Rahim Muradov, Sputnik Azərbaycan
BAKI, 11 yanvar — Sputnik. Lerik rayonunun ucqar Veri-Əliabadı kəndinin sakinləri son günlər evlərində rahat yaşamaqdan da qorxurlar. Kənddə 60-dan yuxarı ev var və bunlardan təxminən 10-u torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşüb. Kənd sakini Akim Abbasovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata əsasən, evlərinin arxasından başlayan torpaq sürüşməsi son 1 ildə daha da aktivləşib.
"Biz evimizi 2002-ci ildə tikmişik. Son 2-3 ildə evin arxa tərəfində sürüşmələr başladı. Son aylarda isə sürüşmə aktivliyi artıb. Nəticədə evin bünövrəsinin altı, demək olar, boşda qalıb. Bu da bizim üçün təhlükəlidir. Evdə uşaqlarla bərabər ümumilikdə 6 nəfər ailə üzvümüz yaşayır. Hər gecə evin divarı səs edir, biz də qorxuruq. Problemimizlə bağlı bütün aidiyyatı qurumlara müraciət etmişik. Ötən il evin divarında azca çatlar əmələ gəlmişdi. Çatları suvaqla örtdük, amma bu il çatlar daha da böyüyüb və hətta evin divarının bir tərəfi uçmaq üzrədir. Biz əvvəl çatları bünövrədən yaranan porblem zənn etdik. Sonra isə evin arxasında torpağın dərəyə, çaya tərəf sürüşdüyünü görüb çatların bu səbəbdən yarandığını anladıq. Amma həyətdə ağaclar olmasaydı, torpaq sürüşüb gedər və evimiz uçardı. İnşallah, səsimizi eşidən olar və bizə köməklik edilər”, - Abbasov deyir.
Eyni problemi yaşayan digər kənd sakini Ozal Alxasov isə baş verən problemlə bağlı bir neçə dəfə aidiyyatı qurumlara müraciət etdiyini bildirdi: “Gəlib, baxıb, bu evdə yaşamağın təhlükəli olması haqqında rəy veriblər, hətta mənə arayış da veriblər. Evin bu vəziyyətdə olduğuna görə ailəmin bir neçə nəfər üzvünü Bakıya göndərməli olmuşam. Amma özüm təsərrüfatımı qoyub gedə bilmədiyim üçün bu evdə yaşayıram. Bir neçə il öncə belə problem var idi, lakin mənə sadəcə evin bünövrəsinin oturduğunu dedilər. Sonra evin torpaq sürüşməsindən qəzalı vəziyyətə düşdüyünü gördük. İki il idi, sürüşmə gedirdi, lakin son bir neçə ay intensivləşib. O da son aylarda yağan yağış və qara görə intensivliyi artıb. Hazırda bütün aidiyyatı qurumlardan yardım etmələrini xahiş edirəm. Hər hansı bir köməklik göstərsinlər ki, heç olmazsa, qışda evsiz qalmayaq”.
Evi qəzalı vəziyyətdə olan Veri-Əliabadı kəndinin başqa bir sakini Zahid Orucov da indi aidiyyatı qurumlardan kömək istəyir: “Bizim evimiz də torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşüb. Evin arxa divarında, mətbəxin döşəməsində iri çatlar əmələ gəlib. Evdə, demək olar ki, yaşamaq mümkün deyil. Bu səbəbdən də oğlumu ailəsi ilə bir yerdə müvəqqəti qohumlarımızın evində məskunlaşdırmışam. Mən və yoldaşım isə evin qismən salamat olan otağında qorxa-qorxa yaşayırıq. Mən də təsərrüfatımıza görə məcburi olaraq evimizi tərk edə bilmirəm”.
Ərazi İcra nümayəndəsi Allahverən Məmmədovun Sputnik Azərbaycan-a verdiyi açıqlamasına əsasən, o, qəzalı evlərə baxış keçirib: "Baxış keçirdikdən sonra akt tərtib edib Lerik Rayonu Fövqəladə Hallar Komissiyasına təqdim etdim. Problemlə bağlı Lerik Rayonu Fövqəladə Hallar Komissiyası tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Müraciət ediləndən sonra FHN və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əraziyə gəlib, yerində araşdırma aparıb, sənədlər tərtib ediblər.
Evləri qəzalı vəziyyətdə olan vətəndaşlara müvəqqəti olaraq qohumlarının və doğmalarının evində yaşamalarını yazılı halda müraciət edərək tövsiyə etdik. Sürüşmə zolağında aktivliyin artmasının başlıca səbəbi yağmış qarın əriməsidir. Əriyən sular torpaq laylarının altına axır və bu da sürüşmələrə səbəb olur”.
Məlumat üçün bildirək ki, dəniz səviyyəsindən təxminən 1600 metr hündürlükdə yerləşən Veri-Əliabadı kəndində sürüşmə zonası əsasən kəndin ərazisindən axan çay boyunca 1 km uzunluqda ərazini əhatə edir.
Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.
Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.
BAKI, 21 yanvar — Sputnik. Sumqayıt şəhərində yol qəzaları baş verib.
Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri ərazisində "İsuzu" markalı yük avtomobili yol kənarında dayanan "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "İsuzu" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bundan başqa, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri ərazisində "VAZ" markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.
Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.
"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.