Rusiyada polis avtomobili, arxiv şəkli

Tümendə bank işçilərini girov götürən şəxs yaxalandı

24
Banka basqın edən kişi çantasında təhlükəli əşyanın olduğunu bildirərək pul tələb edib, ancaq onun hansı məbləğdə pul istədiyi hələ dəqiqləşdirilməyib.

BAKI, 7 iyul — Sputnik. Tümendə “Sberbank”-ın şöbələrindən birində işçiləri girov götürən şəxs artıq saxlanılıb. Bu barədə bankdan məlumat verilib. Məlumatda qeyd olunur ki, insident vaxtı xəsarət alan olmayıb. 

Tümendə "Sberbank"-ın (Əmanət Bankı) ofislərindən birində naməlum şəxs bir neçə nəfəri girov götürmüşdü.

"İlkin məlumatlara görə, bankın beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən şöbəsi ələ keçirilib. Üç bank əməkdaşı girov götürülüb", – deyə ekstern xidmətlərdən verilən məlumatda bildirilirdi.

Hadisə Moskva vaxtı ilə səhər saat 07:20-də baş verib. Banka basqın edən kişi çantasında təhlükəli əşyanın olduğunu bildirərək pul tələb edib. Ancaq onun hansı məbləğdə pul istədiyi hələ dəqiqləşdirilməyib.

Polisdən verilən məlumatda isə girovların iki nəfər olduğu qeyd olunurdu.

Bank şöbəsinin yerləşdiyi binadan 50 nəfər təxliyə olunub. "Sberbank"dan RİA Novosti-yə bildiriblər ki, problemin tezliklə həll olunması üçün güc strukturları ilə əməkdaşlıq edirlər.

Hüquq-mühafizə orqanlarından verilən ən son xəbərdə isə artıq banka basqın edən şəxslə danışıqlara başlanıldığı bildirilirdi.

24

FHN Bayıl yanğını zamanı dəyən zərəri açıqladı

732
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

BAKI, 25 iyul — Sputnik. İyulun 25-də gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə barədə 00:10-da daxil olmuş məlumat əsasında 00:20-də ilk yanğından mühafizə bölmələri hadisə yerinə çatıb. Əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində havanın küləkli olmasına baxmayaraq, yanğın geniş əraziyə yayılmasının, yamacın yuxarı və aşağı hissələrində yerləşən yaşayış evlərinə tərəf genişlənməsinin qarşısı alınaraq saat 01:10-da söndürülüb.

Yanğın nəticəsində, təqribən, 10 hektar sahədə quru ot və kol-kos, bir neçə yeni əkilmiş ağac, suvarma sistemləri üçün nəzərdə tutulmuş plastik su boruları 100 p.m. yanıb.

Qeyd edək ki, sürüşmə zonası olan ərazinin relyefinin mürəkkəbliyi səbəbindən yanğınla mübarizə tədbirlərində yanğın texnikalarının tətbiq edilməsi mümkün olmadığından yanğınsöndürmə işlərində əl əməyindən istifadə olunub.

Hadisə ilə əlaqədar fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ərazidə olub.

Bayıl yamacındakı yanğın

Paytaxtdakı yanğın söndürülüb. Sputnik Azərbaycan-a bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xatırladaq ki, dünən gecədən Bakıda Bayıl yamacında güclü yanğın başlayıb. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Fövqəladə Hallar Nazirliyi baş verən yanğınla bağlı məlumat yayıb. FHN-dən Sputnik Azərbaycan-a bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. 

Dağlıq ərazidə quru ot və kol-kos yanıb. Əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə və yaşayış evlərinə tərəf yayılmasının qarşısı alınıb. Bildirilir ki, ərazinin relyefinin mürəkkəbliyi səbəbindən yanğınsöndürmə işlərinə yanğın texnikalarının cəlb olunması mümkün olmayıb. Yanğınsöndürmə işlərində əl əməyindən istifadə olunub.

Onu da əlavə edək ki, Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də hadisə yerinə getmişdi.

Qeyd edək ki, Bayıl yamacında ötən il də yanğın hadisəsi baş vermişdi.

732
Приморский парк в Баку

Yeni həftəsinin ilk günü hava necə olacaq?

1092
(Yenilənib 12:56 25.07.2021)
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

BAKI, 25 iyul — Sputnik. Sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-32° isti, Bakıda gecə 23-25° isti, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq. Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

İyulun 26-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-16° isti, gündüz 18-23° isti olacaq.

 

 

1092
Taksi

Operativ Qərargah üzvlərinin taksi şirkəti, ya ictimai nəqliyyat qadağası üçündür?

4
(Yenilənib 19:27 25.07.2021)
Vətəndaşlar həftəsonları və bayram günləri ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasının  onların sosial durumuna mənfi təsir etdiyindən şikayətlənirlər.

