Ковер, фото из архива

Qarabağ xalçalarını erməni brendinə çevirmək istəyirlər

171
(Yenilənib 18:43 02.07.2017)
Vidadi Muradov: "Bu, ermənilərin Azərbaycan tarixinə, mədəniyyətinə, həmçinin xalçaçılığına qarşı təcavüzünün yeni bir mərhələsidir"

BAKI, 1 iyul — Sputnik. "Qarni", "Zvartnots", "Metsamor" və digər muzey-qoruqların ekskursiya proqramına Qarabağ xalçalarının nümayişini də əlavə etmək lazımdır."

Sputnik Ermənistan xəbər verir ki, "Tarixi mühitin və tarixi-mədəni muzey-qoruqların mühafizəsi xidməti"nin direktoru Ara Tarverdyan və "Karabakh Carpet" şirkətinin rəhbəri Sevak Xaçatryan qoruq ərazisində xüsusi çadır pavilyonlar qurulmasını müzakirə edərkən belə deyiblər.

"Qarabağ xalçaları yollarda, aparıcı məbədlərdə, parklama yerlərində və pavilyonlarda nümayiş etdirilməlidir. Mən əminəm ki, bu, xarici turistləri maraqlandıracaq. Müvəffəqiyyətin açarı səviyyəli nümayişdədir. Mən əminəm ki, əgər bunu etsək, biz, müvəffəqiyyət qazanacağıq" – deyə Ara Tarverdyan Sevak Xaçatryanla turizm sahəsinin inkişafı ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə edərkən deyib. 

Onlar qeyd ediblər ki, xalçaların nümayişi zamanı xalçaçıları və onların xalçatoxuma prosesini də nümayiş etdirmək lazımdır. Turistlər özləri də bu prosesdə iştirak edə bilərlər.

"Muzey-qoruqları ziyarət edərkən turist təkcə parlaq təəssüratlar və emosiya almayacaq, eyni zamanda özü ilə "erməni mədəniyyətinin bir hissəsini" aparacaq. Beləliklə, Ermənistan özünü ləyaqətlə təqdim etmiş olacaq" – deyə Tarverdyan bildirib.

Sevak Xaçatryan isə qeyd edib ki, "Stepanakert (Xankəndi), Hadrut və Berdzorda (Laçın) istehsal olunan Qarabağ xalçalarının ən xarakterik nümunələri ən kaprizli alıcını belə razı sala bilər". 

Bir sözlə, ermənilər Qarabağ xalçalarını dünyaya "erməni brendi" adı ilə sırımaq üçün ciddi fəaliyyətə start veriblər və artıq bu işdə turistlərdən də istifadə etməyi düşünürlər.

"Bu, ermənilərin Azərbaycan tarixinə, mədəniyyətinə, həmçinin xalçaçılığına qarşı təcavüzünün yeni bir mərhələsidir" – deyə ermənilərin sözügedən addımını Sputnik Azərbaycan-a şərh edən "Azərxalça" Səhmdar Cəmiyyətinin sədri, əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov bildirib.

Lakin o hesab edir ki, bu, ermənilərin gülünc və heç bir əhəmiyyəti olmayan bir təbliğat planıdır: "Qarabağ xalçaları heç bir halda ermənilərin təbliğat alətinə çevrilə bilməz. Qarabağla yanaşı, Azərbaycanın digər bölgələrində də azərbaycanlılarla birlikdə yaşamış ermənilər bizdən çox şey öyrəniblər. Xalçaçılıq da onların maddi durumunu yaxşılaşdıran bir sənət sahəsi olub. Ermənilər xalça toxumağı, onun təmirini, hətta ticarətini də azərbaycanlılardan öyrəniblər. Bizə minnətdar olmaq əvəzinə, genetik xüsusiyyətlərinə uyğun olaraq, indi xalçaçılığın yaradıcıları kimi özlərini dünyaya tanıtmağa çalışırlar".

Muradovun sözlərinə görə, bu gün dünyanın istənilən ölkəsində yaşayan azərbaycanlının xalça toxuması heç kimi təəccübləndirməz. Çünki bu, bizim milli xüsusiyyətimiz, istedadımızdır. Bunun üçün bizə heç bir dərs, təlim lazım deyil. 

Minsk-Bakı videokörpüsü
© Sputnik / Murad Orujov

"Biz xalçanın xammalının hazırlanmasından tutmuş, onun satışına, sərgilənməsinədək olan bütün mərhələləri təşkil edə bilirik. Və dünya da bu faktı olduğu kimi qəbul edir. YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısında xalça sənətinin məhz Azərbaycana aid olduğu göstərilir. Ermənilərin indi tətbiq etmək istədikləri təbliğat mexanizmi isə müstəqilliyimizin ilk illərindən Azərbaycanda uğurla həyata keçirilir" – deyə Muradov bildirib.

O qeyd edib ki, Azərbaycanda xalçanın sərgilənməsi ilə yanaşı, onun toxunması, iplərinin emalı və boyanması da əyani şəkildə göstərilir.

"Əsassız iddialarla çıxış edən ermənilər bu sualı cavablandırmağa çalışsınlar: nə üçün yalnız xalçaçılıqla məşğul olan xalqlarla, o cümlədən, azərbaycanlılarla birlikdə yaşayan ermənilər xalça toxumağı bacarırırlar? Nə üçün hər hansı bir Avropa ölkəsində yaşayan erməni xalça toxumağı bacarmır? Bunun məntiqi bir cavabı var: ona görə ki, onlar bu sənətin yaradıcıları deyillər və müstəqil şəkildə xalçaçılığı yarada bilməzlər. Nəyinsə surətini çıxarmaq, onu yaratmaq deyil" – deyə mütəxəssis bildirib. 

Muradov vurğulayıb ki, ermənilər Azərbaycan xalçasının toxunma texnologiyasını da, rəngini də, simvollarını da özlərinəməxsus şəkildə təkrar edirlər. Bu illər ərzində onlar xalça simvolikasına heç bir yenilik gətirə bilməyiblər. Çünki xalçaçılıq elə bir mükəmməl sistemdir ki, onun sərhədlərini pozmaq, hər hansı yeniliklər etmək yalnız onu yaradan xalqın tarixi haqqı və bacarığıdır. Xalça elə bir dəyərdir ki, o özü öz ünvanını, tarixi köklərini tapacaq. Çünki onun üzərindəki naxışlar təsadüfi xarakter daşımır; hansısa tayfanın, soyun simvolikasını əks etdirir.

"Dünyanı oğurluqla və təkrarçılıqla deyil, milli və orijinal nailiyyətlərlə təəcübləndirmək lazımdır" – deyən mütəxəssisin fikrincə, hər xalqın nailiyyətləri onun istedadının məhsuludur. Ermənilər öz istedadları daxilində xalça toxuya bilərlər- daha doğrusu, azərbaycanlıların toxuduqları xalçaları təkraralaya bilərlər, amma "xalçaçılıq" kimi kompleks bir prosesin öhdəsindən gəlmək üçün onların həm maddi, həm də mənəvi potensialları çatmaz.

171