Военная техника на дороге

Yaxın zamanlarda Qarabağda növbəti genişmiqyaslı hərbi əməliyyatların şahidi ola bilərik

10194
(Yenilənib 14:37 28.04.2016)
Azərbaycan ekspertlərinin fikrincə, Ermənistan prezidenti danışıqlar prosesində özlərinə sərf edən vəziyyətin yaranmasına çalışır.

BAKI, 26 apr — Sputnik. “Müharibə istənilən an başlaya bilər və münaqişəni həll etmək üçün danışıqların perspektivi çox azdır”. Bunu “Bloomberg” agentliyinə müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan deyib. O bildirib ki, təhlükəsizliyə təminat olmadan Azərbaycanla danışıqlara girməyin heç bir mənası yoxdur.

Ermənistan prezidenti müsahibəsində ilk dəfə olaraq açıq şəkildə danışıqlardan imtina etdiyini və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmadığını bildirib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə istənilən an başlaya bilər. Danışıqların perspektivi isə çox azdır.

Münaqişə zonasına Rusiya sülhməramlılarının yerləşdirilməsi məsələsinə gəldikdə isə Sarkisyan deyib ki, bu haqda söhbət də gedə bilməz. “Hərçənd əvvəllər danışıqlar zamanı Rusiya qoşunlarının münaqişə zonasında yerləşdirilməsinin müzakirə olunduğu haqda xəbərlər əsassız deyildi. Ancaq mən indi belə ehtiyac görmürəm”, — deyə o bildirib.

Politoloq Şahin Cəfərli Sputnik-ə açıqlamasında bildirib ki, Azərbaycan mediası Sarkisyanın son bəyanatını düzgün təqdim etmir:

“Azərbaycan mediasında belə qələmə verildi ki, guya Sarkisyan bəyan edib ki, Ermənistan artıq danışıqlar prosesindən çıxır. Lakin orada bundan söhbət getmir. Belə bir bəyanatın verilməsi çox ciddi bir vəziyyət yaradardı. Çünki Ermənistan əgər danışıqlardan çıxdığını bəyan edirsə, bu o deməkdir ki, Ermənistan artıq müharibə yolunu seçir. Məncə, Ermənistan rəhbərliyi belə bir addım atmaz, yəni ən azı siyasi-diplomatik baxımdan Ermənistanın heç də maraqlarına uyğun olan bir addım olmaz”.

Politoloqun fikrincə, bəyanatın əsas məqsədi Ermənistan ordusuna vurulan zərbələrin qarşısını almaqdır:

“Sarkisyan bu bəyanatı səsləndirməklə danışıqlar prosesində özlərinə sərf edən bir vəziyyətin yaranmasına çalışır. Çünki hal-hazırda Dağlıq Qarabağ ətrafındakı beş rayonun Azərbaycana qaytarılması mövzusu aktuallaşıb. Sarkisyanın da bu cür səhv bəyanatların səsləndirməsində məqsədi bir növ təyziqləri neytrallaşdırmaq və danışıqlar prosesində Ermənistan üçün daha əlverişli vəziyyətin yaranmasına çalışmaqdan ibarətdir. İndi Ermənistanın əsas məqsədi Azərbaycan ordusunun işğalçı Ermənistan ordusuna mütəmadi vurduğu lokal zərbələrin dayandırılmasına çalışmaqdır. Bu məqsədlə Ermənistan beynəlxalq ictimaiyyətdən, konkret Minsk qrupu həmsədrlərindən hansısa real təminatlar gözləyir”.

Siyasi şərhçi Rauf Mirqədirovun sözlərinə görə isə, bu bəyanat Ermənistan prezidentinin sülh prosesinə qeyri-ciddi yanaşdığını göstərir:

“Ermənistanın sülh danışıqlarına yanaşması 1994-cü ildə bağlanmış atəşkəs rejimi haqqındakı müqavilə ilə bağlıdır. Ermənistan bu müqaviləni əbədi bir müqavilə kimi qəbul edir və onun pozulmasını danışıqlara zərbə olduğunu elan edir. Əslində, bu bir oyundur. Çünki hər-hansı bir atəşkəs rejimi haqqında bir müqavilə yalnız münaqişənin siyasi həlli və danışıqlar üçün bir vasitədir. Bu müqavilə əbədi ola bilməz. Ermənistan prezidentinin bu bəyanatı da onun sülh prosesinə qeyri-ciddi yanaşmasının göstəricisidir”.

Rauf Mirqədirov hesab edir ki, bundan sonra bir çox məsələlər vasitəçilərdən asılıdır. “Əgər onlar yenə də bütün səylərini atəşkəs rejiminin gücləndirilməsi üzərində cəmləşdirəcəklərsə, biz yaxın zamanlarda növbəti genişmiqyaslı hərbi əməliyyatların şahidi ola bilərik. Təəssüflər olsun ki, bu əməliyyatlar böyük müharibəyə də çevrilə bilər”, — deyə ekspert bildirib.

Xatırladaq ki, Sarkisyan sözügedən müsahibəsində ilk dəfə döyüşlər zamanı cəbhənin şimal və cənub istiqamətlərində bəzi mövqeləri itirdiklərini təsdiqləyib. Onun sözlərinə görə, Azərbaycan qoşunları təmas xəttinin şimalında və cənubunda ərazilərin bir hissəsini nəzarət altına alıb. 

10194