Qəza, arxiv şəkli

Piyada keçidlərindən kənarda bitən ömürlər: Yol qəzalarında ölənlərin acı statistikası

3283
(Yenilənib 17:19 09.09.2021)
Çox vaxt sürücülər qəzanın baş verməsinə bilavasitə şərait yaradan piyadaları sadəcə məzəmmət etməklə kifayətlənir, onların hadisə yerindən yayınmasının qarşısını almağa və hüquqi məsuliyyətə cəlb olunmasına cəhd göstərmirlər.

 

BAKI, 9 sentyabr — Sputnik. Aparılan təhlillər göstərir ki, cari ilin 8 ayı ərzində respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin 41%-ni piyadaların vurulması təşkil edib, nəticədə 190 nəfər həlak olub, 267 nəfər isə xəsarət alıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin piyadalara müraciətində bildirilib. Qeyd olunub ki, Bakı şəhəri üzrə qeydə alınan qəzaların isə daha çoxunu, yəni 56,4%-ni piyada vurma hadisələri təşkil edib və nəticədə 80 nəfər həlak olub, 107 nəfər xəsarət alıb: “Göstərilən rəqəmləri formalaşdıran qəzaların təhlili məsələyə fərqli baxmağı zəruri edir.

Ümumilikdə piyada vurma hadisələrinin 90%-dən çoxu məhz piyada keçidlərindən kənarda baş verib. Yol hərəkəti iştirakçılarının böyük bir hissəsini təşkil edən piyadaların yolu nəzərdə tutulmayan yerlərdən keçməsi hələ də özlərinin və başqalarının həyat və sağlamlığına qarşı biganəliyin hökm sürməsindən xəbər verir”.

Məlumatda bildirilib ki, piyada keçidlərində onların vurulması az hallarda qeydə alınıb: “Lakin öz təhlükəsizliyinin etibarlı təmin olunması üçün istər nizamlanan, istərsə də, nizamlanmayan piyada keçidlərindən istifadə edən piyadalar belə yolda sürət həddini, hərəkətin intensivliyini, hava və görmə şəraitini, sürücülərin nəqliyyat vasitəsini dayandıra biləcəyini nəzərə almalı, bir sözlə, tam diqqətli olmalıdırlar".

Bildirilib ki, piyadaların təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisələrinin araşdırılması heç də asan olmur:

"Sürücülər adətən qəza zamanı sığorta ödənişinin həyata keçirilməsi, eyni zamanda bu halın daha ciddi məsuliyyətə səbəb olduğunu bildikləri üçün hadisə yerindən yayınmaqda maraqlı olmurlar. Amma çox vaxt sürücülər qəzanın baş verməsinə bilavasitə şərait yaradan piyadaları sadəcə məzəmmət etməklə kifayətlənir, onların hadisə yerindən yayınmasının qarşısını almağa və hüquqi məsuliyyətə cəlb olunmasına cəhd göstərmirlər”.

Piyadalar isə yanlış olaraq düşünür ki, onların təqsiri üzündən baş vermiş istənilən yol-nəqliyyat hadisəsi zamanı maksimum 20 və ya 40 manat məbləğində cərimə oluna bilərlər: “Lakin hərəkət iştirakçılarının, xüsusilə də piyadaların diqqətinə çatdırmaq istərdik ki, qanunvericiliyin tələbinə əsasən əgər hər hansı yol qəzası piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına, yaxud onun ölümünə səbəb olarsa, artıq o, cinayət məsuliyyətinə cəlb olunacaq”.

Məlumatda qeyd olunub ki, bir qrup insan hansısa yol sahəsində piyada keçidlərinin olmamasından şikayət etdiyi halda, digər bir ərazidə mövcud piyada keçidlərinin demək olar istifadəsiz qaldığı müşahidə olunur: “Bu isə onu deməyə əsas verir ki, piyadaların yol hərəkəti qaydalarına riayət etməsi yalnız hərəkətin təşkili, infrastruktur və digər amillərə deyil, onların şəxsi məsuliyyət hissinə, yol hərəkəti mədəniyyətinə və ictimai davranış vərdişlərinə daha çox bağlıdır. Ona görə də yol hərəkəti qaydalarına əməl edilməsinin insan həyatı üçün əhəmiyyəti fərdlərə erkən yaşlarından aşılanmalı, mövcud tələblərin qeyri-şərtsiz, adi həyat norması kimi qəbul edilməsi təbliğ olunmalı və bu istiqamətdə ictimai şüur formalaşmalıdır”.

