Azərbaycan XİN

Azərbaycan XİN-dən sərt bəyanat: Rusiyanın münasibətini düzgün hesab etmirik

453
(Yenilənib 14:33 16.02.2018)
Hikmət Hacıyev: "İlham Əliyevin yürütdüyü siyasət regional sülh və təhlükəsizliyin təmin olunmasına, regional əməkdaşlığın güclənməsinə və potensial regional risklərin aradan qaldırılmasına xidmət edir"

BAKI, 16 fevral — Sputnik. "Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin fevralın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI Qurultayında səsləndirdiyi fikirlərlə bağlı açıqlaması tərəfimizdən anlaşılmazlıqla qarşılandı".

Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova
© Sputnik / Mikhail Voskresenskiy

Bunu Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. "Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərini və yüksək səviyyəli dialoqu nəzərə alaraq, dövlət başçısının fikirlərinə bu səpkidə münasibət bildirilməsini düzgün hesab etmirik", — o bildirib.

XİN sözçüsünün dediyinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yürütdüyü siyasət regional sülh və təhlükəsizliyin təmin olunmasına, regional əməkdaşlığın güclənməsinə və potensial regional risklərin aradan qaldırılmasına xidmət edir: "Azərbaycan prezidenti Yeni Azərbaycan Partiyasının VI Qurultayında Azərbaycanın tarixi torpaqlarının qaytarılması deyil, azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması məsələsi barədə danışıb. Dövlət başçısının çıxışı müxtəlif dillərdə, o cümlədən rus dilində tam tərcüməsi ilə kütləvi informasiya vasitələrində yayılıb".

"Tarixin müxtəlif mərhələlərində, o cümlədən də keçən əsrin 80-ci illərinin sonlarında azərbaycanlıların kütləvi şəkildə Ermənistandan zorakılıqla qovulması, Ermənistan ərazisində köklü Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan və məhv edilməsi tarixi faktlardır və sənədlərlə təsbit olunub. Ümumiyyətlə, Azərbaycan xalqının sülh şəraitində öz tarixi torpaqlarına qayıtması nəyə görə kimisə də narahat etməlidir?" — H.Hacıyev vurğulayıb.

Onun sözlərinə görə, BMT başda olmaqla, müvafiq beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in müxtəlif münaqişələrin tənzimlənməsi ilə bağlı bütün sənədlərində insanların öz doğma torpaqlarına, daimi yaşadığı yerlərə qayıtmasının təmin olunması fundamental hüquqlardan biri kimi təsbit olunub: "BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin vacib tərkib elementlərdən biri də qanlı etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlının öz tarixi torpaqlarına qayıtmasının təmin olunmasıdır".

"Ermənistanın hərbi güc tətbiq edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun işğalını davam etdirməsi, Azərbaycana və digər qonşu dövlətlərə qarşı ərazi iddiaları regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir və vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq qəsdən Suriyadan olan etnik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir" — Hacıyev bildirib.

"Ermənistanın siyasi rəhbərliyi ictimai çıxışlarında Naxçıvana və digər Azərbaycan ərazilərinə iddialar irəli sürür, erməni gəncləri qarşısında çıxış edərək "böyük Ermənistan" xülyası naminə onların yeni torpaqlar əldə etmək üçün gələcək müharibələrdə iştirak etməli olduğunu deyir. Ermənistanın konstitusiyasında digər qonşu dövlətə qarşı açıq ərazi iddiaları öz əksini tapıb. Bununla bərabər, ziddiyyətli "Armenian Highland" (Армя́нское наго́рье) mifik ideologiyası əsasında Ermənistanın bütün qonşularına qarşı ərazi iddiaları var. Hesab edirik ki, məsələlərə münasibət bildirərkən onun mahiyyəti dəqiq bilinməli, konteksdən çıxarılmamalı və Ermənistan kütləvi informasiya vasitələri və siyasətçilərinin məqsədyönlü təhrifləri və dezinformasiyasına deyil, bilavasitə ilkin autentik mənbəyə istinad edilməlidir" — deyə XİN rəsmisi əlavə edib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağa Muxtar Respublika statusunun verilməsinin mümkünlüyü barədə bəyanatına münasibət bildirib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova dünən keçirdiyi brifinqdə prezident İlham Əliyevin Dağlıq Qarabağın statusu ilə bağlı məlum bəyanatının danışıqlar prosesinə təsiri ilə bağlı ona ünvanlanan suala belə cavab verib: "Həmin bəyanatda əsas açar kəlmə tərəflərin razılığa gəlməsidir. Ona görə də tərəflər razılığa gəlməlidir".

"Heç bir silahlı fəaliyyət münaqişənin sülh yolu ilə nizamlanmasına yardımçı ola bilməz" — deyə Zaxarova, Moskvanın aprel hadisələrindən keçən 6 ay müddətdə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti və hərbi əməliyyatların bərpa olunması təhlükəsini necə qiymətləndirməsi ilə bağlı suala cavabında bildirib.

O, heç bir silahlı fəaliyyətin münaqişələrin sülh yolu ilə nizamlanmasına yardımçı ola bilmədiyini deyib: "Bu, Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, beynəlxalq münasibətlər və siyasi-diplomatik nizamlanma siyasətinin nəzəriyyə və praktikası prinsiplərinə də aiddir".

Xatırladaq ki, İlham Əliyev Yeni Azərbaycan Partiyasının altıncı qurultayında azərbaycanlıların İrəvana geri qayıtmalı olduğunu söyləmişdi: "Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Biz, sadəcə olaraq, öz səylərimizi daha da artırmalıyıq və artırırıq. Əminəm ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədalətli həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək".

"Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı — bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq" — dövlət başçısı vurğulayıb.

453
Teqlər:
Mariya Zaxarova, tarixi torpaqlar, İrəvan, Ermənistan, Dağlıq Qarabağ, Hikmət Hacıyev, XİN, Yeni Azərbaycan Partiyasının VI Qurultayı, İlham Əliyev, prezident, Azərbaycan Respublikası, Xarici İşlər Nazirliyi, Rusiya
Əlaqədar
Vəlizadə: “Azərbaycan-Rusiya münasibətləri regionda sabitliyi təmin edir”
Vəlizadə: “Azərbaycan Rusiya və NATO üçün neytral partnyordur”
Doroxin: “Rusiya cənub sərhədində stabil Azərbaycan görmək istəyir”

Rusiyalı sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyə necə nəzarət edirlər video

3
(Yenilənib 15:04 26.11.2020)
Rusiyalı sülhməramlıların Laçın dəhlizi ilə nəqliyyat hərəkətinin təhlükəsizliyini necə təmin etdiyini videoda izləyin.

Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçtərəfli sülh razılığı və atəşkəs rejiminin təmin edilməsinə nəzarət edir. 

Hərbçilər təmas xəttində yerləşən 23 müşahidə məntəqəsindən vəziyyəti gecə-gündüz müşahidə edir. Sülhməramlılar həm də Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyini təmin edirlər.

Kəlbəcərə ilk daxil olan Azərbaycan hərbçiləri - FOTOLAR>>

İstehkamçılar hərbi əməliyyatlardan zərər çəkən əraziləri minalardan təmizləyirlər. Mühəndis bölmələri yolları təmizləyir, bölgədə nəqliyyat hərəkətinin tənzimlənməsinə yardım edir, habelə yaşayış məntəqələrinin su, enerji və istilik tədarükünü bərpa edir.

3
Fransa Senatının binası, arxiv şəkli

Fransa Senatının Qarabağla bağlı qətnaməsinə Rusiya Dövlət Dumasından reaksiya verildi

14
(Yenilənib 19:47 26.11.2020)
"Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko xatırladıb ki, Fransa əvvəl də balansa riayət etmirdi və açıq şəkildə Ermənistanın maraqlarına lobbiçilik edirdi:

BAKI, 26 noyabr — Sputnik. Fransa Senatı, Fransa hökumətini Azərbaycan ərazisindəki saxta "Dağlıq Qarabağ Respublikası" (DQR) rejiminin "müstəqilliyini" tanımağa çağıraraq, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səylərini pozmağa çalışdı. Sputnik Azərbaycan "Vestnik Kafkaza"-ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.

"Mən Rusiyanın müharibəni sona çatdırması və münaqişə tərəflərini normal nizamlanma yoluna gətirməsinə görə Fransa, həmçinin ABŞ-dan inciklikdən başqa bir şey gözləmirdim. İşlərin sülhə doğru getdiyini, tərəflərin razılığa gəldiyini görən Paris bu prosesi pozmaq, hər hansı bir gərginlik yaratmaq cəhdlərini bərpa etdi", - deyə Kalaşnikov qeyd edib.

O qeyd edib ki, hazırkı mərhələdə bu cür addımlar tamamilə qeyri-konstruktivdir: "Hazırda bu cür müdaxilələr, xüsusi ilə Minsk Qrupunun həmsədrinin müdaxiləsi sadəcə yolverilməzdir. Bu qətnamə Cənubi Qafqazda heç kimə xeyir verməyəcək".

"Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko xatırladıb ki, Fransa əvvəl də balansa riayət etmirdi və açıq şəkildə Ermənistanın maraqlarına lobbiçilik edirdi:

"İndi isə bu, bir daha təsdiqləndi, artıq Senatda deputat çoxluğu ilə. Hüquqi cəhətdən bu qətnamənin heç bir çəkisi yoxdur, siyasi cəhətdən isə o, Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz təsirini bərpa etmək üçün son cəhdi idi. Lakin əməldə bu, Parisin vasitəçilik missiyasından imtinasıdır".

Ekspert vurğulayıb ki, bu qətnamə heç bir halda Rusiya və Türkiyənin Cənubi Qafqazda mövqelərinə təsir etməyəcək: "Ümumiyyətlə, bu, sadəcə Parisin maraqlarına zərbə vuracaq olan axmaq hərəkətdir. Fransanın tərəfdaş və ya rəqib olmasından asılı olmayaraq, Azərbaycanın müvafiq nəticələr çıxaracağı aydındır".

Qeyd edək ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Sənədin lehinə 305 senator səs verib. Bir nəfər isə əleyhinə olub. Sənəd tövsiyə xarakteri daşıyır.

Fransa Xarici İşlər Nazirliyi artıq Senatın qərarına münasibət bildirib: Parisin "Dağlıq Qarabağın müstəqilliyi"ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir.

Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuanın sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa partnyorlarının siyasətini əks etdirməyəcək.

Xarici İşlər Nazirliyinin dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

Diplomatın sözlərinə əsasən, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir: "Dağlıq Qarabağ münaqişənin həlli tək tərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrlərin dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar".

14
Teqlər:
Kalaşnikov, Leonid Kalaşnikov, Rusiya Dövlət Duması, Qarabağ, Fransa Senatının qətnaməsi, Fransa Senatının qərarı, Senat, Fransa