İşğal altında olan Xankəndi şəhəri

Azərbaycan XİN-dən sərt bəyanat

70
Azərbaycan Xarici işlər nazirliyi sərt bəyanatla çıxış edib

BAKI, 14 fev — Sputnik. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni “referendum”la bağlı Xarici İşlər Nazirliyinin bəyanat verib.

Kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən, 20 fevral 2017-cı il tarixində Ermənistan Azərbaycanın müvəqqəti işğal altında olan ərazilərində yaradılmış qondarma qeyri-qanuni rejimdə “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” keçirilməsini planlaşdırır.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın müvəqqəti işğal altında olan ərazilərində Ermənistan tərəfindən yaradılmış qeyri-qanuni rejimin təcavüz və işğalın mütləq nəticəsi olduğunu bir daha bəyan edir. “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015 tarixli qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir. 

Bu təxribatçı addım, eləcə də Ermənistanın Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun adının dəyişdirilməsinə yönəlmiş cəhdləri Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərir. Bunun müqabilində Ermənistan gərginliyin artırılması xəttini yürüdür, öz işğalçı siyasətinin nəticələrini, qəbuledilməz və qeyri-davamlı olan status-kvonu möhkəmləndirmək üçün davamlı addımlar atır, substantiv danışıqlar vasitəsilə münaqişənin dinc yolla həlli istiqamətində olan cəhdləri pozur, işğal edilmiş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişdirir, “fait accompli” vəziyyəti tətbiq etmək məqsədilə işğal edilmiş ərazilərə erməni əhalisinin köçürülməsi də daxil olmaqla, iqtisadi və digər fəaliyyətləri həyata keçirir. Bu kimi fəaliyyətlərlə Ermənistan həmçinin regional və beynəlxalq sülhə və təhlükəsizliyə xələl gətirir və onu təhlükə altına qoyur.

Münaqişənin həlli üçün prinsipial baza olan BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələri və BMT Baş Məclisinin 62/243 (2008) saylı qətnaməsi Azərbaycana qarşı gücdən istifadəni, Azərbaycanın ərazilərinin işğalını pisləyir və ölkəmizin suverenliyi, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edir. Sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunu Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi bir daha təsbit edir və Azərbaycanın işğal edilmiş bütün ərazilərindən işğalçı qoşunların dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. 

Qeyri-qanuni “referendum” Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və bu səbəbdən də hər hansı bir hüquqi qüvvəsi ola bilməz. Bu qondarma “referendum” həmçinin işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiqi və güc təhdidi, dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn digər norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yaradılmış şərait altında keçirilir.

Biz beynəlxalq ictimaiyyəti qondarma qeyri-qanuni “referendum”u rədd etməyə və Ermənistanın öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməsi, işğalçılıq və ilhaqçılıq siyasətinə son qoyması, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməsi və beynəlxalq öhdəliklərinə əməl etməsi üçün Ermənistana siyasi və diplomatik təzyiq göstərməyə çağırırıq.

70
Teqlər:
Azərbaycan Respublikasının işğal edilmiş əraziləri, Azərbaycan Respublikasının Konstitusiyası, BMT Baş Məclisi, Avropa İnsan Hüquqları Məhkəməsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, BMT Təhlükəsizlik Şurası, Dağlıq Qarabağ, Ermənistan, Azərbaycan
Əlaqədar
Latviya XİN başçısı: “Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatıq”
Qarabağ ərazisində yeganə milli park
ATƏT sədri Qarabağ münaqişəsinin həllinə yardım edəcək
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

21
(Yenilənib 19:34 26.01.2021)
Səfirlik əməkdaşı ilə görüşdə Dövlət Dumasının üzvünün Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə zidd olduğu vurğulanıb

BAKI, 26 yanvar - Sputnik. Bu gün Rusiya Federasiyasının Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan XİN-in məlumatında deyilir.

Görüşdə Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitali Milonovun erməni KİV-nə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsi məsələsi Rusiya səfirliyinin müvəqqəti işlər vəkili qarşısında qaldırılıb, Dövlət Dumasının üzvünün bu davranışını qəti şəkildə pislənilib.

