Elmir Sultanov

Sumqayıtda əməliyyat: ikinci ssenari işə yaramadı - VİDEO

12
(Yenilənib 12:53 04.05.2021)
E.Sultanovun yaşadığı evə və idarə etdiyi avtomobilə baxış zamanı polis mayoru xüsusi rütbəsi olan paltarlar, polis əməkdaşı görüntüsü yaratmaq üçün əldə etdiyi suvenir qandal, polis şevronları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb

BAKI, 4 may — Sputnik. Daxili İşlər Nazirliyinin “Instagram” sosial şəbəkəsindəki rəsmi səhifəsinə (polisazerbaycan) müraciət edən bir nəfər qadın özünü sosial şəbəkədə polis kimi təqdim edən şəxslə tanış olduğunu daha sonra həmin şəxsin ona hədə-qorxu gələrək pul tələb etdiyini bildirib.

DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciət dərhal nəzarətə götürülüb və həmin şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həyata keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Elmir Sultanov saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxs özünü polis əməkdaşı kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu qadına hədə-qorxu gələrək ondan pul tələb etdiyini etiraf edib. E.Sultanovun yaşadığı evə və idarə etdiyi avtomobilə baxış zamanı polis mayoru xüsusi rütbəsi olan paltarlar, polis əməkdaşı görüntüsü yaratmaq üçün əldə etdiyi suvenir qandal, polis şevronları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

İstintaq tədbirləri zamanı müəyyən edilib ki, E.Sultanov bir neçə il əvvəl də eyni əməli törətdiyinə görə, yəni, özünü yalandan polis əməkdaşı kimi təqdim edərək insanlardan pul tələb etdiyi üçün Cinyət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə məhkum olunub. Bu dəfə də onun barəsində Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaq və əməliyyat tədbirləri davam etdirilir.

© AR Ministry of Internal Affairs
Elmir Sultanov

Sosial şəbəkələrdə E.Sultanov tərəfindən hədələnən və ya onun digər qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə və DİN-in  “Instagram” və “Facebook”-dakı rəsmi ünvanlarına məlumat verə bilərlər.

12
Teqlər:
Sumqayıt, video, sosial şəbəkə, əməliyyat, saxta, polis
Qız, arxiv şəkli

Göyçayda 18 yaşlı qızın dayısı tərəfindən öldürüldüyü məlum olub

10
(Yenilənib 16:34 09.05.2021)
Qızın anası, 1980-ci il təvəllüdlü Gülnarə Məmmədovanın övladının meyitini görərək komaya düşdüyü və bu səbəbdən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. Göyçayda dayı 18 yaşlı bacısı qızını öldürüb.

İlkin məlumata görə, Göyçay rayon Bığır kənd sakini, 2003-cü il təvəllüdlü Məmmədova Fatimə Murtuz qızı gecə saatlarında 32 yaşlı dayısı Bədəlov Vüqar Məhəmməd oğlu tərəfindən öldürülüb. Hadisədən sonra qızın dayısı Vüqar Bədəlov bacısı qızının dəm qazından zəhərləndiyini barədə təcili tibbi yardıma məlumat verib. Məhkəmə tibbi ekspertiza və istintaq araşdırması zamanı qızın boğularaq öldürüldüyü məlum olub. Məhz bu səbəbdən Bığır kənd sakini Vüqar Bədəlov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Hadisədən sonra qızın anası, 1980-ci il təvəllüdlü Gülnarə Məmmədova komaya düşüb və hazırda Göyçay rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

10

Sabah Bakıda güclü külək əsəcək, yağış yağacaq

5
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

BAKI, 9 may - Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq. Bakıda gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq.

Havanın temperaturu gecə 9-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

5

Bu gün 25 mindən çox insan vaksin vurdurub

0
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

0