İtaliyanın xarici işlər naziri Ancelino Alfano ATƏT Daimi Şurasının iclasında çıxış edir, Vyanada, 11 yanvar 2018-ci il

Dalana dirənmiş Qarabağ problemini həll etmək mümkün olacaqmı?

679
(Yenilənib 13:52 14.01.2018)
Minsk Qrupu səmərəsiz bir vəziyyətdədir və nəzərə alsaq ki, bu il Azərbaycan və Rusiyada prezident seçkiləri, Ermənistanda isə parlament üsul-idarəsinə keçiriləcək, il ərzində nəyinsə dəyişəcəyi ehtimalı da azdır…

BAKI, 12 yanvar — Sputnik. İtaliya ATƏT-dəki sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 2018-ci ildə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləmək niyyətindədir.

Bu barədə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Vyanada Daimi Şuranın iclasında 2018-ci ildə fəaliyyətinin prioritetlərini açıqlayarkən bildirib.

"Diqqətimiz bütün həll olunmamış münaqişələrə yönələcək" — ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb. O, qeyd edib ki, 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur və bu, əsas prinsiplərdən biridir. A.Alfanonun sözlərinə görə, İtaliyanın ATƏT-dəki sədrliyinin daha bir prioriteti Minsk razılaşmaları çərçivəsində Ukraynadakı böhranı həll etməkdir.

ATƏT sədrinin bəyanatı yenidən belə bir sualı aktual edir – bu qurum Qarabağ münaqişəsini həll etməyə qadirdimi? Nəzərə alsaq ki, danışıqlar prosesi dalana dirənib, sualın cavabı bəllidir. Lakin Qarabağ münaqişəsini Azərbaycan təkbaşına həll edə bilməz. Məsələ ondadır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1992-ci illərin əvvəllərindən başlayaraq daha çox beynəlxalq əhəmiyyətli problemə çevrilib. 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası ATƏM-in üzvü olduqdan sonra Ermənistan-Azərbaycan münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq, üzv olan dövlətlərin daha çox müzakirə obyektinə çevrilib. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də keçirilən görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olunduqdan sonra münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün ATƏM-in Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul etdi. Sənəddə göstərilirdi ki, Minskdə çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Belarus, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilsin. Lakin bu qurum münaqişənin həlli istiqamətində heç bir əməli addım ata bilmədi.

Onu da vurğulayaq ki, 1994-cü ilin mayın 12-də atəşkəs haqqında razılıq əldə edildikdən sonra ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı. 1994-cü ilin dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" barədə qərar qəbul olundu. Bundan başqa, Budapeştdə həmsədrlik institutu da təsis edildi. Minsk konfransına iki həmsədrin təyin edilməsi və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edildi. Münaqişədə maraqlı tərəf olduğu nəzərə alınaraq ATƏM-in Minsk konfransında, o cümlədən Minsk qrupunda daimi həmsədrlik Rusiyaya tapşırıldı. İkinci həmsədr isə Finlandiya seçildi, sonradan isə İsveçlə əvəz edildi. 1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair 3 əsas prinsipi özündə əks etdirən və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Flavio Kottinin adından verilən bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin Yekun sənədlərinə əlavə edildi. ATƏT-in Lissabon Zirvə görüşündən sonra Rusiya ilə yanaşı, Fransa və ABŞ nümayəndələri də Minsk qrupunun həmsədrləri təyin olundu. 1997-ci ilin ikinci yarısından indiyə kimi Minsk qrupunun həmsədrləri Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən ibarət — yəni Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 6 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqədar 3 təkliflə çıxış etdilər. 

Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket" (bu variantda Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu) həlli, 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin "mərhələli" (bu variantda isə münaqişənin mərhələlərlə nizama salınması nəzərdə tutulurdu) həllindən ibarət idi. Azərbaycan həmin planlarla tam razı olmasa da, həmsədrlərin bu iki təklifini qəbul etdiyi halda, Ermənistan tərəfi qeyri-konstruktiv mövqedən çıxış edərək həmin təkliflərlə razılaşmadı. 1998-ci ilin noyabrın 9-da həmsədrlər beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qətiyyən qəbul edilməz olan və danışıqların davam etdirilməsinə imkan yaratmayan üçüncü təklifi irəli sürdülər. Bu təklif dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı.