Həmçinin Rusiya Dövlət Dumasının üzvü V.Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə zidd olduğu vurğulanıb. V.Milonovun səsləndirdiyi fikirlərin Moskvanın rəsmi mövqeyini əks etdirmədiyi və bu kimi addımların ölkələr arasında münasibətlərə xələl gətirmək və əldə olunan razılaşmanın həyata keçirilməsinə əngəl törətmək məqsədi daşıdığı vurğulanıb.

21
Teqlər:
diplomat, səfirlik, Rusiya, Azərbaycan, XİN

Dəmirçilər kəndində sükut qulaq batırır - VİDEO

11
(Yenilənib 18:16 26.01.2021)
Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı rayonundan yeni videogörüntülər paylaşıb. Həmin görüntülərə Sputnik Azərbaycan-da baxa bilərsiz.

BAKI, 26 yanvar — Sputnik. Qubadlı rayonunun Dəmirçilər kəndindən videogörüntülər yayılıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla həmin kənddən çəkilmiş videogörüntüləri təqdim edir.

Dəmirçilər kəndi rayon mərkəzindən 5 km cənubda, Bazarçayın sağ sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranıb. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olub. 

Bir zamanlar həyat qaynayan kəndi 1993-cü ildə Ermənistan ordusu işğal edərək viran qoyub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Ordusu Dəmirçilər kəndini də düşmən tapdağından xilas edib.

11
Teqlər:
video, kənd, Dəmirçilər, Azərbaycan, Qarabağ, Qubadlı
Aleksey Navalnıy, arxiv şəkli

G7 ölkələrinin Navalnı tələbi

0
G7 ölkələrinin - Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri Aleksey Navalnının dərhal azad edilməsini tələb ediblər

BAKI, 26 yanvar - Sputnik. G7 ölkələri Rusiya hökumətini bloger Aleksey Navalnını həbsdən azad etməyə çağırıb.

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir. 

"Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri, eləcə də AB-nin yüksək statuslu nümayəndəsi, Aleksey Navalnının saxlanılmasını və siyasi motivli həbsini qətiyyətlə pisləyirik", - nazirlərin bəyanatında deyilir.

"Biz həmçinin minlərlə dinc nümayişçinin və jurnalistlərin saxlanılmasından da narahatıq və Rusiyanı özünün beynəlxalq və daxili öhdəliklərini yerinə yetirməyə, yanvarın 23-də özlərinin sərbəst toplaşma hüququnu reallaşdırmağa cəhd etdiklərinə görə saxlanılanları azad etməyə çağırırıq. Vətəndaşların öz rəylərini ifadə etmək hüuququnu polislər vasitəsilə, güc yoluyla dəf etmək qəbuledilməzdir", - bəyanatda yazılıb.

Nazirlər həmçinin bildiriblər ki, Avropa İnsan Haqları Məhkəməsi Navalnının tutulmasına rəvac verən məhkəmə qərarını da dəstəkləməyib. 

"Rusiya hökumətini qeyri-şərtsiz və dərhal cənab Navalnını azad etməyə çağırırıq... Biz cənab Navalnının, etirazçıların və jurnalistlərin həbsdən azad olunmaları barədə beynəlxalq çağırışlara Rusiyanın necə reaksiya verəcəyini, eləcə də cənab Navalnının zəhərlənməsinə görə cinayət işinin necə araşdırılacağını nəzarətdə saxlayacağıq", - nazirlər bildiriblər. 

Qeyd edək ki, yanvarın 23-də Rusiyanın müxtəlif şəhərlərində razılaşdırılmamış etiraz aksiyaları keçirilib. İnsanları mitinqlərə Navalnının tərəfdarları səsləyiblər. Saxlanılanlara hökumət nümayəndələrinə qarşı zorakılıq, yolların bağlanması, xuliqanlıq və sanitariya qaydalarının pozulmasına görə bir neçə cinayət işi açılıb. 

Aleksey Navalnı isə yanvarın 17-də Şeremetyevo aeroportunda həbs olunub. Həmin gün o, uzun müddət Almaniyada zəhərlənmədən müalicə aldıqdan sonra vətəninə qayıtmışdı.

0
Teqlər:
Rusiya, azadlıq, tələb, nazirlər, G7, Aleksey Navalni