Şuşa

Vasitəçilik missiyası: Rusiya digər həmsədrlərdən önə çıxır

575
(Yenilənib 23:42 21.01.2018)
Azərbaycan səmərəsiz görüşlərdə vaxt itirmək fikrində deyil. Bu barədə vasitəçilər düşünmək zorundadırlar

BAKI, 20 yanvar — Sputnik. ATƏT Minsk Qrupunun həmsədrləri yanvarın 18-də Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında keçirilmiş görüş barədə bəyanat yayıb.

Bəyanatda bildirilir ki, nazirlər və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əvvəlki sammitlərdə əldə edilmiş razılaşmaların icrasının dəstəklənməsi üçün növbəti addımları müzakirə ediblər. Xarici işlər nazirləri ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsini tez başa çatdırılması üçün həmsədrlərin yenidən nəzərdən keçirdiyi müvafiq konseptual sənədi ilə razılaşıblar. Görüşlər zamanı tərəflər və həmsədrlər cədvəl üzrə hazırlanan iş təkliflərindəki əsas həssas məsələlər barədə fikir mübadiləsi apardılar. Həmsədrlər həmçinin, danışıqlar prosesinə mühüm töhfə kimi etimad tədbirlərini həyata keçirməyə çağırıblar. Nazirlər və həmsədrlər təmas xəttində nisbi sakitliyin hökm sürdüyünü qeyd ediblər. Həmsədrlər tərəfləri bu müsbət tendensiyanı gücləndirməyə çağırıblar. Həmsədrlər nazirlərə münaqişənin təsirinə məruz qalmış ərazilərdə qiymətləndirmə missiyasını davam etdirmək imkanları barədə gələcək müzakirələrə maraq göstərdiklərini bildiriblər.

Qeyd edək ki, həmsədrlər fevral ayının əvvəlində bölgəyə səfər etməyi planlaşdırırlar. 

Elmar Məmmədyarov və Edvard Nalbandyanın arasında keçirilən görüş dünya mediası tərəfindən geniş işıqlandırılıb. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

Beləliklə, ATƏT-in Minsk Qrupunun növbəti görüşü keçirildi. 1992-ci ildə yaradılan ATƏT-in Minsk Qrupunun həmsədrləri indiyə kimi yüzlərlə səmərəsiz görüş keçiriblər. Məsələ burasındadır ki, indiki şəraitdə görüşlər təşkil etmək və mesajlar vermək problemi həll etmir. Bu, imitasiyadan başqa bir nəsnə deyil. Elə buna görə də, Azərbaycan həmsədrlərə tam mənada etimad göstərmir.

Həmsədrlərin görüşü ərəfəsində Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll edilməsi ilə bağlı təklifi Bakının maraqlarına daha çox uyğundur. Qeyd edilən mərhələli planda ilk növbədə Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması, daha sonra isə Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin müzakirə edilməsi öz əksini tapır. Bir sözlə, plan münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini özündə ehtiva edir. Azərbaycan tərəfi dəfələrlə bu mövqeyi irəli sürsə də, Ermənistan buna problemlər yaradır. S.Lavrovun Dağlıq Qarabağ münaqişəsinin tərəflərin öz arasında həll edilməsi ilə bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Əgər münaqişəni tərəflər özü həll edəcəkdisə, o zaman ATƏT-in Minsk qrupu nəyə lazımdır? Həmsədrlərin problemin həlli ilə bağlı uzun illik vasitəçiliyi heç bir nəticə vermirsə, o zaman biz bunu necə həll etməliyik? Təbii ki, Azərbaycanın problemin həlli ilə bağlı hərbi potensialı var. Amma məsələnin sülh yolu ilə həlli mövqeyi ortadadırsa, o zaman bunu necə anlamaq olar? Azərbaycanın 20 faiz torpaqları işğal altındadır və 25 ildən artıqdır ki, Ermənistan problemin həlli ilə bağlı heç bir kompromisə getmir. İndiki məqamda məsələnin iki həll variantı var. Ya Azərbaycan öz torpaqlarını hərb yolu ilə işğaldan azad etməlidir, ya da Minsk qrupunun həmsədrləri İrəvana təzyiq göstərməlidir. S. Lavrovun adıçəkilən açıqlamasını da İrəvana təzyiq kimi dəyərləndirmək mümkündür. 

Lakin burada bir məsələyə diqqət yetirmək lazım gəlir. Azərbaycan və Ermənistan XİN başçılarının keçiriləcək görüşü öncəsi Rusiyalı diplomatın belə fikirlərin irəli sürülməsinin təsadüfi olmadığını da nəzərə almaq lazımdır. Siyasi araşdırmaçılar hesab edir ki, S. Lavrov Azərbaycan və Ermənistan XİN başçıları arasında baş tutacaq görüş öncəsi yumşaq mühit yaratmaq istəyib. Kreml tərəflərin nəzərinə çatdırır ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçidir. ABŞ və Avropa İttifaqı Rusiyanı əsas vasitəçi olmasına etiraz etmirlər. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın əsas açar dövlət hesab edir. Rusiya isə bu istiqamətdə fəaliyyətini ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirir. Lakin həmsədrlər onu da anlamalıdır ki, münaqişə həll olunmadan atəşkəsin qorunması mümkün deyil. Belə vəziyyət uzun müddət davam edə bilməz. Azərbaycan səməsrəsiz görüşlərdə vaxt itirmək fikrində deyil. Bu barədə vasitəçilər düşünmək zorundadırlar…

575
Əlaqədar
Qarabağ veteranından qəribə plan: Xocalıya da belə getmək niyyətindədir
Nağıyev: “Rusiya nüfuzunu artırmaq üçün Qarabağ münaqişəsinin həllinə töhfə verməlidir”
Dalana dirənmiş Qarabağ problemini həll etmək mümkün olacaqmı?
ATƏT sədrindən Dağlıq Qarabağ bəyanatı
ATƏT-in yeni sədrindən vacib Dağlıq Qarabağ bəyanatı