BAKI, 12 yanvar — Sputnik. Yanvarın 11-də saat 13 radələrində Qaradağ rayonu, Qobustan qəsəbə sakini Mustafayev Asif Qazbaba oğlunun işlədiyi yerdə xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Qobustan qəsəbəsində yerləşən metaləritmə zavodunda soba fəhləsi işləyən Asif Mustafayev qeyd edilən tarixdə metal əritmək üçün nəzərdə tutulmuş isti sobaya metal qırıntılarını atan zaman partlayış baş verməsi nəticəsində aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar - Sputnik. Yanvarın 23-də Şahbuz seysmoloji stansiyasından 10 kilometr şimal-qərbdə Şahbuz rayonunda maqnitudası 4.2 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:22-də qeydə alınıb.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.