Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Azərbaycan XİN Ermənistanın ittihamlarına cavab verdi

36
Hikmət Hacıyev: "Ermənistan cəbhə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə bərabər tutulan əməllər törədib"

BAKI, 12 apr — Sputnik. "Nəhayət ki, rəsmi Yerevan Ermənistanın məsuliyyət daşıdığı Cenevrə konvensiyaları və beynəlxalq humanitar hüquq adlı beynəlxalq vasitələrin mövcudluğunu dərk edib". Sputnik xəbər verir ki, Ermənistan XİN və Müdafiə Nazirliyinin Cenevrə konvensiyalarının pozulması barəsində açıqlamasına münasibət bildirən, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev belə açıqlama verib.

XİN sözçüsü bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, işğal olunmuş ərazilərimizdə mülki Azərbaycan əhalisinə qarşı törətdiyi qanlı etnik təmizləmə siyasəti, Xocalı soyqırımı, azərbaycanlı əsir və girovların işgəncələrə məruz qoyulması, öldürülüməsi və kütləvi məzarlıqlarda basdırılması və digər bu kimi hərbi və insanlıq əleyhinə cinayət və soyqırım əməlləri dəlillər və şahidlərin ifadələri əsasında sənədləşdirilib və beynəlxalq təşkilatlara təqdim edilib: "Bu əməlləri törətməklə, Ermənistan tərəfindən bir dövlət olaraq, Cenevrə konvensiyaları, mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt, iqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt, soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya, bütün növ irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə konvensiya, işgəncələr əleyhinə konvensiya və silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında konvensiya və digər beynəlxalq sənədlər üzrə öz üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozulub".

"Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistan silahlı qüvvələri tərəfindən mülki Azərbaycan əhalisinin hədəfə alınması, öldürülməsi və yaralanması halları daimi olaraq davam edib. Beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti ehtiva edən cinayət əməllərinə adekvat münasibətin bildirilməməsi və cinayətkarların vaxtında cəzalandırılmaması yeni cinayətlərin törədilməsinə rəvac verib", —deyə H. Hacıyev qeyd edib.

Onun sözlərinə görə, 2016-cı ilin 2 aprel tarixində isə səhər erkən saatlardan başlayaraq Ermənistan cəbhə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə bərabər tutulan əməllərini törədib: "Bu müddət ərzində Ermənistan tərəfi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı artilleriya və digər ağır atəş vasitələrindən qəsdən, sistematik və hədəflənən hücumlar edib. Məlumat verildiyi kimi 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla, 6 mülki şəxs həlak olmuş, 26 şəxs ağır yaralanıb. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəymişdir. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılmışdır. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilmişdir. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub. Ermənistanın cinayət əməlləri nəticəsində mülki insanlara və obyektlərə dəymiş zərərin araşdırılması və qiymətləndirilməsi istiqamətində davam etdirilir".

Azərbaycan XİN rəsmisi əlavə edib ki, bu əməllərə görə öz məsuliyyətini gizlətmək üçün Ermənistan tərəfindən qurma ölüm səhnələri düzəldilir, saxta foto və video materiallar və dezinformasiya xarakterli məlumatlar yayılır: "Bütün bu cinayətlər, o cümlədən 2 aprel tarixindən başlayaraq törədilən əməllər barəsində dövlət olaraq Ermənistan və bu gün onun siyasi-hərbi rəhbərliyində olan şəxslərin fərdi məsuliyyəti haqqında beynəlxalq ictimaiyyətin və aidiyyəti təşkilatların məlumatlandırılması davam etdiriləcək və zəruri beynəlxalq hüquqi addımlar atılacaq".

36
Teqlər:
Cenevrə konvensiyaları, Rəsmi Yerevan, XİN, Ermənistan, Azərbaycan, cəbhə, Qarabağ
Əlaqədar
Rusiya XİN rəhbəri Bakıdadır
Azərbaycan və İran XİN başçıları cəbhədəki son hadisələri müzakirə ediblər
XİN: Ermənistan təcavüzü dayandırmasa, cavabını alacaq
XİN: Ölən və yaralananlar, şəxsi mülkiyyətə ciddi zərər dəyməsi haqqında məlumatlar var
XİN: İran raket potensialını artıracaq
Azərbaycan XİN işğal olunmuş ərazilərlə bağlı hesabat hazırlayıb
İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: "Bəyanata müdaxilə etmək cəhdləri var"

5
(Yenilənib 13:24 01.12.2020)
"Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib".

