Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Yetkinlik yaşına çatmayan şəxsə qarşı quldurluq edənlər saxlanılıb

17
(Yenilənib 22:58 19.06.2021)
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

BAKI, 19 iyun - Sputnik. Paytaxtın Xətai rayonu ərazisində yetkinlik yaşına çatmayan bir nəfərə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkən şəxs Xətai Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, M.Hadi küçəsində yerləşən restoranlardan birinin qarşısında iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb.

Daha sonra həmin şəxslər onu əllərində olan bıçaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib mobil telefonunu tələb ediblər. Zərərçəkən telefonu onlara verəndən sonra həmin şəxslər hadisə yerindən qaçıblar.

Məlumat daxil olan kimi Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin və 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, həmin ünvanda zəruri əməliyyat-istintaq hərəkətləri icra edilib. Həyata keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vasif Əliyev və İlham Həsənov saxlanılaraq istintaqa təqdim ediliblər. Hər iki şəxs ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

Qeyd edək ki, zərərçəkənə məxsus mobil telefon saxlanılan şəxslərin üzərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

17

FHN Bayıl yanğını zamanı dəyən zərəri açıqladı

519
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

BAKI, 25 iyul — Sputnik. İyulun 25-də gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə barədə 00:10-da daxil olmuş məlumat əsasında 00:20-də ilk yanğından mühafizə bölmələri hadisə yerinə çatıb. Əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində havanın küləkli olmasına baxmayaraq, yanğın geniş əraziyə yayılmasının, yamacın yuxarı və aşağı hissələrində yerləşən yaşayış evlərinə tərəf genişlənməsinin qarşısı alınaraq saat 01:10-da söndürülüb.

Yanğın nəticəsində, təqribən, 10 hektar sahədə quru ot və kol-kos, bir neçə yeni əkilmiş ağac, suvarma sistemləri üçün nəzərdə tutulmuş plastik su boruları 100 p.m. yanıb.

Qeyd edək ki, sürüşmə zonası olan ərazinin relyefinin mürəkkəbliyi səbəbindən yanğınla mübarizə tədbirlərində yanğın texnikalarının tətbiq edilməsi mümkün olmadığından yanğınsöndürmə işlərində əl əməyindən istifadə olunub.

Hadisə ilə əlaqədar fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ərazidə olub.

Bayıl yamacındakı yanğın

Paytaxtdakı yanğın söndürülüb. Sputnik Azərbaycan-a bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xatırladaq ki, dünən gecədən Bakıda Bayıl yamacında güclü yanğın başlayıb. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Fövqəladə Hallar Nazirliyi baş verən yanğınla bağlı məlumat yayıb. FHN-dən Sputnik Azərbaycan-a bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. 

Dağlıq ərazidə quru ot və kol-kos yanıb. Əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə və yaşayış evlərinə tərəf yayılmasının qarşısı alınıb. Bildirilir ki, ərazinin relyefinin mürəkkəbliyi səbəbindən yanğınsöndürmə işlərinə yanğın texnikalarının cəlb olunması mümkün olmayıb. Yanğınsöndürmə işlərində əl əməyindən istifadə olunub.

Onu da əlavə edək ki, Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də hadisə yerinə getmişdi.

Qeyd edək ki, Bayıl yamacında ötən il də yanğın hadisəsi baş vermişdi.

519
Приморский парк в Баку

Yeni həftəsinin ilk günü hava necə olacaq?

709
(Yenilənib 12:56 25.07.2021)
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

BAKI, 25 iyul — Sputnik. Sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-32° isti, Bakıda gecə 23-25° isti, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq. Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

İyulun 26-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-16° isti, gündüz 18-23° isti olacaq.

 

 

709
Noutbuk arxasında pizza yeyən adam, arxiv şəkli

Sosial media həyatı: təhrif edilmiş, uydurulmuş virtual dünyada yaşayırıq

0
(Yenilənib 16:55 25.07.2021)
Sosial mediada hər şəbəkə lideri, başqa sözlə desək, netokratın ətrafında onlarla, yüzlərlə həmfikir sahibi olan insan cəmlənir.

BAKI, 25 iyul — Sputnik. İnternet və sosial media dövrü bəşəriyyət üçün nə qədər çox imkan yaratsa da, bəzən heç özümüz də bilmədən elə köhnə qaydalar, beyində oturuşmuş stereotip və təsəvvürlə yaşayırıq. Yeni bir texnologiya gəlir, əvvəlkini sıxışdırıb sıradan çıxarır, biz də bir daha mükəmməl tərzdə yaşadığımızı düşünürük.