DYP qarşıdan payız-qış mövsümünün gəlməsini nəzərə alaraq, bir daha piyadalara müraciət edərək, küçə və yolları piyadalar üçün nəzərdə tutulan yerlərdən keçməyə, məhdudiyyətli görünmə, yəni duman, yağış, qar şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olmağa, qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermədiyi üçün yolu keçərkən ondan istifadə etməməyə, ictimai nəqliyyatı gözləyərkən və ona minib-düşərkən, həmçinin qəflətən avtomobil yoluna çıxmamağa, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirməyə, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlamağa çağırır.

3283
 Kişi əlində bitkoinin təsvirini tutub, arxiv şəkli

Narkotiki Azərbaycanda satıb kriptovalyutaya çevirənlər ələ keçdilər

171
(Yenilənib 15:44 21.09.2021)
"İnstagram" sosial şəbəkəsində fəaliyyət göstərən çoxsaylı belə səhifələrin ünvanları dəqiqləşdirilib və Nazirliyin "Facebook" şirkəti ilə qarşılıqlı əməkdaşlıq fəaliyyəti çərçivəsində həmin səhifələrin xarici ölkələrdən idarə olunduğuna dair rəsmi cavab alınıb.

BAKI, 21 sentyabr — Sputnik. Sosial şəbəkələrdə onlayn narkotik satan daha bir şəbəkəni ifşa edildi. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şəbəkəni idarə edən qadın və 19 üzvü saxlanılıb. İfşa edilən şəbəkənin ölkə daxilində narkotiklərin satışından əldə edilən külli miqdarda pul vəsaitinə nəzarət etdiyi məlum olub.

Daxili İşlər Nazirliyi tərəfindən təmassız, yəni, onlayn yolla narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələrdə satışı ilə məşğul olan, bu yolla əldə olunan külli miqdarda pul vəsaitlərinin qeyri-leqal yolla dövriyyəsinə nəzarət edən daha bir mütəşəkkil cinayətkar dəstənin üzvlərinin ifşa edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirilib.

Tədbir zamanı əvvəlcə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən "İnstagram" və digər sosial şəbəkələr vasitəsi ilə ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olan səhifələrin hərtərəfli monitorinqi aparılıb və əldə edilən məlumatlar təhlil edilib. Əməliyyat yolu ilə əldə olunan elektron sübutlar və digər materiallar araşdırılan zaman müəyyən olunub ki, "İnstagram" sosial şəbəkəsində açılan səhifələr vasitəsi ilə narkotik maddələr, əsasən "patı", "şüşə" adlanan metamfetamin və "kola", "kakos" adlanan heroinin satışı təşkil olunur. Həmin səhifələrdə müxtəlif banklara məxsus kartların şəkilləri "Whatsapp" ani mesajlaşma tətbiqi ilə alıcılara göndərilir. Ölkə daxilində alıcılar həmin kartlara pul ödədikdən sonra narkotik vasitələr kuryerlər vasitəsi ilə onlara çatdırılır. "İnstagram" sosial şəbəkəsində fəaliyyət göstərən çoxsaylı belə səhifələrin ünvanları dəqiqləşdirilib və Nazirliyin "Facebook" şirkəti ilə qarşılıqlı əməkdaşlıq fəaliyyəti çərçivəsində həmin səhifələrin xarici ölkələrdən idarə olunduğuna dair rəsmi cavab alınıb.

Araşdırma zamanı müəyyən edilib ki, narkoşəbəkəyə daxil olan şəxslər gizliliyi təmin etmək məqsədi ilə bir-birilərini tanımadan fəaliyyət göstərirlər və iki əsas hissəyə ayrılırlar. Şəbəkəyə daxil olan birinci dəstə əsasən narkotik vasitələrin istifadəçilərindən ibarət olmaqla xaricdəki narkotacirlər üçün ölkə ərazisində kuryerlik fəaliyyəti ilə məşğul olublar. Yəni, həmin narkotacirlərin "Whatsapp" ani mesajlaşma sistemi vasitəsi ilə göndərdikləri ünvanlara narkotik maddələri çatdırıblar. İkinci dəstənin üzvləri isə narkotik vasitələrin satışından əldə edilən pul vəsaitlərinin leqallaşdırılmasını təmin ediblər. Bu məqsədlə onlar müxtəlif vətəndaşlara şirnikləndirici asan yolla pul qazanmaq vədi verərək adlarına, hətta bir adamın adına bir-neçə bank kartı açıblar. Daha sonra həmin kartlara narkotik vasitələrin onlayn yolla satışından əldə edilən pul vəsaitləri toplanıb.

