Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Cəbiş müəllim görkəmli şuşalı rejissor haqqında danışır

Abunə olmaq
"Cəbiş müəllim" layihəsi Sputnik Azərbaycan-ın oxucularına Qarabağlı görkəmli şəxsiyyətlər barədə danışmağa davam edir. Növbəti buraxılış tanınmış azərbaycanlı rejissora həsr olunub.

Görkəmli Azərbaycan rejissoru Şəmsi Bədəlbəyli Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində pedaqoq və ictimai xadim Bədəl bəy Bədəlbəylinin və Rəhimə xanım Qacarın ailəsində dünyaya gəlib.

Orta məktəbdə təhsilini uğurla başa vuran Şəmsi atası Bədəl bəy kimi müəllim olmaq istəyi ilə Bakı Pedaqoji Texnikumuna daxil olur və burada 4 il təhsil alır. Yeniyetmə yaşlarından musiqiyə həvəs göstərən gənc 1927-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri sinfinə daxil olur, sonra təhsilini Üzeyir Hacıbəylinin kompozisiya nəzəriyyəsi sinfində davam etdirir. Teatr sənətinə sonsuz həvəsi onu Milli Dram Teatrına gətirir. Teatrın kiçik orkestrində tar çalmağa başlayır. 

1933-cü ildə Şəmsi Bədəlbəylinin həyatında mühüm bir dönəm başlayır, o, Xalq Maarif Komissarlığı tərəfindən Moskvaya təhsil almağa göndərilir. Təhsilini bitirib Bakıya qayıdan gənc rejissor Milli Dram Teatrında M.Zeynalovla birlikdə "Müsyö Jordan və Dərviş Məstəli şah", Adil İsgəndərovla birlikdə "Xoşbəxtlər" əsərlərini tamaşaya qoyur. C.Məmmədquluzadənin "Ölülər", V.Şekspirin "Kral Lir", M.Lermontovun "İki qardaş" pyeslərinin tamaşaları da rejissorun öz sənətkarlığını cilalamasında və əsərlərdə qoyulan ideyaların zamanla səsləşməsinə nail olmasında mühüm rol oynayır.

1941-ci ildə Böyük Vətən müharibəsi başlandıqdan bir müddət sonra İrana ezam olunan rejissor "Vətən uğrunda" qəzetində ədəbi işçi kimi çalışır, həm mədəniyyət mövzusunda yazılar yazır, həmçinin Təbriz şəhərində iranlı həvəskar aktyorlarla birlikdə Üzeyir Hacıbəylinin "Arşın mal alan", Zülfüqar Hacıbəylinin 2Əlli yaşında cavan", "Evlikən subay" əsərlərini tamaşaya qoyur. 

1943-cü ildə Bakıda Musiqili Komediya Teatrı yaradılır. Şəmsi Bədəlbəyli teatra baş rejissor təyin edilir. O, əsası dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş musiqili komediya teatrının sərgərdan, dağınıq fəaliyyətdən təsisatlı bir teatra çevrilməsində böyük zəhmətlər çəkir.

1978-ci ildə Bədəlbəylinin təşəbbüsü ilə Bakıda Azərbaycan Teatr Cəmiyyətinin nəzdində "Dostluq" teatrı yaradılır – burada müxtəlif respublikaların tanınmış teatr kollektivlərinin qastrol tamaşaları təşkil olunur.

Şəmsi Bədəlbəyli "O qızı tapın" (1970), "Axırıncı aşırım" (1971), "Xatirələr sahili" (1972), "Ömrün səhifələri" (1974), "Tikdim ki, izim qala. III film" (1998) filmlərinin də rejissorudur.

Xəbər lenti
0