Baxırsan, nəsə yazdı, o dəqiqə mexanizm işə düşür, o yazır, bu yazır

Bir çox sosial şəbəkə istifadəçisi özünün dünyaya açıq olduğunu, patriarxal düşüncə tərzini bəyənmədiyini, müasir texnologiyanın köməyi ilə daha yaxşı həyatın qurulacığını iddia edir. Bəzən özünü mütərəqqi adlandıran birisi sosial media profilində nəyi və ya kimisə qətiyyətlə pisləyir, yenilik tərəfdarı olaraq hansısa adətlərdən yaxa qurtarmağı təklif edir. Birdən-birə onlarla insan da bu fikir axınına qoşularaq deyilənləri dəstəkləyir.

Sosial mediada hər şəbəkə lideri, başqa sözlə desək, netokratın ətrafında onlarla, yüzlərlə həmfikir sahibi olan insan cəmlənir. Baxırsan, nəsə bir söz yazdı, o dəqiqə mexanizm işə düşür, o yazır, bu yazır, hansısa yolla nüfuz sahibini dəstəkləyirlər. Nə qədər özümüzü mütərəqqi saysaq da, ətrafımızda məhz bizim fikirləri bəyənən, yəni daim “layk” edən insanlar cəmlənir. Bir foto paylaşırıq, yüzlərlə “layk” gəlir. “Layk” həsrətilə yaşayan nə qədər insan var şəbəkədə.

Əcaib formada çəkilən fotolar, qeyri-münasib pozalar, uyğunsuz hərəkətlər yalnız bir məqsədə xidmət edir: ətraf çevrənin daim gündəm mərkəzində olmaq. İnsanları diqqətini cəlb etmək üçün heç də ağıllı, savadlı və ya maraqlı olmaq gərək deyil. Bəzən sadəcə gözəgörümlü xanım olmaq da yetərlidir. Bir az yaxanı, ya da ayaqları açmaqla yüzlərlə “layk”ı qazanmaq mümkün olacaq.

Bizi əhatə edənlər daha çox tərif yağdıran, bəyənən, xoş söz deyənlərdir

Hər bir sosial media istifadəçisinin öz çevrəsi, öz əhatəsi ona lazım olan auranı yaradır. Məsələn, kimsə jurnalistdirsə, onda dostluğunda olanların da bir çoxu media əhlindən olanlardır. Bir-birinin yazısını paylaşmaq da olar, videonu “layk”lamaq da. Şərh yazanda tərif bildirmək daha məsləhətdir, çünki sabah o da sənə tərif yağdıracaq. Deyək, bir dəstə jurnalist xanım hansısa bir kafedən foto paylaşıb. Mütləq fotonun altında “Var olun həmişə”, “Hamınızı təbrik edirəm, şirin qızlar”, “Nə gözəl xanımlar var burada” kimi yazılara rast gələcəyik.

Bu vəziyyət bir çoxunu qane edir, axı real həyatda sən tərəfə baxan, elçi daşında oturan elə də çox olmur. Belə isə 50 fotodan birini seçib paylaşmaq, özünü kiməsə bəyəndirmək olar. Həyatda olmasa da, virtual məkanda populyarlıq qazana bilərsən. Bir sözlə, internet heç də bəşəriyyəti birləşdirən bir yer deyil, çünki o da maraq klublarına bölünüb. Bizi əhatə edənlər heç də dünyanın ən yaxşı, ya da ağıllı insanları deyil, sadəcə bizə daha çox tərif yağdıran, bəyənən, xoş söz deyənlərdir. Adətən mübahisə etməyi sevən, sözü üzə deyənlərin dostluğunda çox az adam olur. Belə istifadəçini qara siyahıya salırlar.

Məsələn, kimsə it-pişik sevirsə, heyvanlara qarşı hər hansı bir zorakılığı pisləyirsə, beləsinin profilində hansısa həqiqəti yazmaq elə bloklanmaq üçün əsas ola bilər. Deyək, ABŞ-da hər il 5 milyon insanı it dişləyir, bu, həm ev, həm də küçə itlərinə aiddir. Bu faktı yazmaqla həmin itsevərin qəzəbinə tuş gəlmək olar. Bir az mübahisə isə bloklanmağa gətirib çıxardacaq.

