BAKI, 30 yanvar — Sputnik. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu prezident İlham Əliyev yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.
O, məcburi köçkünlər üçün yeni binaların, evlərin tikintisinin davam etdiriləcəyini, bu məsələyə çox böyük diqqət göstərildiyini bildirib.
"Keçən il biz Cocuq Mərcanlı kəndinin bərpasını təmin etdik. Bu, tarixi hadisədir. Eyni zamanda, Şıxarx qəsəbəsində böyük şəhərcik tikilib — 1170 ailəlik, Cocuq Mərcanlıda isə 150 ailəlik. Bu layihələrin xüsusi əhəmiyyəti var. Çünki bu layihələr vaxtilə işğal edilmiş və Ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarda icra edilib", — deyə prezident əlavə edib.
"Cocuq Mərcanlının və Şıxarxın timsalında biz dövlətimizin, xalqımızın iradəsini göstəririk. Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırdırlar. Bu gün ölkəmizin iqtisadi və hərbi potensialı heç kəsə sirr deyil və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim əsas vəzifəmizdir. Bu məsələ ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır", — deyə dövlət başçısı bildirib.
BAKI, 15 yanvar — Sputnik. "Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünün və məqbərəsi ziyarət edərkən bildirib.
"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik", - deyə İlham Əliyev qeyd edib.
BAKI, 15 yanvar — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyətinə münasibət bildirib.
"Report" xəbər verir ki, o, Pakistandan qayıdarkən jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırıb.
Çavuşoğlu qeyd edib ki, məsələni Rusiya rəhbərliyi ilə müzakirə ediblər: “Siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermənin məsuliyyəti sizdə deyil” dedik”.
Onun sözlərinə görə, sülhməramlıların sayı ilə bağlı Azərbaycan Türkiyəyə hər hansısa narazılığını bildirməyib:
“Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ Rusiyanın Laçın dəhlizindən istifadəyə icazə verilməsindəki roludur. O da bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status-kvo müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır”.
Nazir həmçinin deyib ki, Türkiyə Qarabağdakı Rusiya sülhməramlılarının statusu ilə əlaqədar razılaşma imzalamağa Rusiyanı təşviq edir. “Gələcəkdə ehtiyac olarsa, Azərbaycan ilə ikitərəfli razılaşma əldə edərək lazımi dəstəyi hər zaman verə bilərik”, - o vurğulayıb.
BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.