Şəhid Çingiz Qurbanov

Sərhədi keçən erməniləri təqib edərək 3 nəfəri öldürdü, birini yaraladı

7505
Şəhid Çingiz Qurbanovun atası ilə son danışığı: "Burada hər şey əladır, yanıma gəlməyin!"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 9 fev — Sputnik. Çingiz Salman oğlu Qurbanov. 2016-cı ilin 29 dekabrına qədər bu ad Azərbaycan oxucusuna heç nə demirdi. Amma bu gün o, hər bir azərbaycanlının qəlbindədir. Prezident İlham Əliyev ona ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adını verib. Bu ad Çingiz Qurbanova Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə verilib.

Şəhid Çingiz Qurbanovun məzun albomundakı fotosu
© Sputnik / Leyla Abdullayeva
Şəhid Çingiz Qurbanovun məzun albomundakı fotosu

Çingiz Azərbaycanın geri qaytarılmayan itkisidir. Bu itki hamımıza təsir etsə də, daha çox ailəsini, doğmalarını yandırıb yaxır. Çingiz haqqında daha çox şey öyrənmək üçün onun doğulub böyüdüyü kəndə yollandıq.

Çingiz Qurbanov 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Texniki Universitetinə daxil olub. 2016-cı ilin iyununda universitetdən məzun olub və iyul ayında həqiqi hərbi xidmətə çağırılıb.

Çingizin bibisi Nüşabə xanım
© Sputnik / Leyla Abdullayeva
Çingizin bibisi Nüşabə xanım

Onun yarımçıq qalmış ömrünün bəzi səhifələrini xatırlamaq üçün dogmalarını axtardıq. Kənddə bizə onun bibisini — Hacıyeva Nüşabə Qurban qızını nişan verdilər. Və görüşdük.

N. Hacıyeva Çingizin şəhid olması xəbərini necə aldıqlarını belə anladır: "29 dekabr 2016-cı il tarixində televizorda xəbərlərə baxırdıq. Bir də eşitdik ki, deyirlər "Çingiz Salman oğlu Qurbanov əsir düşüb". Tez bir zamanda xəbər bütün qohum-əqrabaya yayıldı".

"Sonra bizə məlumat verdilər ki, ermənilər sərhədi pozaraq bizim ərazilərə daxil olublar. Geri qayıdanda Çingiz onları təqib edərək sərhədi keçib və düşmən tərəfdən 3 nəfəri öldürüb, 1 nəfəri isə yaralayıb. Sonra onu mühasirəyə alıblar və o, əsir düşüb. Biz onun əsir düşdüyünü biləndən sonra da son ana qədər sağ qayıdacağını gözləyirdik" — bibisi deyir.

Nüşabə xanımın sözlərinə görə, Çingiz qardaşının ailəsində ilk itki deyil: "Çingizdən qabaq qardaşımın ailəsi 2 yaşlı qız övladını itirmişdi. Ailə kasıbçılıqla dolanıb. Çingiz kasıbçılıqla böyüyüb. Buna baxmayaraq, həmişə özünə fikir verirdi, geyim-geciminə diqqət edirdi. Hər hansı çətinliyi olsa belə, heç kimə bildirməzdi. 28 dekabrda atası ilə son telefon danışığında dedikləri də buna sübutdu. Onda atasına deyib ki, "yanıma gəlməyin ha, burada hər şey əladır, uşaq deyiləm ki?! Yanıma gəlib uşaqları mənə güldürməyin".

Şəhid Çingiz Qurbanovun məzarı
© Sputnik / Leyla Abdullayeva
Şəhid Çingiz Qurbanov Qusardakı Şəhidlər Xiyabanında dəfn olunub

N. Hacıyevanın dediyinə görə, Çingiz atası ilə son telefon danışığında diplomunun ona göndərilməsini istəyib: "Həm də yanvarın 5-də məzuniyyətə gələcəyini deyib. Səbrsizliklə onun gəlməyini gözləyirdik. İstər məktəb illərində, istərsə də universitetdə müəllim və yoldaşlarının hörmətini qazanmışdı. Azərbaycan Texniki Universitetinin "Sənaye mühəndisliyi və optik cihazlar" fakültəsini bitirmişdi. Bu fakültənin ilk məzunlarından biri olmuşdu. Bu istiqamətdə elmi fəaliyyətini davam etdirməzdən öncə Vətənə borcunu yerinə yetirməyə qərar vermişdi. Balamın arzuları yarımçıq qaldı. Cəmi 4 ayın əsgəri oldu".

"Çingizin Beytulla adında bir qardaşı var. Beytulla hazırda Bakıda ali təhsil alır. Valideynləri uşaqların təhsili ilə əlaqədar Bakıya köçüblər, orada işləyib, uşaqlarını oxudurdular. Çingizin ailəsi Bakıda kirayədə yaşayır. Doğma kəndlərinə də hərdənbir gəlirlər" — müsahibimiz bildirir.

"Biz heç bilmədik ki, Çingizin sevdiyi qız var idi, ya yox. Nişan, toy xonçası tutmaq, gəlin gətirmək bizə nəsib olmadı. Əvəzinə tabutunu soyuq məzara qoyduq. Düşmən yaman amansız oldu, gül balamıza qıydı" — deyən Nüşabə xanım göz yaşlarını tuta bilmir.

