BAKI, 28 yanvar — Sputnik. 1992-ci il yanvarın 28-də Qarabağ müharibəsinin gedişində erməni silahlı qüvvələri Azərbaycanın dinc əhalisinə qarşı daha bir dəhşətli terror aktı həyata keçiriblər.
Sputnik Azərbaycan xəbər verir ki, həmin gün Ağdam-Şuşa marşrutu ilə uçan "Mİ-8" sərnişin vertolyotu Xankəndindən atılmış "yer-hava" tipli raketlə vurulub. Vertolyotdakı 44 nəfərin hamısı həlak olub.
Bu hadisə dünya aviasiya tarixində ən böyük mülki vertolyot qəzalarından sayılır.
BAKI, 2 mart — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib.
"Cənab Prezidentimizin tapşırığı ilə Qarabağ Zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında Türkiyə və Azərbaycan birgə serial və film layihələri həyata keçirəcək".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun söyləyib.
O bildirib ki, bu cür layihələrin həm milli, həm də dünya miqyasında mətbuat və rəqəmsal platformalarda yer alması təmin ediləcək: "Həmin layihələrdə tarix və ideallarımızın birliyini ən güclü şəkildə vurğulayacağıq. Serial və film sektorlarımızın birlikdə işləməsi və təcrübələrini paylaşması çox önəmlidir".
Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında film və serialların çəkilməsi Azərbaycan və Türkiyə dostluq və qardaşlığın simvolu olacaq.
Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 2 mart — Sputnik. Ermənistan Qarabağ müharibəsi zamanı raket sistemlərindən Azərbaycan şəhərlərini vurmaq üçün istifadə edib. Beynəlxalq hüquq baxımından bu, hərbi cinayətdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko "Sputnik"də canlı yayım zamanı bildirib.
"Çoxları deyirlər ki, müharibə zamanı bu və ya digər tərəf bir-birlərinin mülki obyektlərini vurub. Lakin burada çox önəmli nüans var. Əməliyyatlar döyüş zonasında gedən zaman vəziyyətdən asılı olaraq bu və ya digər silah sisteminin tətbiq edilməsi barədə qərar hərbi hissə və bölüyün komandiri tərəfindən verilir. Ona görə də bu vaxt döyüş əməliyyatları zonasında mülki obyektlərin vurulmasını istisna etmək olmaz", - deyə Koretçenko qeyd edib.
Rusiyalı ekspert vurğulayıb ki, raket sistemlərinə, xüsusilə operativ-taktiki sistemlərinə gəldikdə isə bunun üçün ölkə rəhbərliyinin razılığı lazımdır: "Bundan sonra hərbçilər uçuş tapşırığını hazırlayırlar. Bu uçuş tapşırığı raketin kompüterinə daxil edilir, hazırlıq görülür və raket buraxılır. Buna görə də Ermənistan tərəfindən Azərbaycana raket zərbələri vurulan zaman yaradılan uçuş tapşırıqlarının hərbi obyektləri deyil, məhz şəhərləri vurması nəzərdə tutulurdu. Nəzərə alsaq ki, müasir raket kompleksi hədəfə dəydiyi zaman böyük dağıntılara səbəb olur, Azərbaycanın iki şəhərinə Ermənistanın operativ taktiki raketlərlə hücum etməsi müharibə cinayətidir. Bu aksiyaların heç bir bəraəti ola bilməz".
BAKI, 2 mart - Sputnik. Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuları ilə bağlı ən son məlumatları açıqlayıb.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, açıqlamada martın 2-dək dəfn edilən 2881 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.
Nazirlik həmçinini bildirib ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı ilə bu keçiddən tanış ola bilərsiz.