AŞPA plenar iclası, arxiv şəkli

Azərbaycanlı erməni deputatların mübahisəsi düşüb

250
Deputat: "Siz öz işğalçı ölkənizdən danışın!"

BAKI, 28 iyun — Sputnik. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının iyunun 28-dəki plenar iclası qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin məruzələri dinlənildikdən sonra debatlar başlayıb.

Qənirə Paşayeva debatlarda çıxış edərək Azərbaycan əleyhinə yalanlarla çıxış edən Ermənistan heyətinin üzvünə sərt cavab verib.

Erməni nümayəndəsinə "siz öz işğalçı ölkənizdən danışın" deyən Milli Məclisin deputatı Q.Paşayeva bildirib ki, Avropada qaçqınlara qarşı hücumların artması, hər kəsi ciddi narahat etməlidir. Fiziki zorakılıqla müşayiət olunan hücumlar, əməyin istismarı, insan alveri, cinsi istismar və təcavüzlər, irqçi şüarların və nifrətin alovlandırılması kimi durumlar bütün parlamentariləri ciddi narahat etməlidir ki, insanlığa zidd olan bu kimi hallara qarşı ciddi addımlar atılsın.

"Avropadakı bəzi populist partiyalar və media orqanlarının qaçqın və məcburi köçkünlərə qarşı getdikcə artan irqçi münasibətlərinə son verilməsi üçün onları yekdilliklə qınamalı və bunun qarşısının alınması üçün daha ciddi addımlar atmalıyıq. Azərbaycan dünyada ən çox qaçqın qəbul edən ölkələrdən biridir. Bilirsiniz ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı doğma yurdundan didərgin düşüb. İşğalçı Ermənistan bu gün bu köçkünlərin öz vətənlərınə, evlərinə dönməsinə mane olur" — deyə Paşayeva bildirib.

Qeyd edib ki, 25 il əvvəl ölkəmizin çox ağır durumda olmağına baxmayaraq, on minlərlə Ahıska türkünü də qəbul etdik: "Azərbaycan dövləti və xalqı onlara qucaq açdı. Bu gün də müxtəlif bölgələrdən və ölkələrdən gələrək ölkəmizə sığınmış insanlara diqqət və sayğı ilə yanaşırıq. O insanların hansı acılar içərisində bizə pənah gətirdiklərini unutmamalı, onlara dəstək olmalıyıq. Bu baxımdan 3 milyon köçkünə qucaq açaraq onlara dəstək olan və ən çox köçkünün yaşadığı Türkiyəyə buradan təşəkkür etmək istəyirəm".

O, qeyd edib ki, Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətindən asılı olmayaraq dəstək göstərmək bütün üzv ölkələr üçün vacibdir. Amma onlardan hansısa çirkin siyasi oyunlar üçün istifadə etmək doğru deyil və bu, beynəlxalq sənədlərdə də öz əksini tapır.


Q.Paşayeva vurğulayıb ki, Ermənistan Suriya qaçqınlarından öz işğalçı siyasətlərini davam etdirmək üçün istifadə etməkdə davam edir. Onları Ermənistana deyil, işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirir. Ermənistanın bu qeyri-insani, qeyri-qanuni əməlləri AŞPA-da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrinə, qərarlarına ziddir.

"AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsini, Parlament Assambleyasını Ermənistanın münaqişənin həllinə mənfi təsir göstərən bu qeyri-qanunu əməllərinə səssiz qalmamağa çağırırıq" — deputat əlavə edib.

"Mən buradan bir az öncə Azərbaycan əleyhinə yalanlarla dolu çıxış edən Melkumyana səslənərək demək istəyirəm ki, sizin yalanlarınıza ən gözəl cavab bu Assambleyanın, Parlament Assambleyasının qəbul etdiyi qərarlardır, xüsusilə də 1416 saylı qərar. O qərarlarda ki, birmənalı olaraq ölkənizin işğalçı olduğu vurğulanır və işğala son vermənizə çağırış edilir. Bunu dayandırın" — Paşayeva deyib.

Azərbaycanlı deputat nəticələrdən daha çox insanları köçkün salan səbəblərlə daha çox mübarizə aparmağa səsləyib. Əks halda köçkünlərin, eləcə də problemlərin sayının çoxalacağını bildirib. O vurğulayıb ki, Assambleya insanları köçkün vəziyyətinə salan səbəblərə qarşı mübarizəsini gücləndirməlidir.

250
Teqlər:
Ermənistan Azərbaycana qarşı təcavüz, Ermənistan-Azərbaycan, Ermənistan, Avropa Şurası Parlament Assambleyası, Qənirə Paşayeva, Strasburq
Əlaqədar
AŞPA həmməruzəçiləri Bakıya gəliblər
İlham Əliyev Brüsseldə AŞPA-nın sabiq prezidenti ilə görüşüb
AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Baş Prokurorluqda olub
Sabah AŞPA-nın yaz sessiyası öz işinə başlayacaq
AŞPA sədri münaqişə tərəflərini danışıqları bərpa etməyə çağırıb
"Dağlıq Qarabağ münaqişəsinin AŞPA-da müzakirəsi baş aldatmaqdır"