Hər düşərgənin öz qaydası, hər klubun öz düşüncə tərzi var

Ya da qadın hüquqları üzrə bir xeyli müdafiəçi var, adətən qadına qarşı baş verən hər hansı bir zorakılıq barədə mütləq paylaşım ediləcək. Əgər birdən kimsə bunu səbəbini araşdırmaq, günahkarı tapmaq cəhdi etsə, heç bir xəbərdarlıq edilmədən bloklanacaq. Səbəb heç kimi maraqlandırmır, əsas zorakılıq aktıdır. Əksinə də olur, qadın zorakılığa yol verir, yaşadığı insana qarşı zor tətbiq edir. Bu nümunəni harasa yazsaq, mütləq cavabında “gör bu kişi qadına nə qədər zülm edib ki, o, bu hərəkətə əl atıb” kimi yazılacaq.

Hər düşərgənin öz qaydası, hər klubun öz düşüncə tərzi var. Ateizmi təbliğ edirsinizsə, dindarları, dini təbliğ edirsinizsə, ateistləri siyahıdan siləcəksiniz.

Kimsə deyə bilər: axı özünə uyğun insanlarla dostluq etməkdə nə bir pis şey var? Həm rahatdır, həm də maraqlı. Bəlkə də belədir, amma Hindistanda yüz illərlə mövcud olmuş kasta sistemindən nə fərqi oldu bu yeni texnologiyanın? Ya orta əsrlərdə zadəgan zadəganla, kəndli ilə, usta da usta ilə ünsiyyət qurardı. Hətta hazırda dünyanı altdan-altdan idarə etdikləri iddia edilən masonlar da vaxtilə peşəkar sənətçilərin qurduğu gizli və qapalı cəmiyyətlərdən çıxıblar. Sosial mediada müşahidə edilən kasta birliyi, ideoloji və siyasi yaxınlıq elə həmişə mövcud olmuş düşüncə tərzinin internetə inteqrasiyasından başqa bir şey deyil. Guya dünyaya açılmışıq deyirik, amma əslində ətrafımıza bizə yaxın olan insanları toplayıb onlardan tərif və ya dəstək gözləyirik. Bir növ totalitar düşüncəni sosial mediaya inteqrasiya edirik.

Bir növ uydurulmuş virtual dünyada yaşayırıq

Belə yaşamaq olduqca əlverişlidir, amma həm də problemlidir. Çünki dünya və ətrafımız barədə təhrif edilmiş, yanlış təsəvvür əldə edirik. Həqiqətin nə olduğunu bilmirik, elə qapalı, özümüzün qurduğumuz kiçicik qılafın içində yaşayırıq. Kimsə bizim kimi düşünmürsə, deməli düşmənimiz olur. Onu ya dostluqdan silirik, ya da hamılıqla üstünə düşüb əzməyə çalışırıq. Bir növ uydurulmuş virtual dünyada yaşayırıq. Əlbəttə bu, hamıya aid deyil, amma bir çoxumuz elə məhz belə yaşayır. Hətta öz çevrəmizdən çıxıb başqa çevrə ilə yaxınlaşsaq belə, yenə də dostluğumuzda yeni düşüncə tərzini daşıyan insanlar yer alacaq. Köhnələri silib yeniləri qəbul edəcəyik.

Qapalı olmaq, yeniliyi qəbul etməmək çox zaman öz işini görür: mənasız bir labirintdə nəyisə axtarırıq, amma hər hansı məlumatı adekvat qarşılaya bilmirik. Yəni beynimizdə uçan xalça barədə məlumat yoxdursa, biz heç bir halda o xalçanı görə bilmirik, hətta yanımızda uçsa belə. İnsanların azadlığını məhdudlaşdırmağa bir çox halda ehtiyac yoxdur, biz elə öz-özümüzü sıxmışıq, çərçivəyə salmışıq. Həqiqət isə birdir, onu görmək üçün beyində olan bir çox təsəvvürə yox demək kifayət edər. Yalnız və yalnız məsələyə müxtəlif bucaq altında baxmağı bacaran insan nəyin doğru, nəyin isə yalan olduğunu dəqiq anlamağa qadirdir. Belə insanın düşüncəsində “mən səhv edə bilərəm, həqiqət mənim düşündüyümdən daha yüksəkdir” anlayışı hökm sürür.

Bir sözlə, dünyanı anlamaq istəyiriksə, deməli bir məkanda qapanıb ətrafını özünəbənzər şəxslərlə doldurmaq, bir sərhəd yaratmaqla yaşamaq olmaz. Qarşı tərəfin fikrini qəbul etməmək olar, amma ən azı onu sakitcə dinləməyi öyrənməli, çevrəmizdə də bizdən fərqli insanlara yer ayırmalıyıq. Bu halda həyatımız daha maraqlı, daha dolğun olar.

0