BAKI, 25 iyul — Sputnik. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb. Bu qərarda bildirilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

İctimai nəqliyyata həftəsonu qadağasının uzadılması sosial platformada ciddi narazılıqla qarşılanıb. Vətəndaşlar həftəsonları və bayram günləri  ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasının  onların sosial durumuna mənfi təsir etdiyindən şikayətlənirlər. Onlardan bir neçəsi həftəsonu və bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın ailə büdcələrinə təsiri barədə fikirlərini Sputnik Azərbaycan-la bölüşüb.

Bayram günlərində ictimai nəqliyyata qadağa taksilərdə qiymətləri bahalaşdırdı

37 yaşlı Səidə Qurbanova paytaxtdakı özəl klinikalardan birində tibb bacısı işləyir. Onun sözlərinə görə, istirahət və bayram günlərindən asılı olmayaraq çalışdığı xəstəxanada növbəsi düşürsə işə getməlidir: “İşlədiyim xəstəxanada 6 gün iş rejimidir. Şənbə və bazar günləri isə ictimai nəqliyyat işləmir. Mən məcburam ki, Masazır qəsəbəsindən işə taksi ilə gəlib-gedəm. Bu azmış kimi bayram günlərində də icimai nəqliyyatın hərəkəti dayandırılır. Belə çıxır ki, heç kəs istirahət günlərində, bayram günlərində iş başında olanları fikirləşmir. Mən dörd günlük Qurban bayramı tətilinin üç gününü işə taksi ilə gedib-gəlmişəm. Bayram günləri taksiyə təlabat artdığından, şənbə və bazar günləri taksiyə xərclədiyimdən daha çox pulum çıxıb. Bayram günlərində 1 manatlıq taksilər qiyməti 3 manata qaldırmışdılar. Taksi şirkətləri isə qiyməti ikiqat artırmışdı. Əvvəl 4 manat 80 qəpiyə Masazırdan 20 yanvara qədər getdiyim yolu bayram günlərində 9 manat 60 qəpiyə getməli oldum. Ordan işə isə 1 manatlıq taksi tapmağı ümid etsəm də taksilər qiyməti üç manata qaldırmışdı. Bir gün işə gedib-gəlməyim mənə 25 manata başa gəldi. Aylıq maaşım isə 456 manatdır” deyə vətəndaş bildirir.

Əzim Şabanov isə mebel ustasıdır. Onun sözlərinə görə, bayram-bazar olmasından asılı olmayaraq baş usta olduğu üçün işdə olmaldır. Həmsöhbətimiz deyir ki, bayram günlərində, eləcə də şənbə-bazar ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığından, bütün işləyənlər kimi o da taksi xidmətinin ümidinə qalıb: “Şənbə və bazar günlərində, eləcə də bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyanlar aztəminatlı insanları, hər gün işləmək məcburiyyətində olanları başa düşmürlər. Azərbaycanda hər kəsin şəxsi avtomobili yoxdur. Mən şənbə və bazar günlərində, eləcə də bayramda taksiyə gündəlik 35 manatdan çox pul xərcləmişəm. İş yerim “Xalqlar Dostluğu” metrosuna yaxın olduğundan, taksi ilə 16 manat 50 qəpiyə işə getmişəm. Dörd günə 100 manatdan çox taksiyə xərcim çıxıb. Hökumət bizim kimi insanların vəziyyətini nəzərə alıb ictimai nəqliyyatın fəaliyyətinə həftəsonu və bayram günləri qoyduğu qadağanı aradan qaldırmalıdır. Taksilərə n şənbə-bazar  və bayram günləri təlabat artdığından qiymətlər daha da bahalaşır. Mənim işlədiyim sexdə iki nəfər taksiyə verməyə pulu olmadığından bayram günləri işləyə bilmədi. Bu isə onların qazancına təsir edir”deyə Ə. Şabanov bildirir.

Taksi şirkətlərindən də bayram günlərində və şənbə-bazar qiymətlərin bahalaşdığını təsdiqlədilər.  “Ulduz” taksi şirkətindən bildirdilər ki, bayram günlərində, eləcə də şənbə-bazar günləri taksilərə təlabat kəskin artır. Bu isə bazar iqtisadiyyatının prinsiplərinə görə, avtomatik olaraq taksi xidmətlərinin bahalaşmasına səbəb olur.  Taksi şirkətlərindən qiymətlərdə adi günlərlə müqayisədə 4-5 manat civarında bahalaşmanın olduğunu təsdiqlədilər.

Qadağanın təhlükəsizlik baxımından əhəmiyyəti qalmayıb!?

