Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan yolu

O yolda hər gün ölüm gəzir

179
(Yenilənib 09:43 10.11.2017)
Sakinlər bəzən yolu qısaltmaq üçün birbaşa səngərlərin arxasından keçən alternativ, torpaq yoldan da istifadə edirlər

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 10 noyabr — Sputnik. Artıq 30 ilə yaxındır Azərbaycan və Ermənistan arasında davam edən münaqişə insanları doğma yurd yuvasından didərgin salmaqla yanaşı, özüylə bir sıra sosial problemlər də gətirib. Ağdamın işğalından sonra rayon mərkəzini və ətraf yaşayış məntəqələri birləşdirən magistral yol da işğal altında qaldığından, cəbhə xəttində yerləşən kəndlərin əhalisi alternativ yollardan istifadə etmək məcburiyyətində qalıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Ağdamın cəbhə xətinə yaxın yerləşən, 29 min əhalisi olan 14 yaşayış məntəqəsinə gediş-gəliş üçün də 25 ildir Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan yolundan istifadə edilir. Amma yolda asfalt örtüyünün olmaması cəbhə xəttində yaşayan insanların həyat şəraitini çətinləşdirən amillərdən biri olub. 

Qaçqın və məcburi köçkünlərin problemlərindən danışılıb
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov

Hümmət Aslanov Ağdamın təmas xəttində yerləşən Çıraqlı kəndindəndir. Qızının Orta Qərvənddə yaşadığını deyən 60 yaşlı Hümmət dayı da burada yaşayan insanların hamısı kimi illərdir bərbad vəziyyətdə olan yoldan istifadə etmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, bu günə kimi asfalt örtüyü olmayan yolda əmələ gələn çalaların doldurulması üçün yalnız ara-sıra qum və çınqıl tökülüb. Lakin bu, cəbhə xəttində yaşayan əhalinin yol problemini həll etmək üçün kifayət etməyib. Yolun bərbad vəziyyətdə olması hərəkət edən avtomobillərin də tez-tez sıradan çıxmasına səbəb olub.

“Orta Qərvənd kəndi ilə ermənilərin arası 500 metrdir. Qızım burada yaşayır. Mən həftədə bir dəfə qızımı görməyə gəlirəm. Heyfim gəlir maşını bu yolla sürməyə. Xeyir-şər var, gəlməliyik, qohum əqrəbayıq. 5-10 dəqiqəlik yolu 45-50 dəqiqəyə qət edirik. Maşının sıradan çıxması bir tərəfə, ikiqat yanacaq işlədirəm hər dəfə. Bu insanları indi ən başlıca problemi yoldur. Eşitdik ki, yol təzədən çəkilib asfaltlanacaq, çox sevinmişəm. Elə bil böyük dərddən qurtararıq” – deyə kənd sakini bildirir.

  • Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan yolu
    Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan yolu
    © Sputnik / Ramil Ibrahimov
  • Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan yolu
    Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan yolu
    © Sputnik / Ramil Ibrahimov
  • Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan yolu
    Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan yolu
    © Sputnik / Ramil Ibrahimov
1 / 3
© Sputnik / Ramil Ibrahimov
Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan yolu

Təmas xəttində yaşayan sakinlər ekstremal hallara hər an hazırlıqlı olmaq məcburiyyətindədirlər. Bu, onlar üçün artıq adi hal alıb. Əsas yollarının uzun illərdir bərbad olması, belə vəziyyətlərdə yaralı və xəstələrin yaxınlıqdakı xəstəxana və tibb məntəqələrinə çatdırılmasında problemlər yaradır. Sakinlər bəzən yolu qısaltmaq üçün birbaşa səngərlərin arxasından keçən alternativ, torpaq yoldan da istifadə edirlər.

“Mən Ayaq Qərvənddə yaşayıram. Bura təcili tibbi yardım maşını da çətinliklə gəlir. Xəstəmiz olanda xəstəxanaya çatdırmaq üçün o biri torpaq yoldan da gedirik. Düzdür, torpaq sədd var, bizim üçün o qədər də qorxulu deyil. Amma erməniyə necə etibar etmək olar ki? Güllə atmadı, mərmi atdı, gəldi düşdü yola, bəs onda necə? İndi əsas yolumuzu düzəldəcəklər, ən yaxşısı budur. Hava yağıntılı olanda hərəkət etmək mümkün olmurdu. İndi yol çəkilir, bir az düzəlib, hələ asfaltlanacaq da. Ətraf kəndlər də buradan istifadə edəcək” – deyə Ayaq Qərvənd kənd sakini Zöhrab Dünyamalıyev bildirir. 