Onu da qeyd edək ki, qəbul edilməyən "ümümi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşılması demək idi. "Ümumi dövlət" prinsipi nizamasalma prosesinə ciddi maneə törətməklə yanaşı, münaqişənin həlli yollarına dair tərəflərin mövqeyindəki ziddiyyətləri daha da dərinləşdirdi. Nəticədə, danışıqlar prosesində bir durğunluq yarandı və münaqişənin nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmadı. Həmsədrlər tərəfindən irəli sürülən və sonuncu olan "ümumi dövlət" ideyası iflasa uğradıqdan sonra Minsk qrupu praktik olaraq dalana dirəndi. "Madrid prinsipləri", "yenilənmiş Madrid prinsipləri", "Kazan razılaşması" kimi təkliflər zərfi ilə də vəziyyəti dəyişmək mümkün olmadı. Faktiki olaraq, Minsk Qrupu səmərəsiz bir vəziyyətdədir və nəzərə alsaq ki, bu il Azərbaycan və Rusiyada prezident seçkiləri, Ermənistanda isə parlament üsul-idarəsinə keçiriləcək, il ərzində nəyinsə dəyişəcəyi ehtimalı da azdır…

679
Teqlər:
ATƏT, Dağlıq Qarabağ, İtaliya, həll, bəyanat
Əlaqədar
Avropa İttifaqı Qarabağla bağlı bəyanat yaydı
Rusiyalı politoloqdan Qarabağ açıqlaması: "Münaqişə ona görə yaradılıb ki..."
Səfir: “Qarabağ münaqişəsinin həlli yetişib”
Qarabağ döyüşçüsü məktəblilərə gerçək hərbi həyatdan danışdı
Qarabağ bölgəsinin 300 illik tarixinin şahidi
 Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli

Rusiya Bakı ilə Yerevanın münasibətlərinin normallaşması üçün hər şeyi edir Zaxarova

18
(Yenilənib 01:24 09.08.2020)
Rusiya XİN-in nümayəndəsinin sözlərinə görə, həm vasitəçi, həm də Azərbaycan və Ermənistanla qan bağına malik bir ölkə kimi Rusiya münaqişənin közərən ocağına yağ tökülməsini minimallaşdırmağa cəhd edir

BAKI, 8 avqust — Sputnik. Yerevanla Bakı arasında münasibətlərin normallaşması üçün Moskva əlindən gələni edir.

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Mənalar məkanı – 2020” Ümumrusiya təhsil forumunda çıxışı zamanı deyib. 

O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında baş verənlər, sözsüz ki, bu iki ölkənin öz işidir, amma həm ATƏT-in Minsk qrupunun üzvü, həm vasitəçi, həm də Azərbaycan və Ermənistanla, demək olar ki, qan bağına malik bir ölkə kimi Rusiya münaqişənin közərən ocağına kiminsə yağ tökməsini minimallaşdırmağa cəhd edir.

Zaxarovanın sözlərinə görə, RF “baş verənlərin ziyanının azaldılmasına çalışır və bunun yenidən başlanmaması üçün əlindən gələni edir”.

Qeyd edək ki, iyulun 12-si günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Azərbaycan-Ermənistan  dövlət sərhədində  atəşkəs rejimini kobud surətdə pozaraq Azərbaycan SQ-nin mövqelərini artilleriya qurğularından atəşə tutublar. Azərbaycan ordusunun mövqelərinin ələ keçirilməsi məqsədilə Ermənistanın hərbi hissələri hücuma keçməyə cəhd göstərib. Cavab tədbirlərilə onlar itki verərək geri oturdulublar.

Ermənilərin hücumunu dəf edərkən AR SQ-nin müddətdən artıq xidmət keçən hərbi qulluqçuları serjant Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olublar.

