Külək istiqamətini göstərən qurğu, arxiv şəkli

Havanın temperaturu aşağı düşəcək, yağış yağacaq, güclü külək əsəcək

20
(Yenilənib 12:40 28.06.2021)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozları düz çıxsa, sabahdan insanlarımız cansıxıcı istilərdən qurtulacaqlar.

BAKI, 28 iyun - Sputnik. İyunun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. ETSN-in Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 31-36 dərəcə, Bakıda gecə 24-26, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 , gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu: şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Bölgələr

İyunun 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 isti, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 15-20 isti, gündüz 25-30 dərəcə isti olacaq.

Hava dəyişəcək

Bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 28-dən 29-na keçən gecədən başlayaraq iyulun 01-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 10-15 m/s, arabir 18 m/s, 30-u və 01-də yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° aşağı enəcək.

İyunun 29-u axşamdan iyulun 02-dək əsasən axşam və gecə saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

 

20
Qəza, arxiv şəkli

Bakıda təkərin partlayaraq iki nəfəri ağır yaralamasının GÖRÜNTÜLƏRİ

2184
(Yenilənib 22:18 26.07.2021)
Adi ehtiyatsızlıq paytaxtın Nərimanov rayonunda iki vətəndaşın ağır şəkildə yaralanmasına səbəb olub.

BAKI, 26 iyul — Sputnik. Bakıda təkərin partlaması iki nəfərin yaralanmasına səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə iyulun 23-də Nərimanov rayonu, Ə.Qayıbov küçəsində baş verib.

Yük avtomobilinin təkərinə atmosfer vurularkan yanlışlığa yol verildiyindən təkər havaya uçub. Onun diski isə yaxınlıqda kafedə əyləşmiş insanların masasına düşüb.

Hadisə nəticəsində iki nəfərin ağır xəsarətlər aldığı bildirilir.

2184

Toyda qətl - Daşkəsən prokurorluğu baş verən ilginc hadisə barədə

2569
(Yenilənib 10:30 26.07.2021)
Şakir Tağıyev tanışı Eldəniz Namazov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürüb.

BAKI, 26 iyul - Sputnik. Daşkəsən Rayon Prokurorluğu toy zamanı baş verən qətllə bağlı rəsmi məlumat yayıb. Prokurorluqdan Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir:

"İyulun 25-i saat 18 radələrində Daşkəsən rayon sakini 1998-ci il təvəllüdlü Eldəniz Namazovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, rayon ərazisində təşkil olunmuş toy məclisində iştirak edən rayon sakini Şakir Tağıyev tanışı Eldəniz Namazov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şakir Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq davam edir".
Qeyd edək ki, iyulun 25-də Daşkəsən şəhərində keçirilən toy mərasimində 23 yaşlı gənc ürəyindən bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə rayonda "Köhnə stadion" adlanan ərazidə keçirilən toy məclisində qeydə alınıb.

Xatırladaq ki, iyulun 20-də Tovuzda toyda düşən dava üç nəfərin bıçaqlanması ilə nəticələnmişdi.

İsmayıllıda bəy bıçaqlandı, atası ürək tutmasından öldü

Daha əvvəl analoji hadisə İsmayıllıda şadlıq saraylarının birində keçirilən toy mərasimində baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin iyulun 19-da yaydığı məlumata görə, toyda baş verən mübahisə zəminində bəy Abuzər Tahirli və onun qardaşı İlkin Tahirli bıçaqlanıb.

Hadisəni törədən şəxsin İsmayıl şəhər sakini Hafiz Ağazadə olduğu müəyyən olunub. Onun saxlanılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilib. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Bəyin atası Nəriman Səfərəliyev isə hadisədən sonra ürək tutmasından vəfat edib.

Həmçinin oxuyun:

* İsmayıllıda toy yasa döndü: bəyin bıçaqlanma xəbərini eşidən ata vəfat etdi

* Toydan çıxan gənclər qəzaya düşdülər, ölən var

* Toylarda yoxlamalar sərtləşdirildi - 1562 nəfər toy şənliyinə buraxılmayıb

* Qaydalara məhəl qoymayan şadlıq evinin sahibinə cinayət işi açıldı

* Toy adamları ev adamlarını xərcə saldılar

2569

Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək

0
(Yenilənib 08:30 27.07.2021)
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

BAKI, 27 iyul — Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

DİM-dən verilən məlumata əsasən, 19184 abituriyentin iştirakı nəzərdə tutulan imtahanlar 11 şəhər və rayonda - Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İmtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Qeyd edək ki, iyulun 27-28-də imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 151 imtahan binası, 2544 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 151 ümumi imtahan rəhbəri, 422 imtahan rəhbəri, 3309 nəzarətçi–müəllim, 308 buraxılış rejimi əməkdaşı, 151 bina nümayəndəsi ayrılıb. İmtahanlarda 23 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

0