BAKI, 28 yanvar - Sputnik. Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində traktor minaya düşüb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə zamanı traktorçu, Tərtər rayon Seydimli kənd sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu əl və üz nahiyəsindən xəsarətlər alıb. O, Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan onun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Elgün Ələkbərov Qızıloba kəndində torpaq şumlayarkən tank əleyhinə minaya düşdüyünü söyləyib: “Həmin vaxt traktorla işləyirdim. Birdən partlayış baş verdi. Traktoru qara tüstü bürüdü. Özümü traktordan kənara atdım. Öncə əlimi və ayaqlarımı yoxladım. Gördüm, ciddi yaram yoxdur. Amma əlim-üzüm qan içində idi. Əlimi başıma vuranda gördüm ki, başım və üzümdən də yaralanmışam. Özüm ayağa qalxıb yaxınlıqdakı sahəyə getdim. Orada işləyən aqronom məni xəstəxanaya çatdırdı".
İbrahim Həşimov, Sputnik Azərbaycan.
BAKI, 7 mart – Sputnik. Şəki-Qax yolunda güclü yanğın başlayıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun ətrafında, Qaxın Qaşqaçay və Şəkinin Biləcik kəndlərinin sərhəd hissəsində baş verib.
Magistral yolun kənarında olan kolluq ərazidə baş vermiş yanğın avtomobillərin gediş-gəlişində çətinliklər yaradıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.
Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və 25 nəfər şəxsi heyəti cəlb edilib. Havanın küləkli olması alovun əhatə dairəsini artırıb. Alov təxminən 10 hektar ərazini əhatə edir.
Hal hazırda yanğın bir qədər lokallaşdırılıb və alovun söndürülməsi istiqamətində işlər aparılır. İlkin ehtimala görə, yanğın vətəndaşların ehtiyatsızlığı səbəbindən baş verib. Əraziyə söndürülməmiş siqaret atıldığı və ya ocaq qalandığı ehtimal edilir.
Qeyd edək ki, sözügedən ərazi zəngin flora və faunaya malikdir. Yanğının davam etməsi, onun dağ-meşə massivinə doğru hərəkət etməsinə səbəb ola bilər.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 7 mart - Sputnik. Xaçmaz rayonunda dönərxanada dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayon mərkəzindəki "Köhnə avtovağzal" adlanan ərazidə yerləşən dönərxanada qeydə alınıb.
Hadisə nəticəsində Xaçmaz rayon Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov ölüb, Müzəffəroba kənd sakini, 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Dünyasını dəyişən Səbuhi İsayev obyektin işçisi olub.
Hadisə ilə bağlı Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanıb.
BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.