Ağdam rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Abduləli Mehdiyevin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi ilə bağlı dövlət başçısının verdiyi sərəncam təmas xəttinə yaxın kəndlərdə yaşayan əhalinin əsas problemini birdəfəlik həll edəcək.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 oktyabr 2017-ci il tarixində imzaladığı sərəncamı ilə "Azəryol" ASC-yə 5,4 milyon (beş milyon dörd yüz min) manat vəsait ayrılıb. Artıq yolun tikintisinin ilkin mərhələsinin hazırlığına başlanıb. Bilirsiniz ki, qarşıdan qış mövsümü gəlir. Yağışlı, qarlı havaları da nəzərə alaraq, yolun bir il ərzində tam istifadəyə hazır olması nəzərdə tutulub” – deyə baş memar Abduləli Mehdiyev bildirir.

Baş memar onu da əlavə etdi ki, sözügedən avtomobil yolu istifadəyə verildikdən sonra yoldan istifadə edən 30 minə yaxın insanın qonşu Bərdə və Tərtər rayonlarına gediş-gəlişi həm vaxt, həm də məsafə baxımından qısalacaq.

179
Teqlər:
Dağlıq Qarabağ münaqişǝsi, Abduləli Mehdiyev, Zöhrab Dünyamalıyev, Hümmət Aslanov, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Çıraqlı kəndi, Orta Qərvənd kəndi, Bərdə, Ağdam, Tərtər, Ermənistan, Azərbaycan
Əlaqədar
Türkiyə dövlət başçısından Dağlıq Qarabağ sözü
Şahinoğlu: “Dağlıq Qarabağ münaqişənin həlli üçün plan mövcuddur”
Şahinoğlu: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişənin həllində fəal iştirak etmir”
Mehriban Əliyevadan məcburi köçkünlərlə bağlı mühüm addım
Millət vəkili Əli Həsənova səsləndi: Şəhid və məcburi köçkün ailəsi küçədə qalıb
Tarix dərslikləri, arxiv şəkli

Qələbəmizdən sonra dərsliklərimiz belə dəyişəcək

20
(Yenilənib 12:10 27.11.2020)
"Dərsliklərə nələrin salınması Təhsil Nazirliyi ilə məsləhətləşmədən sonra bilinəcək. Nazirlik necə məsləhət bilərsə, biz də həmin məlumatları dərsliklərə əlavə edəcəyik".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Son günlərin ən çox  müzakirə edilən mövzularından biri də Qarabağda qazandığımız zəfərin dərsliklərdə öz əksini tapması ilə bağlıdır. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səslənsə də, dərsliklərdə Azərbaycanın şanlı döyüş salnaməsinin necə öz əksini tapacağına dair rəsmi fikir yoxdur. Sputnik Azərbaycan dərsliklərdə müharibə və qələbə mövzusunun necə və nə vaxtdan əks olunacağını araşdırıb. Mövzunu araşdırmazdan öncə qeyd edək ki, Azərbaycanda orta ümumtəhsil müəssisələrində "Qarabağ tarixi" dərsliyi ayrıca tədris olunur. Həmin dərsliyin Qarabağ işğaldan azad olunduqdan sonra dəyişdirilməsinə xüsusi ehtiyac olduğundan, Sputnik Azərbaycan 7-ci sinif "Qarabağ tarixi" dərsliyinin həmmüəllifi, elmlər doktoru Qasım Hacıyevlə söhbətləşib.

Q.Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Quruçay mədəniyyəti dövründən başlayaraq Qarabağla bağlı mövzular yığcam şəkildə hazırlanaraq çap edilib: “Burada Qarabağın xəritədə yerləşdiyi ərazilər, təbiəti, tarixi abidələr və ən mühüm hadisələrin şəkilləri verilib”. Onun sözlərinə görə, ilk çap edilən "Qarabağ tarixi" dərsliyi 90 min nüsxə, ikinci nəşrində 130 min Azərbaycan, 13 min rus bölməsi üçün çap olunub: “Dərslik ikinci dəfə dəyişildikdə, 2019-cu ildə aprel döyüşləri, Cocuq Mərcanlının bərpası əlavə olunub. Qeyd edim ki, Nadir şahdan bu günə Azərbaycanın işğal olunmuş bir qarış torpağı belə azad edilməyib. Ona görə də, bu tarixi zəfərə bütün dərsliklərdə, xüsusən də tarix dərsliklərində ayrıca yer verilməldiir. Bizə rayonlarımızın işğal tarixi, azad olunma tarixi, toponimlər məlumdur. Amma dərsliklərə nələrin salınması Təhsil Nazirliyi ilə məsləhətləşmədən sonra bilinəcək. Nazirlik necə məsləhət bilərsə, biz də həmin məlumatları dərsliklərə əlavə edəcəyik. Torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın döyüş tarixində ən şərəfli hadisədir. Qarabağın azadlığa çıxması xalqımız üçün fəxredici tarixdir. Qarabağın işğaldan azad edilməsi həyatımızın bütün sahələrinə - siyasi, iqtisadi, sosial və mədəni sahələrinə təsir edir. Ona görə də nəinki tarix, ictimai və humanitar fənlərə aid olan orta və ali məktəb dərsliklərində bu hadisələr əksini tapmalıdır. Çünki qeyd etdiyim kimi, bizim qələbəmiz xalqımızın, dövlətçiliyimizin tarixində mühüm hadisədir”.

