The HALO Trust Dağlıq Qarabağ ərazisində qanunsuz olaraq fəaliyyət göstərir

Azərbaycan ərazisində qanunsuz əməliyyat keçirilir

1071
(Yenilənib 18:52 30.11.2017)
"Onların nə etdiyinə, nə işlə məşğul olduğuna rəsmi olaraq heç kəs nəzarət etmir"

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Heç bir beynəlxalq təşkilat rəsmi Bakının razılığı olmadan onun dövlət sərhədlərinə daxil olan ərazilərdə icazəsiz iş aparmaq hüququna malik deyil. Lakin Britaniya şirkəti olan "The HALO Trust" artıq uzun illərdir ki, Azərbaycana aid olan və Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində qanunsuz olaraq fəaliyyət göstərir.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Qəzənfər Əhmədov, işğal altında olan Dağlıq Qarabağ ərazisində minaların təmizlənməsi işinin başa çatması barədə məlumatı şərh edərkən deyib.

Qeyd edək ki, "The HALO Trust"-ın "Facebook" səhifəsində yer alan məlumata görə, bu gün Ermənistana tabe olan Aşağı Fərəcan kəndi 50% minalardan təmizlənib. Ümumilikdə bütün prosesin başa çatması üçün daha çox ianə tələb olunur.

Təşkilatın saytında isə bildirilir ki, Dağlıq Qarabağın minalardan təmizlənməsi prosesi 2000-ci ildən aparılır və ərazilərin 90%-i artıq təmizlənib.

ANAMA-nın rəhbəri qeyd edib ki, Milli Agentliyin də bu məsələdə mövqeyi Azərbaycan hökumətinin mövqeyindən fərqlənmir: "Çox kəskin və birmənalıdır. Biz "The HALO Trust"-ın hərəkətlərini qınayırıq. Onların fəaliyyəti qanunsuzdur və beynəlxalq hüquqa ziddir".

"Bakı bu fəaliyyətləri ona görə qınayır və qarşı çıxır ki, "The HALO Trust"-ın o ərazilərin minalardan təmizlənməsi istiqamətində iş aparmaq, yaxud hər hansı digər fəaliyyətlərlə məşğul olmaq üçün heç bir hüququ yoxdur. Çünki nə rəsmi Bakının, nə də digərlərinin onların işinə nəzarət etmək imkanları var. Onların nə etdiyinə, nə işlə məşğul olduğuna rəsmi olaraq heç kəs nəzarət etmir" — deyə Əhmədov bildirib.

ANAMA-nın direktoru əmindir ki, "The HALO Trust"-la bağlı məlumat donorlardan daha çox pul qoparmağa hesablanmış növbəti hiylədir: "Çünki hərbi əməliyyatların getdiyi bir vaxtda ərazilərin minalardan tamamilə təmizlənməsi praktiki olaraq mümkün deyil".

Əhmədov dediklərini sübuta yetirmək üçün bildirib ki, ANAMA-nın minaaxtaranları sistemli olaraq çaylar vasitəsilə Azərbaycan ərazilərinə axıb gələn yeni erməni minaları ilə əlləşməli olurlar: "Üstəlik, onların hamısı köhnəlmiş döyüş sursatlarıdır. Misal üçün, bu yaxınlarda Ağdamda erməni istehsalı olan piyadalar əleyhinə mina tapıldı. Adətən belə hallarda 2012-2015-ci illərin minalarına rast gəlinir".

Həmsöhbətimiz digər bir sübut olaraq diqqətə çatdırıb ki, atışmanın getdiyi vaxtda kəndi təmizləmək mümkün deyil: "Azərbaycanın Müdafiə Nazirliyi sistemli olaraq məlumat yayır ki, sutka ərzində atəşkəs rejimi yüz dəfədən artıq pozulur. Bu, o deməkdir ki, hərbi mərmilər daim havada uçur və yerə düşür".

"Bu, non-stop prosesdir. Bizdə elə ərazi var idi ki, tamamilə təmizlənmişdi. Amma aprel döyüşlərindən sonra həmin sahə yenidən partlamamış sursatlarla çirkləndi. Biz yenidən təmizləmə işləri aparırıq, təmizləyirik. Onlar deyə bilməzlər ki, Dağlıq Qarabağ ərazisini 100% təmizləmişik" — deyə Əhmədov bildirib.

Onun fikrincə, "The HALO Trust"-ın "işlərin başa çatdırılması üçün çatışmayan bir neçə yüz min dolları" haqda məlumat ola bilsin ki, Britaniya şirkətinin əsas maliyyəçisi olan USAİD-ə ünvanlanıb.

1071
Teqlər:
Qəzənfər Əhmədov, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi, "The HALO Trust", beynəlxalq təşkilat, rəsmi Bakı, ANAMA, ərazi, fəaliyyət, mina, Dağlıq Qarabağ, Ermənistan, Britaniya, Azərbaycan, işğal
Əlaqədar
Səfixanov: “Mina qurbanlarına hüquqi, psixoloji yardımlar göstərilməlidir”
Ukraynada azərbaycanlı minaya düşərək ölüb
Tovuzun kəndləri minaatanlardan atəşə tutuldu
Üzən minaya zərbə endiriləcək
Minaatanlar işə düşdü

"Qafqazın Xirosiması" - fransız kanalı Ağdamı belə adlandırdı

10
(Yenilənib 21:43 28.11.2020)
“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir" - France-24.

BAKI, 28 noyabr - Sputnik. “France-24” kanalı işğaldan azad edilmiş Ağdam rayonu haqqında reportaj yayımlayıb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd edilir ki, bununla da Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını geri qaytarmış olacaq.

Kanalın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan hazırladıqları reportajda deyilir:

“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Buranın sakinləri köç etmək məcburiyyətində qaldı. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər”.

Reportajda Ağdam sakini Zülfü Qasımovun bu fikirlərinə də yer verilir: “Belə bir şəhəri bu günə salmaq olarmı? Bu evləri belə dağıtmaq olarmı? Siz bu evlərin keçmişini görsəydiniz bilərdiniz ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda olub. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki qalmaqları mümkün deyildi. Ona görə də əllərinə düşən hər şeyi dağıdıblar”.

Reportajda qeyd edilir ki, bərpa işlərindən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən azad edilmiş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları bu istiqamətdə işə başlayıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyir ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib.

Reportajda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 10 milyardlarla dollar həcmində dəyərləndirdiyi və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcəyi diqqətə çatdırılır.

10
Teqlər:
Xirosima faciəsi, Xirosima, Qafqaz, ANAMA, Ağdam şəhəri, Ağdam
Xudavəng monastırı, arxiv şəkli

Müdafiə Nazirliyi Vəng kəndindən möhtəşəm videogörüntülər paylaşıb

85
(Yenilənib 20:40 28.11.2020)
Noyabrın 28-də Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Vəng kəndindən videogörüntülər hazırlayaraq ictimaiyyətə təqdim edib.

BAKI, 28 noyabr - Sputnik. Müdafiə Nazirliyi noyabrın 28-də Kəlbəcər rayonunun Vəng kəndindən videogörüntülər hazırlayaraq ictimaiyyətə təqdim edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Sənədin digər müddəalarına əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarmalıdır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

85
Teqlər:
Laçın rayonu, Laçın, Kəlbəcər rayonu, Kəlbəcər, Müdafiə Nazirliyi, Müdafiə Nazirliyi