Baş İdarə əməkdaşlarının müxtəlif vaxtlarda və məkanlarda həyata keçirdikləri əməliyyatlar zamanı ölkə daxilində narkotik vasitələrin satışından əldə olunan pul vəsaitlərinin toplanaraq deyilən ünvanlara çatdırılmasına rəhbərlik edən şəxslər: Fərqanə Nağıyeva, onun həyat yoldaşı Adəm Nağıyev, eləcə də dəstəyə daxil olan daha 18 nəfər - Əli Ağayev, Abbas Məhərrəmov, Naib Abdullayev, Rüzgar Qəribov, Rəhim İbrahimov, Kamil Məmmədov, Əminə Yusifova, Cavid İsmayılov, Məcid Hüseynov, Orxan Cəfərov, Orxan Fərəcli, Yavər Həsənov, Elman Əliyev, Əliqulu Bayramov, Orman Səfərov, Mirsəid Əliyev, Ramiz Nağıyev Toğrul Əbdüləzimov - saxlanılıblar.

Dəstə üzvlərinin ətraflarında aparılan əməliyyat-axtarış tədbirlərilə müəyyən edilib ki, onlar ölkə ərazisində müxtəlif şəxslərə aid narkotik vasitələrin satışı zamanı istifadə edilən 2 minə yaxın kart hesabı açıblar. Həmin şəxslərin yaşadıqları ünvanlara baxış zamanı qeyd edilən kartların böyük bir qismi, həmçinin narkotik vasitələrin anbar kimi saxlanıldığı paytaxt və bölgələrdəki evlərdən isə külli miqdarda heroin, metamfetamin, psixotrop tərkibli dərmanlar, elektron tərəzilər və digər maddi sübutlar aşkar edilib.

Araşdırma zamanı dəstə üzvlərinin narkotik vasitələrin satışı zamanı kart hesablarına toplanan pullar vasitəsi ilə internet üzərindən müxtəlif kriptovalyutalar və həmin ölkəyə idxal edilən digər məhsullar alaraq xaricdəki narkotacirlərə göndərdikləri müəyyən edilib.

Əməliyyat zamanı dəstənin xaricdə yaşayan başçılarından, yəni narkotacirlərin də bir neçəsinin şəxsiyyəti müəyyən edilib və onların saxlanılaraq yaşadıqları ölkələrdə məsuliyyətə cəlb edilmələri və ya Azərbaycana ekstradisiya olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 193-1.3.1 (mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırlması), 206.4, 234.4.1, 234.4.3 və 240.3.1 (mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma, satma) maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir.

Eləcə də oxuyun:

171
Teqlər:
narkotik, narkotacir, satış, onlayn

Ağdamda şirkət işçisi minaya düşüb

445
Tank əleyhinə minanın partlaması nəticəsində sürücü, 1972-ci il təvəllüdlü Zəfər Ağayev müxtəlif dərəcəli bədən xəsarəti alıb.

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 21-də saat 01 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskavator yükləyici traktor tank əleyhinə minaya düşüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Ağdam rayon Prokurorluğu məlumat yayıb.

Hadisə nəticəsində sürücü, 1972-ci il təvəllüdlü Zəfər Ağayev müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.

Eləcə də oxuyun:

445
Teqlər:
tank, mina, traktor, Ağdam, şirkət, işçi

Kanar adalarında vulkan püskürməsi: onlarla evə ziyan dəydi

0
Kumbre Vyexa vulkanından axan lava Kanar adaları arxipelaqının bir hissəsi olan Palma adasındakı yaşayış məntəqələrinə yaxınlaşır.Ətraflı videomuzda.

Dron görüntülərində lavanın hovuza axaraq suyun qaynamasına səbəb olduğu əks olunub. Tüstü, kül və ara-sıra yanğınların yerli sakinlərin təxliyə edilməsinə səbəb olduğu bildirilir.

Palma adasındakı Kumbre Vyexa (Köhnə zirvə) vulkanının püskürməsini bazar ertəsi lentə alıblar. Bir neçə gün ərzində yerli hakimiyyət orqanları onun artan seysmik aktivliyini izləyiblər. Adanın boşaldılması bazar günü başlayıb. Beş mindən çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Sonuncu dəfə Kanar adalarında vulkan püskürməsi 2011-ci ildə qeydə alınıb. Sonra El Hyerro adası yaxınlığındakı sualtı vulkan bir neçə ay aktiv idi.

 

0