Taliban hərəkatının üzvü, arxiv şəkli

"Taliban"a qoşulan azərbaycanlılar həbs edildilər - VİDEO

63
(Yenilənib 16:12 07.05.2021)
Onlar əvvəlcə İrana, oradan isə qeyri-leqal yollarla Pakistana keçib və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində "Taliban" hərəkatına tabe olan "Səlahəddin" camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

BAKI, 7 may — Sputnik. Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda, digər dövlətlərin ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmələri ilə əlaqədar toplanmış materiallar əsasında əməliyyat-istintaq tədbirləri aparılıb.

Sputnik Azərbaycan-a DTX-dan daxil olan məlumatda bildirilir ki, araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Məmmədov Yəhya Şərməddin oğlunun, 1985-ci il təvəllüdlü Cəbiyev Elnur Güloğlan oğlunun və qeyrilərinin ölkə hüdudlarından kənarda aparılan münaqişələrdə qanunsuz silahlı birləşmələrin tərkibində iştiraklarına dair əsaslı şübhələr müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yəhya Məmmədov və Elnur Cəbiyevin müvafiq olaraq 2010-cu ilin noyabr və dekabr aylarında ölkəni tərk edərək əvvəlcə İran İslam Respublikasına, oradan isə qeyri-leqal yollarla Pakistan İslam Respublikasına keçdikləri və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində "Taliban" hərəkatına tabe olan "Səlahəddin" camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri məlum olmuşdur.

Qeyd olunan faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Yəhya Məmmədov və Elnur Cəbiyev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmuş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hər iki şəxs törətdikləri cinayət əməllərini etiraf edərək səmimi peşmanlıq hissi keçirdiklərini bildirmişlər.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb. 

63
Teqlər:
video, həbs, azərbaycanlılar, Pakistan, İran, "Taliban" hərəkatı
 Təcili yardım avtomobili, arxiv şəkli

İki azyaşlını elektrik cərəyanı vurdu - Ölən var

40
(Yenilənib 16:55 14.06.2021)
On iki yaşlı Polad Fərhad oğlu Poladov və on üç yaşlı Uğur Xəyyam oğlu Bayramov kəndin kənarında yerləşən yüksək gərginlikli xəttin üzərindəki açarın qutusuna əlləri ilə toxunublar.

BAKI, 14 iyun — Sputnik. İyunun 13-də Quba rayonunda 2 azyaşlını elektrik cərəyanı vurması nəticəsində birinin ölməsi, digərinin isə xəsarət alması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. 

Quba rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, elektrik xəttinin naqilinə toxunmaları nəticəsində 2008-ci il təvəllüdlü Polad Fərhadov aldığı xəsarətlərdən ölüb, həmyaşıdı Uğur Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, qəsəbə sakinləri, 12 yaşlı Polad Fərhad oğlu Poladov və 13 yaşlı Uğur Xəyyam oğlu Bayramov kəndin kənarında yerləşən yüksək gərginlikli xəttin üzərindəki açarın qutusuna əlləri ilə toxunublar. Polad Fərhadov dünyasını dəyişib, digərinin isə vəziyyətinin stabil olduğu deyilir.

Qeyd edək ki, daha öncəki illərdə də bənzər hadisələr baş verib. 2019-cu ildə Tərtər rayonunda 2 yaşlı uşağı elektrik cərəyanı vurmuşdu. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdı.

40

Paytaxtda sərxoş sürücü 4 nəfərin ölümünə səbəb olub

1632
Sərxoş vəziyyətdə avtomobilini idarə edən Elşad Kərbalayev qəza törətdikdən sonra hadisə yerindən qaçmaq istəyib.

BAKI, 14 iyun - Sputnik. Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib.

APA xəbər verir ki, “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.

Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.

1632
Kinoteatrda tamaşaçı, arxiv şəkli

Avropa filmləri festivalı fərqli formatda başlayıb

0
(Yenilənib 23:27 14.06.2021)
Festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

BAKI, 14 iyun — Sputnik. Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin Aİ üzv ölkələri səfirliklərilə birgə təşkil etdiyi Avropa filmlərinin ilk onlayn festivalı iyunun 14-dən 29-dək keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir çərçivəsində Aİ üzvü 13 ölkənin istehsalı olan 10 film nümayiş etdiriləcək. Bunlar Almaniya, Belçika, Çex Respublikası, Finlandiya, Fransa, İspaniya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Polşa, Rumıniya, Yunanıstandır. Filmlərin çoxu bir neçə ölkənin birgə istehsalıdır.

Festivalın açılış mərasimi onlayn formatda keçirilərək Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskasın nitqilə başlayıb. 2010-cu ildən bu yana hər il keçirdikləri festival çərçivəsində Azərbaycanda artıq 148 film nümayiş etdirildiyini deyən diplomat daha sonra bildirib:

"Bu il festivalımızın ilk dəfə onlayn formatda keçirilməsi Avropa filmlərini həm Bakıda, həm də bütün ölkə boyu azərbaycanlı tamaşaçılara daha da yaxınlaşdıracaq. Film hekayə nəql etmək, hissləri çatdırmaq, fikirlər doğurmaq iqtidarındadır. Biz də bu festival vasitəsilə Avropa mədəniyyətini daha yaxşı tanıtdırmaq, Azərbaycan və Avropa İttifaqı xalqları arasında mədəni anlaşmaya təkan vermək ümidindəyik".

Qeyd edək ki, festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

0