BAKI, 1 dekabr — Sputnik. "Danışıqlar prosesi ilə əlaqədar onu da bildirməliyəm, - istəyirəm Azərbaycan xalqı bu məlumatı məndən eşitsin, - təsadüfi deyil ki, işğalda olan rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim mövqeyimiz idi. Ancaq burada da mərhələli həll nəzərdə tutulurdu. Biz də bunun tərəfdarı idik".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

"Birinci mərhələdə 5 rayonun Azərbaycana qaytarılması, ikinci mərhələdə isə Laçın dəhlizi istisna olmaq şərti ilə Kəlbəcər və Laçın rayonunun Azərbaycana qaytarılması. Ermənistan tərəfi hər dəfə məsələ qaldırırdı ki, əgər bu 7 rayon Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda öz həllini tapmalıdır. O başqa məsələdir ki, Ermənistan, sadəcə olaraq, danışıqlarda iştirak edərək imitasiya ilə məşğul idi və heç bir rayonu bizə qaytarmaq fikrində deyildi. Ancaq istənilən halda onların mövqeyi belə idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalıdır, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır, səsvermə üçün tarix müəyyən edilməlidir. Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilməmişdi. Bax, bu idi danışıqlar masasında olan məsələlər. Mən deyə bilərəm, bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, - Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, - qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər.

Mən isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir", - deyə Prezident qeyd edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

5
Teqlər:
Laçının azad olunması, Prezident İlham Əliyev, Üçtərəfli bəyanat
Rusiya sülhməramlıları Laçında, arxiv şəkli

Prezident Laçın dəhlizi ilə bağlı maraqlı təfərrüatları açıqlayıb

9
"Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır".

BAKI, 1 dekabr — Sputnik. Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilib. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində üçtərəfli Bəyanatla bağlı bəzi təfərrüatlardan danışarkən bildirib.

"Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir", - deyə dövlətimizin başçısı bildirib.

Prezident qeyd edib ki, 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu: "Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bunun nəticəsində Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. Orada minlərlə, bəzi məlumatlara görə, bəlkə də 10 minə yaxın insan yaşayırdı. Belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır".

9
Teqlər:
Prezident İlham Əliyev, xalqa müraciət, dəhliz, Laçının azad olunması
Xalq artisti Arif Babayev, arxiv şəkli

Xalq artisti koronavirusa yoluxub

0
Gültəkin xanım: "Qanını yoxladılar, pozitiv çıxıb. Mən qripəm, məndə neqativ çıxıb, amma o məndən daha gümrahdır. Müalicəsi evdə davam edir"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri, Xalq artisti Arif Babayev koronavirusa yoluxub.

Bununla bağlı Sputnik Azərbaycan-a məlumat verən Arif Babayevin həyat yoldaşı Gültəkin Babayeva bildirib ki, sənətkarın vəziyyəti stabildir: "Bildiyiniz kimi, Arif Babayev bir müddət öncə insult keçirib. Ona görə də vaxtaşırı Mərkəzi klinik xəstəxanaya müayinəyə gedirik. Qanını yoxladılar, pozitiv çıxıb. Mən qripəm, məndə neqativ çıxıb, amma o məndən daha gümrahdır. Müalicəsi evdə davam edir" .

Məlumat üçün bildirək ki, Arif Babayev XX əsrin ikinci yarısından etibarən Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri sayılır. Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

O, müxtəlif illərdə "Azərbaycan SSR Əməkdar artisti", "Azərbaycan SSR Xalq artisti", "Şöhrət" ordeni, "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatı və "Şərəf" ordeni ilə təltif olunub.

0
Teqlər:
xalq artisti, Koronavirus, yoluxma, Arif Babayev