Tarix fənni ilə bağlı əlavə vəsaitlərin müəllifi Hamlet Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ümumilikdə tarix fənni ilə bağlı konsepsiya hazırlanmalıdır: “Bizə tarixin mahiyyəti öyrədilməlidir. Təəssüf ki, sovet təhsil ideologiyası qalmaqdadır. Hazırda Ümumi tarix və Azərbaycan tarixi keçirilir. Amma elm olaraq vahid tarix elmi var. Ona görə də düşünürəm ki, tarix elm şəklində öyrədilməlidir. Türkiyədə İnqilab tarixi var. Aşağı sinifdən tədris edilir. Bizdə də  5-ci siniflərdə Azərbaycan tarixi qalmalıdır. 6-11 siniflərdə tarix elmi vahid şəkildə keçirilməlidir. 10-11-ci siniflərdə isə tarix dərsliyindən başqa, Vətən tarixi adlı dərslik nəşr olunaraq tədris edilməlidir”.

Həmsöhbətimiz deyir ki, tarix dərslikləri baş verən tarixi hadisələrlə bağlı müəyyən dövrdən bir dəyişdirilir, əlavələr edilir: “Məsələn, 10 il əvvəl çap olunan tarix dərsliyində Mübariz İbrahimovla bağlı məlumat yox idi. Amma son nəşrlərdə Aprel döyüşü, Mübariz İbrahimovla bağlı məlumatlar daxil olub. Qələbəmiz, Qarabağın işğaldan azad olunması da müəyyən paraqraflarla dərsliklərə əlavə oluna bilər. Qarabağ tarixi dərsliyinin əlavə çap olunması torpaqlarımız işğalda olduğu dövrlər üçün aktual idi. Qarabağı unutmamaq, torpaqlarımızın işğalda olması barədə dərsliklərdə ayrı-ayrı paraqraflarda tədris olunur. Qarabağla bağlı dərsliklərdə məlumatlar var. Amma artıq torpaqlarımız işğaldan azad edilib. Düşünürəm ki, Qarabağ tarixini ayrıca çap etməyə daha ehtiyac qalmır”.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanın qələbəsi, Qarabağın işğaldan azad olunması mütləq şəkildə dərsliklərə salınacaq. C.Valehov hələki bu dəyişikliyin hansı dərsliklərdə aparılacağı və sair məsələlərin tam dəqiqləşmədiyini söylədi: “Sosial şəbəkələrdə yazırlar ki, Tarix dərsliyinin üzərinə müharibədə qəhrəmanlıq edən topçunun şəkli vurulacaq. Qeyd edim ki, bunlar qeyri-rəsmi məlumatlardır. Hansı qəhrəmanımızın şəklinin harada olacağı barədə indidən qəti fikir söyləmək olmaz. Onların hər biri bizim üçün qəhrəmandır. Amma dərsliklərə müharibə tariximizlə bağlı nələrin əlavə ediləcəyi barədə müzakirə aparıldıqdan sonra qərar veriləcək. Müharibədə zəfər çalmağımız, Qarabağın işğaldan azad olunması mütləq şəkildə dərsliklərimizdə yer alacaq”. 

20
Teqlər:
Salnamə, Azərbaycan, döyüş, Qarabağ, dərslik, qələbə
Alban Klod, arxiv şəkli

Fransada yaşayan azərbaycanlı məşhur Qarabağa gələcək

7
(Yenilənib 12:04 27.11.2020)
Alban Klod: "Mənim məqsədim fransız oxuculardan ötrü müharibə və tarixi torpaqlar haqqında yazmaqdır".

BAKI, 27 noyabr — Sputnik. "Tezliklə Qarabağda olacağam. Məqsədim fransız oxucular üçün müharibə və tarixi torpaqlar haqqında yazmaqdır. Düşünürəm ki, bu yolla daha faydalı ola bilərəm".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan kötücəsi Alban Klod "Facebook" hesabında yazıb.

Qeyd edək ki, Alban Klod Tağıyevin ikinci oğlu Sadıxın nəticəsidir.

7
Teqlər:
Fransa, Hacı Zeynalabdin Tağıyev, Qarabağ
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putinin suallara cavab verəcəyi konkret tarix bilindi

0
(Yenilənib 13:28 27.11.2020)
Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

BAKI, 27 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı dekabrın 17-si mətbuat konfransı keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Noyabrın 29-u saat 12:00-da Rusiya Federasiyasının mətbuat xidməti və informasiya idarəsi jurnalistlərin akkreditasiyasına başlayacaq", - deyə məlumatda qeyd olunur.

Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

0