi, Dağlıq Qarabağ, Hikmət Hacıyev, XİN, Ermənistan, Azərbaycan, təcavüz, işğal
Əlaqədar
Müdafiə Nazirliyi aprel döyüşlərinin nəticələrini açıqladı: 320 ölü, 500-dən çox yaralı
Nazir aprel döyüşlərindəki uğurun səbəbini açıqladı
Aprel döyüşləri barədə yalan məlumat yayan Rusiya telekanalı bağlandı
Müdafiə Nazirliyi aprel döyüşləri barədə yazılanlara cavab verdi
"Aprel döyüşləri Azərbaycanın heç vaxt işğalla barışmayacağını göstərdi"
Aprel döyüşləri vaxtı vurulan ziyanla bağlı məhkəməyə 700 ərizə göndərilib
Qırmızı Xaç Komitəsinin avtomobilləri, arxiv şəkli

Azərbaycanla Ermənistan əsirlərin dəyişdirilməsi barədə razılığa gəlirlər

55
(Yenilənib 20:16 04.12.2020)
Dekabrın 2-si Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşü zamanı bildirib ki, Ermənistan əsirlərin qaytarılması prosesində "hamının hamıya" prinsipini tətbiq etməyi təklif edib.

BAKI, 4 dekabr — Sputnik. Ermənistan və Azərbaycan əsir və itkin düşmüş hərbçilərin və mülki şəxslərin siyahılarını mübadilə edib. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın aparatı məlumat yayıb.

Qeyd olunur ki, münaqişə tərəfləri şəxslərin qarşılıqlı qaytarılması məqsədilə vətəndaşların adları olan siyahıları Beynəlxalq Qırmızı Xaç Komitəsinə veriblər.

Xatırladaq ki, dekabrın 2-si Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşü zamanı bildirib ki, Ermənistan əsirlərin qaytarılması prosesində "hamının hamıya" prinsipini tətbiq etməyi təklif edib.

"Bundan əlavə, heç bir ilkin şərt olmadan yeni əsrlərin geri qaytarılması mexanizmi də təklif olunur", - deyə Avinyan qeyd edib.

O, həmçinin Qarabağda hərbi əməliyyatların dayandırılması və atəşkəs rejiminin bərqərar olmasına görə Rusiya tərəfinə təşəkkür edib.

Görüş zamanı tərəflər girovların qaytarılması, itkin düşənlərin axtarışı və ölənlərin cəsədlərinin axtarışı ilə bağlı məsələləri də müzakirə ediblər.

55
Ceyhun Bayramov, arxiv şəkli

Bayramov Rinkeviç Qarabağı müzakirə etdilər

14
Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərdən bəhs edib və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

BAKI, 4 dekabr — Sputnik. Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviç ilə telefon danışığı olub.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər bölgədə mövcud olan son vəziyyət, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərdən bəhs edib və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Eyni zamanda telefon danışığı zamanı Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramında iştirakla bağlı məsələlər nəzərdən keçirilib.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