İndi Çingizin ailəsinin, doğmalarının sadəcə bir təsəllisi var: Çingiz Vətən uğrunda şəhid olub!

Ç. Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Onun nəşi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Çingiz fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

7505
Teqlər:
bibi, Çingiz Salman oğlu Qurbanov, Qusar, itki, ailə, şəhid, İlham Əliyev, Azərbaycan, prezident
Əlaqədar
Şəhid atası: “O biri oğlum da canından keçməyə hazırdır”
Şəhid Çingiz Qurbanov doğma rayonunda dəfn olunacaq
Şəhid Çingiz Qurbanovun nəşi geri qaytarılıb
Azərbaycan Prezidenti Şəhidlər Xiyabanını ziyarət edib
"20 Yanvar - Şəhidlik zirvəsi" mövzusunda konfrans keçirilib
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub
Tarix dərslikləri, arxiv şəkli

Qələbəmizdən sonra dərsliklərimiz belə dəyişəcək

11
(Yenilənib 12:10 27.11.2020)
"Dərsliklərə nələrin salınması Təhsil Nazirliyi ilə məsləhətləşmədən sonra bilinəcək. Nazirlik necə məsləhət bilərsə, biz də həmin məlumatları dərsliklərə əlavə edəcəyik".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Son günlərin ən çox  müzakirə edilən mövzularından biri də Qarabağda qazandığımız zəfərin dərsliklərdə öz əksini tapması ilə bağlıdır. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səslənsə də, dərsliklərdə Azərbaycanın şanlı döyüş salnaməsinin necə öz əksini tapacağına dair rəsmi fikir yoxdur. Sputnik Azərbaycan dərsliklərdə müharibə və qələbə mövzusunun necə və nə vaxtdan əks olunacağını araşdırıb. Mövzunu araşdırmazdan öncə qeyd edək ki, Azərbaycanda orta ümumtəhsil müəssisələrində "Qarabağ tarixi" dərsliyi ayrıca tədris olunur. Həmin dərsliyin Qarabağ işğaldan azad olunduqdan sonra dəyişdirilməsinə xüsusi ehtiyac olduğundan, Sputnik Azərbaycan 7-ci sinif "Qarabağ tarixi" dərsliyinin həmmüəllifi, elmlər doktoru Qasım Hacıyevlə söhbətləşib.

Q.Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Quruçay mədəniyyəti dövründən başlayaraq Qarabağla bağlı mövzular yığcam şəkildə hazırlanaraq çap edilib: “Burada Qarabağın xəritədə yerləşdiyi ərazilər, təbiəti, tarixi abidələr və ən mühüm hadisələrin şəkilləri verilib”. Onun sözlərinə görə, ilk çap edilən "Qarabağ tarixi" dərsliyi 90 min nüsxə, ikinci nəşrində 130 min Azərbaycan, 13 min rus bölməsi üçün çap olunub: “Dərslik ikinci dəfə dəyişildikdə, 2019-cu ildə aprel döyüşləri, Cocuq Mərcanlının bərpası əlavə olunub. Qeyd edim ki, Nadir şahdan bu günə Azərbaycanın işğal olunmuş bir qarış torpağı belə azad edilməyib. Ona görə də, bu tarixi zəfərə bütün dərsliklərdə, xüsusən də tarix dərsliklərində ayrıca yer verilməldiir. Bizə rayonlarımızın işğal tarixi, azad olunma tarixi, toponimlər məlumdur. Amma dərsliklərə nələrin salınması Təhsil Nazirliyi ilə məsləhətləşmədən sonra bilinəcək. Nazirlik necə məsləhət bilərsə, biz də həmin məlumatları dərsliklərə əlavə edəcəyik. Torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın döyüş tarixində ən şərəfli hadisədir. Qarabağın azadlığa çıxması xalqımız üçün fəxredici tarixdir. Qarabağın işğaldan azad edilməsi həyatımızın bütün sahələrinə - siyasi, iqtisadi, sosial və mədəni sahələrinə təsir edir. Ona görə də nəinki tarix, ictimai və humanitar fənlərə aid olan orta və ali məktəb dərsliklərində bu hadisələr əksini tapmalıdır. Çünki qeyd etdiyim kimi, bizim qələbəmiz xalqımızın, dövlətçiliyimizin tarixində mühüm hadisədir”.

Tarix fənni ilə bağlı əlavə vəsaitlərin müəllifi Hamlet Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ümumilikdə tarix fənni ilə bağlı konsepsiya hazırlanmalıdır: “Bizə tarixin mahiyyəti öyrədilməlidir. Təəssüf ki, sovet təhsil ideologiyası qalmaqdadır. Hazırda Ümumi tarix və Azərbaycan tarixi keçirilir. Amma elm olaraq vahid tarix elmi var. Ona görə də düşünürəm ki, tarix elm şəklində öyrədilməlidir. Türkiyədə İnqilab tarixi var. Aşağı sinifdən tədris edilir. Bizdə də  5-ci siniflərdə Azərbaycan tarixi qalmalıdır. 6-11 siniflərdə tarix elmi vahid şəkildə keçirilməlidir. 10-11-ci siniflərdə isə tarix dərsliyindən başqa, Vətən tarixi adlı dərslik nəşr olunaraq tədris edilməlidir”.

