Şahin quşu, arxiv şəkli

"Çadırlarına girməyə ixtiyarımız yox idi" - Ərəblərin Acınohur "macəra"sının şahidi

172
(Yenilənib 19:03 21.03.2021)
"Ov mövsümü Azərbaycanda fevralın 28-də başa çatıb. Onlar, ümumiyyətlə, Azərbaycana necə gəliblər? Bu, ciddi bir məsələdir. Çünki turist vizasının verilməsi dayandırılıb".

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 21 mart – Sputnik. Ötən gün sosial şəbəkələrdə və saytlarda ərəb turistlərin Azərbaycanda ov etməsi və göyərçinlərə əzab verməsi barədə görüntülər yayılmışdı. Kadrlardan da görünür ki, bir neçə ərəb turist dronun arxasına canlı göyərçin bağlayaraq onu şahinlərə yem edir. Hətta göyərçini əlindəki ip vasitəsilə uçurdaraq şahinlərin ona cummasına çalışır.

Görüntüləri çəkən ekoaktivist Cavid Qara Sputnik Azərbaycan-a bildirib ki, kadrlar Qax Dövlət Təbiət Yasaqlığının ərazisində, Acınohur çölündə qeydə alınıb. Ərəb turistlər oraya böyük heyətlə gəliblər. Onların Acınohurda ov etməsi ilə bağlı məlumat alan ekoaktivist də dərhal oraya üz tutub.

“Qax Dövlət Təbiət Yasaqlığının ərazisində böyük bir düşərgə qurmuşdular. Çevrədə təqribən 30-40 nəfər insan var idi. Ərəblərə xidmət edən qulluqçular, tərcüməçiləri, sürücüləri və s. Həmçinin, 10-dan artıq maşın, ərəblərin pilotsuz uçuş aparatları, ovçu şahinləri və digər ləvazimatlar var idi. Sadəcə olaraq bizim ixtiyarımız yox idi ki, onların çadırlarının içərisinə girək, şəxsi əşyalarını qurdalayaq ki, başqa nə var”, – C.Qara deyib.

Cavid Qaranın sözlərinə görə, ərəblər orada ov şahinlərinə təlim keçiblər. Əylənmək xatirinə də göyərçinləri diri-diri parçaladıblar. 

“Şahinlərə çöl göyərçinlərini diri-diri parçalatdırırdılar. Pilotsuz uçuş aparatlarına bağlayıb onları orada uçurdurdular. Ümumiyyətlə, məsələ göyərçinin parçalanması qədər xırda deyil, bununla yekunlaşmır. Onların yasaqlıq ərazisində olması qanunsuzdur. Ov mövsümü Azərbaycanda fevralın 28-də başa çatıb. Onlar, ümumiyyətlə, Azərbaycana necə gəliblər? Bu, ciddi bir məsələdir. Çünki turist vizasının verilməsi dayandırılıb”, – deyə C.Qara əlavə edib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də məlumat verilib. Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Sputnik Azərbaycan-a bildirib ki, ovda iştirak edən şəxslər cərimələniblər.

“Aparılan monitorinqlər zamanı ərəb ölkələrindən gəlmiş turistlərin Qax rayonunun Acınohur ərazisində mülkiyyətçinin razılığı əsasında istirahət məqsədi ilə çadır qurduqları və özlərinə məxsus şahin quşlarına təlim keçdikləri qeydə alınıb. Təlim zamanı ev quşlarından, daha dəqiq desək, göyərçindən istifadə edilməsi və onlarla rəhmsiz rəftar aşkar edildiyindən bununla bağlı həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub”.

Hikmət Əlizadə bildirib ki, ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının olması, bu və ya digər dərəcədə hansısa pozuntulara göz yumması kimi faktlar təqdim olunarsa, bu məsələlər də obyektiv araşdırılıb ictimaiyyətə əlavə məlumat veriləcək.

172
Teqlər:
Acınohur düzənliyi, Qax, turistlər, ərəb

Yasamal rayonunda avtomobilə atəş açılıb

664
İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini dərədən aşağı aşırıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

BAKI, 12 aprel - Sputnik. Bakının Yasamal rayonunda silahlı insident baş verib.

APA xəbər verir ki, hadisə Yeni Yaşamal yaşayış massivində qeydə alınıb.

Əsəd Əhmədov küçəsində 99-VH-886 dövlət nişanlı "Chevrolet" markalı avtomobilə atəş açılıb. İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini dərədən aşağı aşırıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

664
Нож в руке мужчины, фото из архива

Qazax sakini həmkəndlisi tərəfindən bıçaqlandı

20
(Yenilənib 00:00 12.04.2021)
37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

BAKI, 11 aprel - Sputnik. Qazaxda bıçaqlanma hadisəsi baş verib.

APA bildirir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib.

Məlumata əsasən, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

20
Bakı metrosunda

"Bakı Metropoliteni"ndə yeni əsaslarla qurulur

0
Təmir-baxış qanovlarında müasir idarəetmə sisteminin tətbiqi, kommutasiya sistemi mərkəzləşmiş formada yeni əsaslarla qurulur

 

BAKI, 12 aprel — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Nərimanov" elektrik deposunda qatarların baxış-təmir sahələrində daha bir texniki yenilik tətbiq edilir. Əsaslı təmir edilərək yenidən qurulan bu sahələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində innovativ tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Bu barədə "Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, qanovlarda qatarların hərəkətini təmin edən 825 V-luq kontakt şəbəkəsi yenidən qurulur. Başqa sözlə, şəbəkədə kommutasiya sisteminin müasirləşməsi üzrə işlər aparılır.

Məsələnin aydın olması üçün qeyd edək ki, baxış-təmir qanovlarında qatarlar 825 V-luq sabit gərginliyi olan yollardakı kimi təmas relsindən deyil, qanovlar yerləşən sahənin tavanında quraşdırılmış təmas şəbəkəsindən alır. Bu isə təhlükəsizlik qaydalarının tələbindən irəli gələn bir məsələdir.

1966-cı ildən fəaliyyətdə olan depoda kommutasiya sisteminin dəyişdirilməsi onun daha müasir və etibarlı sistemlə əvəz edilməsi deməkdir. Bununla iş şəraiti də müasir dövrün tələbinə uyğunlaşdırılır. Görülən tədbirlərlə kontakt şəbəkəsi elementləri də yenilənməklə gücləndirilir və qanovlara yüksək gərginliyin verilməsi prosesi tam avtomatlaşdırılır.

Yeni sistemin tətbiqi ilə hər qanov qarşısında xüsusi təyin edilmiş dolablar qoyulub. Bununla baxış-təmir qanovunda dayanmış qatara sabit gərginlik verilməsi üçün çevirici qolları fırlamaq əvəzinə, sadəcə, komanda düyməsini sıxmaq yetərlidir.

Layihə İtaliyanın "Ropla" şirkəti ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Hazırda 10 qanovda yüksək gərginlik şəbəkəsinin bütün avadanlıqları, idarəetmə dolabları quraşdırılıb və sistem istifadəyə verilib. Daha 7 qanovda işlərin aparılması üçün hazırlıq tədbirləri davam etdirilir və bu, qanovların əsaslı təmiri prosesi ilə paralel aparılır.

İşlər bununla tamamlanmır. Bütün qanovlarda yeni sistem eyni mərkəzdən idarə olunacaq. Bu istiqamətdə tədbirlər davam etdirilir. İdarəetmə mərkəzində iş başında olan operator otağı tərk etmədən qatarların istənilən baxış-təmir qanovuna gərginliyin verilib-çıxarılmasını avtomatik yerinə yetirə biləcək.

0