14
Teqlər:
XİN, Qarabağ
Sputnik Beynəlxalq İnformasiya Agentliyinin loqosu, arxiv şəkli

"Bu, "Sputnik Latviya"ya qarşı ilk qərəz deyil" - Azərbaycanlı media eksperti

0
(Yenilənib 22:03 04.12.2020)
"Azadlıq radiosunun yayımının bloklanması pislənir, amma "Russia Today"-in yayımına məhdudiyyətə heç bir reaksiya verilmir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Latviya Dövlət Təhlükəsizlik xidməti dekabrın 3-də Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına, eləcə də "Baltnews" portalının jurnalistlərinə və digər rusdilli media nümayəndələrinə Latviya Cinayət Məcəlləsinin 84-cü maddəsi ilə – Avropa Şurasının sanksiya rejimini pozma – ittiham irəli sürüb. Jurnalistlər saxlanılıb, dindirilib, axtarışa məruz qalıb və onlar haqqında cinayət işi qaldırılıb. Sputnik Azərbaycan ölkənin tanınmış media ekspertlərinin bu məsələyə münasibət bildirib.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu hadisələr  jurnalistika prinsipi baxımından həqiqətən də yolverilməzdir: "Bu "Sputnik Latviya"ya qarşı olan ilk hadisə deyil. Çox uzun müddət dünyada belə kampaniyalar aparılırdı ki, Azadlıq radiosunun və digər beynəlxalq KİV-lərin fəaliyyəti bloklanır. Amma məsələ ondadır ki, Avropa ölkələrində, hətta ABŞ-ın özündə bu prinsiplər çox pozulur. Bunlardan qabaq, "Russia Today"-in yayımı bloklanmadı. Pribaltika ölkələrində onların yayımına məhdudiyyət qoyulub. Hələ o vaxt bu məsələ qalxanda bildirilirdi ki, Azadlıq radiosunun yayımının bloklanması pislənir, amma "Russia Today" yayımına məhdudiyyətə heç bir reaksiya verilmir. Çox təəssüf ki, söz azadlığı prinsipləri çox vaxt elə onu yaradan ölkələr tərəfindən pozulur. Müasir mediada baş verən ifadə azadlığı pozuntularının çoxu elə qərb dövlətlərinin özündən gəlir. O cümlədən, Avropa və ATƏT məkanından. Əvvəllər biz danışırdıq ki, bu ikili standartlar əsasən Azərbaycana qarşıdır. Amma son dövrlər görürük ki, bunların özlərinin ifadə azadlığına qarşı münasibətlərində çox ciddi dəyişikliklər var. Məsələn, elə bir neçə gün öncə Fransada baş verən toqquşmalarda media azadlığını götürək. Qlobal təhlükəsizlik haqqında qəbul olunan qanunun bir nömrəli hədəfi medianın azadlığının məhdudlaşdırılmasıdır. Beynəlxalq təşkilatlar tərəfindən belə bir ifadə işlədildi ki, artıq ATƏT-in, Avropa Şurasının ən aparıcı dövlətlərindən olan Fransa kimi ölkə söz azadlığının durumuna görə Somali və Sudanın vəziyyətinə düşüb. Söz və ifadə azadlığına ikili yanaşma var. Bu cür yanaşmalar Qərb dəyərləri haqqında danışanların özünü şübhə altına salır. Media azadlığının qanunvericilik nöqteyi nəzərindən məhdudlaşdırılması, ikili yanaşma jurnalistlərin təhdid olunması ilə bağlı ciddi faktlar ortaya çıxır. "Sputnik Latviya"ya qarşı baş verən hadisələr də kəskin şəkildə qınanılmalı, media, ifadə azadlığına qarşı addım kimi dəyərləndirilməlidir. Mən xarici KİV-lərin, onların əməkdaşlarının fəaliyyətinə baltikyanı dövlətlərdə yaradılmış bu maneəni və təhdidi kəskin qınayıram".

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Latviya hakimiyyət orqanlarının "Baltnews" portalı və "Sputnik Latviya"nın rusdilli jurnalistlərinə qarşı hərəkətlərini sərt şəkildə qınayıb. Bildirilib ki, "Latviya Dövlət Təhlükəsizlik Xidmətinin dekabrın 3-də Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına və rusdilli jurnalistlərə qarşı həyata keçirdiyi aqressiv hərəkətləri demokratik cəmiyyətin təməl prinsiplərinin – media və ifadə azadlıqlarının pozulmasının bariz nümunəsi kimi qiymətləndiririlir: "Bu məhdudiyyətlər şəxsi xarakter daşıyır və şəxsən "Rossia Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyovla əlaqəlidir, media holdinqin bütün əməkdaşlarına şamil edilə bilməz. Bütün bu uydurma ittihamların, heç şübhəsiz, rusofobiyanın təsiri ilə həyata keçirilən cəzalandırma tədbiri olduğu aydındır. Məsələ ATƏT Nazirlər Şurasında qaldırılacaq", – deyə məlumatda bildirilir. Nazirlik ümid etdiyini bildirir ki, ATƏT-in yeni Media Azadlığı Nümayəndəsi baş verənləri görməzdən gəlməyəcək və Latviyaya qarşı "bu cür hücumların qəbuledilməzliyi", "söz azadlığını təmin edilməsi üçün beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin zəruriliyi" əsasında təzyiq göstərəcək. "Avropa Şurasından da adekvat reaksiya gözləyirik", – deyə məlumatda bildirilir.

Xatırladaq ki, keçən il Estoniyada da analoji hadisə müşahidə olunmuşdu.

0
Teqlər:
Həbs, jurnalistlər, Sputnik Latviya