İqtisadçı ekspert Samir Əliyev həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın səhv olduğunu və təcili ləğv edilməli olduğunu söyləyir. Ekspert deyir ki, həftəsonu və bayram günlərində ictimai nəqliyyatın fəaliyyəti pandemiya dövründə yoluxmaların artmaması səbəbindən dayandırılsa da, artıq bu qərarın təhlükəsizlik baxımından əhəmiyyəti qalmayıb. Samir Əliyev həftəsonu və bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinə tətbiq edilən məhdudiyyətin sosial baxımdan həssas təbəqələrin büdcəsinə əhəmiyyətli dərəcədə zərər vurduğunu söyləyir: “Taksilərə 4 nəfər əyləşir və avtobusdan fərqli olaraq bir-birinə daha yaxın məsafədə otururlar. Bu zaman yoluxmanın qarşısı alınmır. Əksinə, sıx təmas olduğundan virusa yoluxma üçün münbit şərait yaranır. Bundan əlavə gediş haqqı baha başa gəlir. Taksilərdə gediş haqqı 1 manat olsa belə sərnişinlər avtobuslardan (30 qəpik) fərqli olaraq 3 dəfədən çox gediş haqqı ödəməli olurlar. Nəzərə alsaq ki, son günlər 1 manatlıq taksilər də həftəsonu qiyməti iki-üç manatadək bahalaşdırır, bu zaman taksidən istifadə etmək məcburiyyətinə qalanların vəziyyətini düşünmək elə də çətin deyil.  Bu şənbə və bazar, eləcə də bayram günləri işləyənlər üçün əlavə xərcdir”.

S. Əliyev deyir ki, şəhər yerlərində tıxacların qarşısını alınması yollarından biri də ictimai nəqliyyatın səmərəli işləməsidir: “Bizdə isə onsuz da səmərəli işləməyən nəqliyyat həftəsonu tamam dayanır. 1 və 2 manatlıq taksilər hesabına tıxac daha da artır.  Təsəvvür edin 40 nəfər aparan 1 avtobus əvəzinə 10 ədəd minik maşını xidmət göstərir. Üstəgəl həftəsonları şəxsi maşınlardan istifadə artır.  Bundan  əlavə ictimai nəqliyyat qadağası kölgə iqtisadiyyatını çiçəkləndirir. Şəhərdaxili nəqliyyatın şənbə-bazar, eləcə də bayram günləri əldə edə biləcəyi gəlirdən dəfələrlə çox vəsaiti qanunsuz işləyən taksilər qazanır. Həmin vəsait fakiti olaraq vergidən kənarda qalır. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah qərarlar qəbul edərkən bu amilləri nəzərə almalıdır".

"Bu qərarların ən böyük zərbəsi kasıb insanlara dəyir"

Millət vəkili Sabir Rüstəmxanlı Sputnik Azərbaycan-a açıqlamasında  bildirib ki, Operativ Qərargahın qərarları pandemiya dövründə əhalinin sağlamlığının qorunması məqsədilə qəbul olunur. Deputat deyir ki, toylara qoyulan qadağanın aradan qaldırılmasından sonra yoluxma sayının artması, pandemiya dövründə qərarların yumşaldılmasının bəzən təhlükə yaratdığını ortaya çıxartdı. Bununla belə Sabir Rüstəmxanlı həftəsonları, eləcə də bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasının düzgün olmadığı fikrindədir: “Avtobuslar və metro həftəsonları da işləməlidir. İnsanlar metro işləmədiyi dövrdə avtobusların ümidinə qalmışdı. Avtobuslarda nəticədə sıxlıq yaranmışdı. Metronun fəaliyyətinə icazə verildikdən sonra avtobuslarda sərnişin sıxlığı azaldı. Mənim fikrimcə də həftəsonu ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılmamalıdır. Amma digər tərəfdən yaxşı tərəfi odur ki, ölkəmizdə taksi qiymətləri ucuzlaşıb” deyə S. Rüstəmxanlı bildirir.

Millət vəkili Fazil Mustafa isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu və bayram günləri ictimai nəqliyyatın hərəkətini tam məhdudlaşdırması, Qərargah üzvlərindən hansınınsa taksi şirkəti olduğuna, gəliri taksi şirkətlərinə yönəltdiyinə şübhələr yaradıb: “ Qərarlar qəbul edilərkən vətəndaşların sosial durumu mütləq nəzərə alınmalıdır. Amma Operativ Qərargahın ictimai nəqliyyatla bağlı qəbul etdiyi qərarda taksi şirkətlərinin marağı güdülür. Elə qərar qəbul olunur ki, taksi şirkətləri daha çox gəlir əldə edir. Bu qərarların ən böyük zərbəsi kasıb insanlara dəyir. Hansı ki, onlar gündəlik çörək arxasınca gedir və mütləq əksəriyyətinin şəxsi avtomobili yoxdur. Bu qərarlar verilərkən yoxsul insanlar və orta təbəqə nəzərə alınmalıdır. İctimai nəqliyyata həftəsonu qadağasını uzatmaq düzgün qərar deyil. Bu qərarın heç bir əhəmiyyəti qalmayıb” deyə F. Talıblı bildirir.

Qeyd edək ki, pandemiya dövründə ictimai nəqliyyatın fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir. Buna görə də, istər sərnişindaşıma ilə məşğul olan marşrut sahibləri, istərsə də Bakı Metropoliteni qərar verməkdə sərbəst deyil.

 

4