BAKI, 25 yanvar - Sputnik. Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ərazidə yaşayan sosial şəbəkə istifadəçiləri məlumat yayıblar. Partlayışın əks-sədası hətta paytaxtın Yasamal rayonunda eşidilib.
Hadisə şəhərin mərkəzi hissəsində baş verib. Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb.
Fövqəladə Hallar Nazirliyi Xırdalan şəhərində baş verən partlayışla bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Xırdalan şəhəri 27-ci məhəllə adlanan ərazidə uçqunla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub:
"Dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən
yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir".
FHN hadisə barədə əlavə məlumatın veriləcəyini bidirib.
İbrahim Həşimov, Sputnik Azərbaycan.
BAKI, 7 mart – Sputnik. Şəki-Qax yolunda güclü yanğın başlayıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun ətrafında, Qaxın Qaşqaçay və Şəkinin Biləcik kəndlərinin sərhəd hissəsində baş verib.
Magistral yolun kənarında olan kolluq ərazidə baş vermiş yanğın avtomobillərin gediş-gəlişində çətinliklər yaradıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.
Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və 25 nəfər şəxsi heyəti cəlb edilib. Havanın küləkli olması alovun əhatə dairəsini artırıb. Alov təxminən 10 hektar ərazini əhatə edir.
Hal hazırda yanğın bir qədər lokallaşdırılıb və alovun söndürülməsi istiqamətində işlər aparılır. İlkin ehtimala görə, yanğın vətəndaşların ehtiyatsızlığı səbəbindən baş verib. Əraziyə söndürülməmiş siqaret atıldığı və ya ocaq qalandığı ehtimal edilir.
Qeyd edək ki, sözügedən ərazi zəngin flora və faunaya malikdir. Yanğının davam etməsi, onun dağ-meşə massivinə doğru hərəkət etməsinə səbəb ola bilər.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 7 mart - Sputnik. Xaçmaz rayonunda dönərxanada dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayon mərkəzindəki "Köhnə avtovağzal" adlanan ərazidə yerləşən dönərxanada qeydə alınıb.
Hadisə nəticəsində Xaçmaz rayon Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov ölüb, Müzəffəroba kənd sakini, 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Dünyasını dəyişən Səbuhi İsayev obyektin işçisi olub.
Hadisə ilə bağlı Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanıb.
BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.