Azərbaycan XİN

XİN Ermənistana beynəlxalq aləmə xəbərdarlıq edib

13
(Yenilənib 23:24 31.08.2015)
XİN: Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün atacağı addımların nəticələrinin məsuliyyəti Ermənistanın üzərinə düşəcək.

BAKI, 31 avq-Sputnik. Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın işğal olunmuş ərazilərində 13 sentyabr 2015-ci ildə qondarma separatçı rejimin “özünüidarə orqanları”na qanunsuz “seçkilər”lə bağlı bəyanat yayıb.

Sputnik-ə daxil olan bəyanatda deyilir ki, XİN Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan Respublikası tərəfindən yaradılmış separatçı rejimin təcavüz və irqi ayrı-seçkiliyin mütləq nəticəsi olduğunu bir daha vurğulayır.  

“Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir.

Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığı və zordan istifadə edərək Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi və bir milyondan artıq azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik təmizləmə həyata keçirdiyi və digər ağır cinayətlər törətdiyi hamıya yaxşı məlumdur. BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində təsbit olunduğu kimi, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı zor tətbiq edilməsi və bunun nəticəsində Azərbaycanın ərazilərinin işğalını kəskin şəkildə pisləyib və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü pozan istənilən əməlləri rədd edərək, bu əməllərin nəticəsində yaradılmış vəziyyətin qanuniliyinin tanınmaqdan imtina edib.” – XİN-in bəyanatında bildirilir. 

XİN qeyd edib ki, qondarma “seçkilər”in keçirilməsi status-kvonun saxlanıldığını, işğalçı siyasətin və ilhaq niyyətlərinin möhkəmləndirildiyini göstərir. “Ermənistan silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı deyil və əksinə olaraq, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub.”

Bəyanatda həmçinin qeyd olunur ki, Azərbaycan ərazilərinin hərbi işğalının və etnik təmizləmə siyasətinin davam etdiyi zəmində bu qurama “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır. Buna görə də, sözügedən “seçkilər”in heç bir hüquqi qüvvəsi ola bilməz.

XİN bəyanatda beynəlxalq ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımamağa, bu vəziyyətin saxlanılmasına yardım göstərməməyə və bu istiqamətdə təsirli tədbirlər görməyə çağırıb.

“Ermənistan öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, ilhaqçılıq və etnik təmizləmə siyasətinə son qoymalı, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir.” – bəyanatda deyilir. 

Burada qeyd olunub ki, Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün atmaq məcburiyyətində qala biləcəyi addımların istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşəcək.

13
Teqlər:
Azərbaycan XİN, Xarici İşlər Nazirliyi, XİN, Azərbaycan

XİN: Azərbaycan Ordusu əks-hücumlarda beynəlxalq humanitar hüquqa tam riayət edir

7
Hərbi əməliyyatlar Azərbaycanın işğal olunmuş ərazilərində gedir, əslində Ermənistanın bu müraciəti onun Azərbaycanın torpaqlarının işğalına dair ictimai etirafı kimi də başa düşülə bilər

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi açıqlama yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, açıqlamada deyilir:

"Azərbaycana qarşı müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı Ermənistan tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) ünvanlanmış müraciətə dair Məhkəmənin 28 sentyabr 2020-ci il tarixində dərc edilmiş press-relizinə, həmçinin Avropa Şurasının (AŞ) kommunikasiya departamentinin rəhbərinin İHAM tərəfindən bu müraciətə qısa müddətdə baxılacağı barədə verdiyi məlumata dair aşağıdakıları bildiririk:

İlk növbədə, 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atmışlar. Mülki əhalini və mülki obyektləri açıq və məqsədyönlü şəkildə hədəfə alan Ermənistan bu günədək hərbi qulluqçulardan əlavə, aralarında ahıl, qadın və uşaqların olduğu doqquz nəfər Azərbaycanlı mülki vətəndaşı qətlə yetirmiş, onlarla mülki şəxsi yaralamış və çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan vurmuşdur. Beynəlxalq humanitar hüquq və insan hüquqlarını kobudcasına pozan Ermənistan hökumətinin bu müraciəti onun ikiüzlü siyasətinin növbəti təzahürüdür.

Digər yandan, nəzərə alsaq ki, hərbi əməliyyatlar Azərbaycanın işğal olunmuş ərazilərində gedir, əslində Ermənistanın bu müraciəti onun Azərbaycanın torpaqlarının işğalına dair ictimai etirafı kimi də başa düşülə bilər.

Görünən odur ki, Ermənistan ənənəsinə sadiq qalaraq, İnsan Hüquqları üzrə Avropa Məhkəməsini öz siyasi oyunlarına alət etməkdən və bu müstəsna hüquq müstəvisindən çirkin siyasi məqsədlər üçün istifadə etməkdən çəkinmir. Avropa Məhkəməsinin Ermənistanın məkrli siyasi oyunlarından kənarda dayanacağına ümid edirik.

Hesab edirik ki, Beynəlxalq hüququn fundamental norma və prinsiplərini, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrini, beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını kobud şəkildə pozmaqda davam edən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Çıraqov Ermənistana qarşı iş üzrə pilot xarakter daşıyan 2015-ci il tarixli qərarını bu günədək icra etməyən Ermənistanın insan hüquqlarının müdafiəsi mexanizmlərindən sui-istifadə etmək cəhdinin qarşısı alınmalıdır.

Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Ermənistandan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələri mülki əhalini, mülki obyektləri və mülki infrastrukturu hədəfə almır. Ermənistanın məqsədli şəkildə atəş nöqtələrini yaşayış məntəqələrinin yanında yerləşdirdiyini nəzərə alaraq, Müdafiə Nazirliyi işğal olunmuş ərazilərdə məskunlaşdırılmış əhaliyə hərbi obyektlərdən kənarda durmaq barədə rəsmi çağırış edib.

Onu da qeyd edək ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 15-ci maddəsinə uyğun olaraq, Azərbaycan tərəfi hərbi vəziyyətin tətbiqi ilə əlaqədar Konvensiya üzrə bəzi öhdəliklərdən geri çəkilmə hüququndan (deroqasiya) istifadə etməsi haqqında sentyabrın 28-də Avropa Şurasının Baş katibini məlumatlandırıb.

Bildiririk ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində apardığı əks əməliyyatlarda beynəlxalq humanitar hüquqa tam və qətiyyətlə riayət etməkdədir".

7
Teqlər:
Azərbaycan XİN, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Sahibə Qafarova "TRT Haber"ə Ermənistanın hərbi təxribatları barədə müsahibə verib
Hikmət Hacıyev dünyanın aparıcı KİV-lərini Qarabağ döyüşləri barədə məlumatlandırdı
Angela Merkel Prezident İlham Əliyevə zəng edib
Rəsmi Bakı: Ermənistanın hərbi təcavüzü nəticəsində 10 mülki şəxs həlak olub
Ermənistan ərazisindən Daşkəsən rayonu ərazisi atəşə tutulur

Sahibə Qafarova "TRT Haber"ə Ermənistanın hərbi təxribatları barədə müsahibə verib

2
"Hazırda Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında və bir amal uğrunda birləşib. Bu da qələbə çalmaq, torpaqları azad etməkdir. Əminik ki, o gün çox yaxındır. Çünki Azərbaycan haqq-ədalət savaşı verir. Çünki Qarabağ Azərbaycandır!"

BAKI, 29 sentyabr — Sputnik. Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin TRT Haber kanalına Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarla bağlı müsahibə verib.

Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İlk olaraq, prosesləri diqqət mərkəzində saxlayan qardaş Türkiyənin dövlət kanalına öz adından və Azərbaycan Respublikasının Milli Məclisi adından təşəkkür edən Sahibə Qafarova qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Milli Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana dəstək ifadə ediblər: "Dəyərli həmkarım Mustafa Şentop şəxsən mənə zəng edib və qardaş Türkiyənin dəstəyini ifadə edib. Eyni zamanda, TBMM-də təmsil olunan siyasi partiyalar Azərbaycanla həmrəylik bəyanatları veriblər. Biz bu dəstəyi, həmrəyliyi çox yüksək qiymətləndiririk".

Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlarla bağlı geniş məlumat verən Milli Məclisin Sədri xatırladıb ki, sentyabrın 27-də səhər saat 06:00 radələrində işğalçı ölkənin silahlı qüvvələri yenidən hücuma keçib. Bu hücumla Ermənistan yeni ərazilər ələ keçirmək niyyəti ilə hərəkət edib: "Onlar həm də sivil əhalini hədəf alıblar. Təəssüf ki, bizim həm mülki vətəndaşlarımız, həm də hərbi qulluqçularımız şəhid olublar. Lakin onu da qeyd edim ki, Azərbaycan ordusu qısa müddətdə əks-hücum əməliyyatına başlayıb və düşməni geri çəkilməyə məcbur edib".

Artıq şanlı ordumuzun bir neçə yaşayış məntəqəsini düşməndən azad etdiyini vurğulayan Sahibə Qafarova əmin olduğunu bildirib ki, haqq uğrunda savaşan ordumuz ən qısa müddətdə işğal altında olan bütün torpaqlarımızı azad edəcək: "Biz öz torpaqlarımızı azad etmək uğrunda savaş veririk. Biz illərdir işğal altında qalan ata-baba yurdumuzu işğaldan azad etmək istəyirik və heç kəsin torpağına göz tikməmişik. Biz bizə aid olanı geri alırıq və alacağıq".

Müsahibəsində Azərbaycan torpaqlarının 30 ildir ki, işğal altında olduğunu xatırladan Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycan Ermənistanın yeni müharibəyə hazırlaşdığı barədə beynəlxalq ictimaiyyətə dəfələrlə xəbərdarlıq edib. Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistanın bu niyyəti barədə dünya ictimaiyyətinə məlumat verib. Ermənistanın bu təcavüzkar niyyəti, illərdir davam edən işğalçılıq siyasəti regionda sülhə əsas əngəldir. Azərbaycan bu işğalı aradan qaldırmaqla həm də regiona sülh və əmin-amanlıq gətirəcək.

"Hazırda Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında və bir amal uğrunda birləşib. Bu da qələbə çalmaq, torpaqları azad etməkdir. Əminik ki, o gün çox yaxındır. Çünki Azərbaycan haqq-ədalət savaşı verir. Çünki Qarabağ Azərbaycandır!" - deyə Sahibə Qafarova qeyd edib.

2
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Angela Merkel Prezident İlham Əliyevə zəng edib
Rəsmi Bakı: Ermənistanın hərbi təcavüzü nəticəsində 10 mülki şəxs həlak olub
Tərtər atəş altında: poçt binasına və xəstəxanaya top mərmiləri düşüb
Rəsmi Bakı BMT Təhlükəsizlik Şurasından gözləntisini açıqladı
Gecə ərzində gərgin döyüşlər davam edib - video