Azərbaycanlı qrossmeysterlər dünya şahmat liderləri sırasında

54
(Yenilənib 00:55 17.07.2021)
Azərbaycanın iki kişi qrossmeysteri dünya şahmat reytinqində ilk onluqdadır, qadınlar arasında isə Günay Məmmədzadə inamla irəliləyir.
İnfoqrafika: Məşhur azərbaycanlı şahmatçılar
© Sputnik / Elnur Salayev

Azərbaycanlı şahmatçılar dünya şahmat reytinqində lider mövqelərini qoruyub saxlayırlar. Son illər ərzində Şəhriyar Məmmədyarov ölkənin ən yaxşı şahmatçısıdır. Bu yaxınlarda Buxarestdə (Rumıniya) keçirilən Grand Chess Tour superturnirində qələbə qazanan Məmmədyarov dünya reytinqində kişilər arasında beşinci yerə yüksəlib.

Dünya şahmat reytinqinin ilk onluğuna həmçinin digər azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da daxildir. Həmyerlimiz TOP-10-da onuncu yerdədir.

Qadınların hesabında isə qrossmeysterimiz Günay Məmmədzadə inamla irəliləyir. Azərbaycan qadın şahmatçıları arasında reytinqdə rekord sayda – 2460 xal toplayan Məmmədzadə bunun sayəsində dünya reytinq cədvəlində 25-ci yerə yüksəlib.

Yaxın vaxtlarda daha bir həmyerlimiz Aydın Süleymanlı da dünya şahmat elitasına ayaq aça bilər. Ötən il Moskvada "Aeroflot-open" turnirində qələbə çalaraq irəli sıçrayan Süleymanlı bu turnirin tarixində qalib gələn ən gənc şahmatçı olub.

54
Teqlər:
şahmat, reytinq, şahmatçı, qrossmeyster, Azərbaycan

Azərbaycan dili: Orta əsrlərdən bu günə qədər ana dilimiz hansı yolu keçib?

22
(Yenilənib 00:52 17.07.2021)
Dünyada 50 milyondan çox adam bu dildə danışır. Azərbaycan Respublikasının dövlət dili olan bu dildə azərbaycanlıların kompakt yaşadığı İran, Gürcüstan, Türkiyə kimi ölkələrdə də danışılır.
İnfoqrafika: Azərbaycan dili
© Sputnik / Elnur Salayev

Avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.

Azərbaycan dili azərbaycanlıların danışdığı türk dillərindən biridir. Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin Qərb qrupuna daxildir, qıpçaq dilləri arealına xas xüsusiyyətlərə malikdir.

Dünyada 50 milyondan çox adam bu dildə danışır. Azərbaycan Respublikasının dövlət dili olan bu dildə azərbaycanlıların kompakt yaşadığı İran, Gürcüstan, Türkiyə kimi ölkələrdə də danışılır.

XX əsrdə Azərbaycanın yazı dili dörd dəfə dəyişdirilib. 1990-cı ildə Azərbaycanda latın qrafikalı yazıya keçmək təşəbbüsləri baş qaldırıb. 1 avqust 1990-cı ildə yaradılan Əlifba Komissiyası latın qrafikası əsasında Azərbaycanın müasir əlifbasını formalaşdırıb. 1992-ci ildə bu əlifba rəsmən qəbul edilib.

Ümummilli lider Heydər Əliyevin fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Azərbaycan dili və əlifbası haqqında daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

22

Cəbiş müəllim Mehdi Məmmədov haqqında - "Qarabağ inciləri" silsiləsindən

33
(Yenilənib 00:52 17.07.2021)
Cəbiş müəllim Şuşanın dünya mədəniyyətinə bəxş etdiyi əfsanəvi rejissor, aktyor Mehdi Məmmədovun həyat yolundan söz açır.

Azərbaycanın görkəmli teatr rejissoru, tanınmış aktyor, teatrşünas alim və pedaqoq, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədov 1918-ci il mayın 22-də Şuşada anadan olub.

O, Bakıda Teatr Texnikumunu bitirdikdən sonra 1935-ci ildə təhsilini davam etdirmək üçün Moskvaya gedərək Teatr Sənəti İnstitutunda oxuyur.

Bakıya qayıtdıqdan sonra 1940-cı ildə Akademik Milli Dram Teatrında rejissor, bədii rəhbər, 1956-cı ildə Opera və Balet Teatrında baş rejissor kimi çalışır. 1960-cı ildə yenidən Akademik Milli Dram Teatrına baş rejissor təyin edilir. 1974-1978-ci illərdə Opera və Balet Teatrının, 1978-1982-ci illərdə Rus Dram Teatrının baş rejissoru vəzifələrində çalışır.

