Məhkəmə zalı, arxiv şəkli

Vəzifəli şəxsin daşınmaz əmlakına həbs qoyuldu

7
(Yenilənib 13:14 07.04.2021)
Sahibkarlıq fəaliyyəti adı altında qanunsuz əməllər törədən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib,.

BAKI, 7 aprel — Sputnik. Vətəndaşlar "Avangard Travel" MMC-nin direktoru vəzifəsində işləmiş Nağıyeva Yeganə Ələddin qızı və həmin şirkətin təsisçisi Nağıyev Ədalət Tağı oğlunun vəzifə səlahiyyətlərinin icrası zamanı qanun pozuntularına yol vermələri barədə Baş Prokurorluğun rəsmi "Instagram" səhifəsində keçirilən "sual-cavab" sessiyası zamanı şikayət ediblər.

Baş Prokrorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətlər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Yeganə Nağıyevanın əri Ədalət Nağıyev ilə birlikdə özlərini turizm sahəsində uzun müddət ərzində işləyən peşəkar şəxslər kimi təqdim edib birgə biznes fəaliyyəti quraraq yüksək gəlir əldə edəcəkləri barədə yalan vəd verilməsi yolu ilə ümumilikdə 16 şəxsə cəmi 2 milyon 583 min manat məbləğində ziyan vuraraq dələduzluq etmələrinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə qabaqcadan əlbir olaraq 2019-2020-ci illər ərzində ayrı-ayrı ölkələrə səyahət etmək üçün şirkətə müraciət edən ümumilikdə 73 vətəndaşı tur paketləri və aviabiletlərin guya adi və güzəştli şərtlərlə satışının həyata keçirilməsi adı ilə aldadaraq həmin şəxslərin cəmi 652 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Habelə, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə birlikdə 2020-ci ilin iyun ayında xarici ölkədən mobil telefonlar alıb ölkə ərazisində sataraq birgə qazanc əldə edəcəkləri adı ilə vətəndaşdan 6 min 900 manat məbləğdə pul vəsaitini alıb öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı hər iki şəxs Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Yeganə Nağıyeva barəsində məhkəmənin qərarı ilə həbs, Ədalət Nağıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilmiş, cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

İbtidai istintaq dövründə vurulmuş ziyandan 902 min manat vəsaitin ödənilməsi təmin edilib, həmçinin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Ədalət Nağıyevə məxsus 203 min manat dəyərində daşınmaz əmlak üzərinə həbs qoyulub.

Eləcə də, hüquqi şəxs "Avangard Travel" MMC barəsində həmin məcəllənin 308.2-ci maddəsinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair icraata başlanılıb.

7
Kəndir, arxiv şəkli

Tovuzda 20 yaşlı tələbə intihar edib

290
(Yenilənib 10:06 20.04.2021)
İntihar edən Tovuz rayon Aşağı Öysüzlü kənd sakini, 2001-ci il təvəllüdlü Paşa Mehdiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

BAKI, 19 aprel - Sputnik. Tovuz rayonunda 20 yaşlı gənc intihar edib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, intihar edən Tovuz rayon Aşağı Öysüzlü kənd sakini, 2001-ci il təvəllüdlü Paşa Mehdiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

P.Mehdiyev özünü asaraq intihar edib. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

290

Boyük Şorda dəhşətli qəza: Ana azyaşlı oğlu öldü, yaralılar var

17
Ana və iki övladı yolu keçərkən onları avtomobil vurub, ana və azyaşlı oğlu ölüb, digər qız uşağı isə xəsarət alıb.

BAKI, 19 aprel - Sputnik. Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.

Ana və iki övladı yolu keçərkən onları avtomobil vurub, ana və azyaşlı oğlu ölüb, digər qız uşağı isə xəsarət alıb. Hadisə nəticəsində Böyük Şor qəsəbəsindən hava limanına doğru şosedə tıxac yaranıb.

Hadisəni törədən "Ravon" markalı avtomobilin sürücüsü Tağıyev Taleh Əhliman oğlu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

17
Nəsibə Zeynalova Qaynana filmində. 1978-ci il

Səhnəmizin "Cənnət"inin doğum günüdür

0
(Yenilənib 11:38 20.04.2021)
Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

BAKI, 20 aprel — Sputnik. Bu gün Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı, görkəmli satira ustası Nəsibə Zeynalovanın anadan olmasından 105 il ötür.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan teatrsevərləri arasında "qayınana" kimi sevilən, Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub.

Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrət qazanıb. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Aleksandr Tuqanov, Məhərrəm Haşımov, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Vilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qayınana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha şöhrətlidir.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

0