İyulun 13-nə keçən gecə sərhəddə vəziyyət yenidən gərginləşib. Ermənistanın silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 mm-lik minomyotlardan atəşə tutub. Azərbaycan ordusu artilleriya, minomyot və tankları hərəkətə gətirərək dəqiq atəşlə Ermənistan SQ-nin hərbi hissəsinin ərazisində yerləşən dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsini məhv edib.

Döyüşlər zamanı Azərbaycan ordusunun hərbçisi, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

İyulun 14-ü səhər Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri yenidən atəşə tutulub. Hücumun dəf edilməsi zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov və Anar Novruzov, gizirlər  İlqar Zeynallı və Yaşar Babayev, müddətdən artıq xidmət keçən Elçin Mustafazadə şəhid olublar.

İyulun 16-da Ermənistan SQ Azərbaycan mövqelərinə yenidən hücum etməyə cəhd göstərib. Tovuz rayonunun Dondar Quşçu, Ağdam və Vahidli kəndləri iriçaplı silahlardan və minomyotlardan atəşə tutulub.

Döyüşlər zamanı hərbçimiz, müddətdən artıq hərbi xidmət keçən əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

 

18
Əlaqədar
Tovuz istiqamətində döyüş gedir: hər iki tərəfdən itki var
Tovuzda vəziyyət yenidən gərginləşdi
Tovuzda kənd sakini evsiz qaldı - FOTOLAR
Tovuz atəş altında: yerli sakinlər öz evlərini tərk etmək fikrində deyillər
Tovuz hadisələri dünya nəhənginin rəhbərliyinin müzakirə masasında

Azərbaycan XİN erməni əsilli livanlıların Qarabağa köçürülməsinə münasibət bildirdi

9
(Yenilənib 19:34 08.08.2020)
"Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın məqsədyönlü məskunlaşdırma siyasətinə son qoyulması tələbimiz bundan sonra da beynəlxalq birlik qarşısında qəti şəkildə qaldırılacaq" - Leyla Abdullayeva

BAKI, 8 avqust — Sputnik. "Təcavüzkar Ermənistanın hərbi işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf ərazilərimizdəki qeyri-qanuni fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma siyasəti tərəfimizdən beynəlxalq təşkilatlar çərçivəsində qaldırılır. İlk dəfə deyil ki, Ermənistan bölgədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır".

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva bəzi KİV-lərdə Livanda baş vermiş partlayışdan sonra bu ölkədəki erməni əsilli livanlıların ölkəmizin işğal olunmuş ərazilərinə köçürülməsi ilə bağlı məlumatları şərh edərkən deyib.

"Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb. Əlbəttə, Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulmasıdır.

İşğalçı Ermənistanın məqsədi bu torpaqlarda ermənilərin sayını süni şəkildə artıraraq, ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsi və beləliklə də ilhaqçı siyasətin həyata keçirilməsidir. Azərbaycanın beynəlxalq tanınmış ərazilərində Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı, o cümlədən Ermənistanın Livandakı faciədən öz qanunsuz məqsədləri üçün istifadə etmək niyyətləri ilə bağlı ciddi narazılığımız ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb.

Ermənistan dərk etməlidir ki, bu qanunsuz fəaliyyət və süni məskunlaşdırma cəhdləri onun gözlədiyi nəticələri verməyəcək. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərin azərbaycanlı əhalisi öz evlərinə və mülklərinə geri qayıdacaq və işğalçı Ermənistan bütün qanunsuz əməllərinə görə cavab verəcək.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın məqsədyönlü məskunlaşdırma siyasətinə son qoyulması tələbimiz bundan sonra da beynəlxalq birlik qarşısında qəti şəkildə qaldırılacaqdır", - Leyla Abdullayeva bildirib.

9
Əlaqədar
XİN: Beyrutda partlayışda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat yoxdur
Azərbaycan XİN-i Zöhrab Mnatsakanyanın cavabını verdi
XİN: Ermənistanın danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir
Aİ-nin Azərbaycandakı nümayəndəsi və Belçika səfiri XİN-ə çağırıldı
XİN: Ermənistanın mövqeyi danışıqlardan qaçmaq kimi qiymətləndirilməlidir
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

0
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

0