Həmsöhbətimiz deyir ki, tarix dərslikləri baş verən tarixi hadisələrlə bağlı müəyyən dövrdən bir dəyişdirilir, əlavələr edilir: “Məsələn, 10 il əvvəl çap olunan tarix dərsliyində Mübariz İbrahimovla bağlı məlumat yox idi. Amma son nəşrlərdə Aprel döyüşü, Mübariz İbrahimovla bağlı məlumatlar daxil olub. Qələbəmiz, Qarabağın işğaldan azad olunması da müəyyən paraqraflarla dərsliklərə əlavə oluna bilər. Qarabağ tarixi dərsliyinin əlavə çap olunması torpaqlarımız işğalda olduğu dövrlər üçün aktual idi. Qarabağı unutmamaq, torpaqlarımızın işğalda olması barədə dərsliklərdə ayrı-ayrı paraqraflarda tədris olunur. Qarabağla bağlı dərsliklərdə məlumatlar var. Amma artıq torpaqlarımız işğaldan azad edilib. Düşünürəm ki, Qarabağ tarixini ayrıca çap etməyə daha ehtiyac qalmır”.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanın qələbəsi, Qarabağın işğaldan azad olunması mütləq şəkildə dərsliklərə salınacaq. C.Valehov hələki bu dəyişikliyin hansı dərsliklərdə aparılacağı və sair məsələlərin tam dəqiqləşmədiyini söylədi: “Sosial şəbəkələrdə yazırlar ki, Tarix dərsliyinin üzərinə müharibədə qəhrəmanlıq edən topçunun şəkli vurulacaq. Qeyd edim ki, bunlar qeyri-rəsmi məlumatlardır. Hansı qəhrəmanımızın şəklinin harada olacağı barədə indidən qəti fikir söyləmək olmaz. Onların hər biri bizim üçün qəhrəmandır. Amma dərsliklərə müharibə tariximizlə bağlı nələrin əlavə ediləcəyi barədə müzakirə aparıldıqdan sonra qərar veriləcək. Müharibədə zəfər çalmağımız, Qarabağın işğaldan azad olunması mütləq şəkildə dərsliklərimizdə yer alacaq”. 

11
Teqlər:
Salnamə, Azərbaycan, döyüş, Qarabağ, dərslik, qələbə
Alban Klod, arxiv şəkli

Fransada yaşayan azərbaycanlı məşhur Qarabağa gələcək

7
(Yenilənib 12:04 27.11.2020)
Alban Klod: "Mənim məqsədim fransız oxuculardan ötrü müharibə və tarixi torpaqlar haqqında yazmaqdır".

BAKI, 27 noyabr — Sputnik. "Tezliklə Qarabağda olacağam. Məqsədim fransız oxucular üçün müharibə və tarixi torpaqlar haqqında yazmaqdır. Düşünürəm ki, bu yolla daha faydalı ola bilərəm".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan kötücəsi Alban Klod "Facebook" hesabında yazıb.

Qeyd edək ki, Alban Klod Tağıyevin ikinci oğlu Sadıxın nəticəsidir.

7
Teqlər:
Fransa, Hacı Zeynalabdin Tağıyev, Qarabağ
Avropa Parlamentinin iclası, arxiv şəkli

Avropa Parlamenti Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul etdi

0
(Yenilənib 12:22 27.11.2020)
Bir oktyabr 2020-ci il tarixinə milli iqtisadiyyatda muzdlu işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.

BAKI, 27 noyabr — Sputnik. Avropa Parlamenti Avropa İttifaqı üzv dövlətlərini Aralıq dənizindəki davranışına görə Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.

Banker.az xəbər verir ki, sənədlə bağlı səsvermə Avropa Parlamentinin Brüsseldəki plenar iclasında baş tutub.

Bildirilir ki, qətnaməyə 631, əleyhinə 3 deputat səs verib. "Parlament üzvləri Avropa Şurasını Türkiyənin qanunsuz fəaliyyəti ilə bağlı vahid mövqe tutmağa və buna cavab olaraq sərt sanksiyalar tətbiq etməyə çağırırlar", – sənəddə deyilir.

Qətnamə Türkiyənin Kiprin şimalındakı keçmiş Varoşa kurort zonasını açmaq qərarının bu problemin həlli perspektivlərini sarsıtdığını vurğulayır.

Eyni zamanda sənəddə Ankaranın Aralıq dənizi, Liviya və Suriyadakı hərəkətləri sayəsində Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətlərin "tarixi minimuma" çatdığı qeyd edilir. Avropa İttifaqı və Türkiyə münasibətləri 10-11 dekabr sammitində diqqət mərkəzində olan mövzulardan biri olacaq.

0
Teqlər:
Brüssel, plenar iclas, Kipr, Türkiyə, Avropa Parlamenti, Sanksiya