Ramil İbrahimov, Sputnik Azərbaycan
BAKI, 9 mart — Sputnik. Ağdamın cəbhə xəttində yerləşən Orta Qərvənd kəndində yaşayan Şirinnaz Bədəlova artıq 6 ildir 8 mart gününü matəm kimi qeyd edir. Sonuncu dəfə bayram hədiyyəsini də 6 il əvvəl həyətlərində oynayan zaman erməni snayperinin açdığı atəşlə vurulan oğlu 9 yaşlı Farizdən alıb.
Həmin gün Fariz dayısının ona verdiyi pulla gül alaraq anasını təbrik edir. Şirinnaz xanım həyatında aldığı ən qiymətli hədiyyənin sevincini isə cəmi bir neçə dəqiqə yaşayır. Anasını güllə təbrik edən Farizin qisməti ermənilərin ona atdığı güllə olur.
Çərşənbə tonqalına çırpı yığmaq üçün anasından icazə alaraq bayıra çıxandan bir neçə dəqiqə sonra atəş səsi eşidilir. Səsə eyvana çıxan ailə üzvləri əvvəlcə heç nə anlamırlar. Farizi səsləyən ana, həyətə düşəndə onun cansız bədəni ilə qarşılaşır.
"Xəstəxanaya apardıq, amma həkimlər dedilər ki, "gecdir, artıq keçinib". Başından dəymişdi. Gül alıb gətirmişdi ki, "ana, səni təbrik edirəm", həmin gül də öz qəbrinin üstünə getdi" — deyir Farizin anası Şirinnaz xanım.
Hadisənin şahidləri danışırlar ki, həmin gün təmas xəttində tam sakitlik olub. Atılan yeganə güllə isə hədəfə dəyib.
Sağ olsaydı, 15 yaşlı Fariz 8 mart günü anasını yenə təbrik edəcəkdi. "Bəlkə də Azərbaycanda yeganə qadınam ki, 8 mart mənim üçün bayram deyil, matəm günüdür" — deyir Şirinnaz Bədəlova.
Farizin ölümündən təqribən 5 ay sonra sakinlərin təhlükəsizliyini təmin etmək üçün təmas xəttinə yaxın yerləşən evlərin ətrafına istinad divarları çəkilir. Farizin vurulması atəşkəs dövründə ermənilərin cəbhədə törətdiyi ən dəhşətli qətllərdən biri kimi tarixə düşüb…
BAKI, 26 yanvar - Sputnik. Bu gün Rusiya Federasiyasının Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan XİN-in məlumatında deyilir.
Görüşdə Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitali Milonovun erməni KİV-nə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsi məsələsi Rusiya səfirliyinin müvəqqəti işlər vəkili qarşısında qaldırılıb, Dövlət Dumasının üzvünün bu davranışını qəti şəkildə pislənilib.
Həmçinin Rusiya Dövlət Dumasının üzvü V.Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə zidd olduğu vurğulanıb. V.Milonovun səsləndirdiyi fikirlərin Moskvanın rəsmi mövqeyini əks etdirmədiyi və bu kimi addımların ölkələr arasında münasibətlərə xələl gətirmək və əldə olunan razılaşmanın həyata keçirilməsinə əngəl törətmək məqsədi daşıdığı vurğulanıb.
BAKI, 26 yanvar — Sputnik. Qubadlı rayonunun Dəmirçilər kəndindən videogörüntülər yayılıb.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla həmin kənddən çəkilmiş videogörüntüləri təqdim edir.
Dəmirçilər kəndi rayon mərkəzindən 5 km cənubda, Bazarçayın sağ sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranıb. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olub.
Bir zamanlar həyat qaynayan kəndi 1993-cü ildə Ermənistan ordusu işğal edərək viran qoyub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Ordusu Dəmirçilər kəndini də düşmən tapdağından xilas edib.
BAKI, 26 yanvar — Sputnik. Yanvarın 31-də Xalq artisti Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq.
Sputnik Azərbaycan xəbər verir ki, konsert Vətən müharibəsində canından keçən müqəddəs şəhidlərimizin ailələrinə və qəhrəman qazilərimizə dəstək məqsədi daşıyır. Konsert zamanı hər bir izləyici ianə edə biləcək və bu ianələr "YAŞAT" Fonduna köçürülərək birbaşa şəhid və qazi ailələrinə yönləndiriləcək.
Konsert "SS Production" şirkətinin və İctimai Televiziyanın birgə təşkilatçılığı ilə reallaşacaq.
View this post on Instagram
İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaq. Konsertin informasiya dəstəkçisi "Nargis" jurnalıdır.
Təşkilatçılar hər kəsi yanvarın 31-də saat 18:15-də yayımlanacaq konserti izləməyə və qələbəni bizə yaşadanlara dəstək olmağa çağırır!