Mehdi Məmmədov Milli Dram Teatrının baş rejissoru olduğu 10 il ərzində 12 səhnə əsərinə quruluş verib. Onun səhnələşdirdiyi "On ikinci gecə", "Madrid", "Od gəlini", "Oqtay Eloğlu", "Şeyx Sənan", "İblis", "Hamlet", "Xəyyam", "Müfəttiş", "Canlı meyit", "Romeo və Cülyetta", "Dəli yığıncağı" və digər tamaşaların hər biri Azərbaycan teatr tarixində hadisəyə çevrilmişdir.

Müsahibələrinin birində Mehdi Məmmədov etiraf etmişdi ki, quruluş verdiyi səhnə əsərləri arasında dünya səhnəsinə çıxarmağa ən çox layiq bildiyi məhz "Dəli yığıncağı"dır.

Onun Opera və Balet Teatrının səhnəsində quruluş verdiyi "Toska", "Lakme", "Sevil", "Koroğlu", ilk dəfə romantik və modernist üslubun vəhdətində ərsəyə gətirdiyi "Leyli və Məcnun" musiqili dramı, Rus Dram Teatrında hazırladığı "Həyatın dibində", "Nadejdalarım" tamaşaları rejissorun təxəyyülünün genişliyindən, ən əsası isə, bu genişliyi sərrast sərf etmək istedadından xəbər verir.

Mehdi Məmmədovun adı Azərbaycan mədəniyyətində yüksək intellektli, universal dünyagörüşlü sənətkar nümunəsi ilə assosiasiya olunur. O, keçmiş SSRİ məkanında yüksək peşəkarlıq xüsusiyyətlərini kamilliklə özündə birləşdirən az sayda sənətkarlardan idi.

Ümumilikdə 60 səhnə əsərinə bir-birindən mükəmməl quruluş verən Mehdi Məmmədova görə, bədii forma bədii məzmun qədər önəmlidir. Başqa sözlə, rejissor təqdim edəcəyi tamaşanın bədii formasını bütün görünən və görünməyən incəlikləri ilə təsəvvür etmirsə, onun məşq etməsi bir az qəribədir.

Mehdi Məmmədov ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olub. Mədəniyyət və İncəsənət Universitetində çalışmaqla yanaşı, Bakı Dövlət Universitetində etika və estetikadan dərs deyib.

1959-cu ildə Mehdi Məmmədov "Onu bağışlamaq olarmı" filmində mayor Qaya Mürşüdov rolunda çəkilib. Bu rol onun kinoda ilk və son işi olub.

Sənətdə qazandığı uğurlara görə Mehdi Məmmədov 1974-cü ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb. Akademik teatrda hazırladığı Hüseyn Cavidin "İblis" faciəsinə görə 1984-cü ildə Azərbaycan Dövlət mükafatı ilə təltif olunub.

Teatr tariximizə adını əbədi həkk etmiş böyük sənətkar Mehdi Məmmədov 1985-ci il yanvarın 28-də dünyasını dəyişib.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mehdi Məmmədovun 100 illik yubileyi qeyd olunub.

33
Teqlər:
infoqrafika, rejissor, teatr, Mehdi Məmmədov, Cəbiş müəllim
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov

Hüquqşünas: “Problemli kreditlərin artım tendensiyası bütün dünyada müşahidə olunur”

0
(Yenilənib 15:59 30.07.2021)
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov deyib ki, dövlət müəyyən addımlar atır, amma görünür, yardımın miqdarını artırmaq lazımdır
Əkrəm Həsənov: “Bu, biznesin iqtisadi fəallığının aşağı olması ilə əlaqədardır”

Azərbaycanda bu il iyulun 1 -nə vaxtı keçmiş kreditlərin məbləği 914,6 milyon manat təşkil edib. Qüsurlu kreditlər ilin əvvəlinə nisbətən 2,4% artıb, son bir ildə isə 14,2% azalıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyib ki, hazırda problemli kreditlərlə bağlı vəziyyət qeyri-müəyyəndir və problemli kreditlərin artım tendensiyası təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur: “Bu, əhalinin ödəmə qabiliyyətinin zəif olması və biznesin iqtisadi fəallığının aşağı olması ilə əlaqədardır. Ötən il Azərbaycan Mərkəzi Bankı ölkə banklarına həm banklardan, həm də istehlakçılardan belə kreditlərin qaytarılmasını tələb etməməyi tövsiyə etdi. Banklar keçən il bunu dinlədi. Tövsiyələrin müddəti bu il də uzadıldı, lakin banklar bu kreditləri problemli hesab etməyə başladılar. Təbii ki, manatın devalvasiyasına görə 2015 -ci ildən bəri aldığımız problemli kreditlərin həcmi geri qayıtmayacaq. Pandemiya tədricən zəifləyir, iqtisadi aktivlik bərpa olunur. Dövlət müəyyən addımlar atır, amma görünür, yardımın miqdarını artırmaq lazımdır”.

Əkrəm Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

0