Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 26 dekabr — Sputnik. Ötən gecə Mingəçevirdə yanğın olub. Hadisə N.Nərimanov küçəsində beşmərtəbəli binanın birinci mərtəbəsində, Sürəyya Hüseynovaya məxsus mənzildə qeydə alınıb. Qeyd olunan ünvanda iki dəfə tüstülənmə baş verib. Bu haqda Sputnik Azərbyacan-ın bölgə müxbirinə bina sakinləri məlumat veriblər. Onlar birinci hadisənin qarşısını ala biliblər. Qonşular bildirirlər ki, mənzildə yaşayanlar ruhi xəstədirlər. Bina sakini Elxan Alıyev hadisə zamanı ev sahiblərinin mənzilin qapısını açmayaraq yanğının söndürülməsinə də mane olmağa çalışdıqlarını deyib: “Saat 7-8 arası ev tüstü-dumana qərq oldu. Biz qonşular yığışdıq, bir dəfə keçirdik, kömək elədik. İkinci dəfə, artıq saat 11-12 arası yanğının həcmi böyüdü. Evdə yaşayanlar ruhi xəstədirlər, özlərini ümumiyyətlə hiss eləmirlər. Hətta qapını belə açmırdılar ki, alov tez söndürülsün".
Həmin binanın digər sakini Ramiz Vələdov isə belə hadisələrin dəfələrlə qeydə alındığını deyib:
“Gördük, evə tüstü dolur, yanğın baş verən mənzil bizim alt qonşumuzundur. Onlar birinci, biz ikinci mərtəbədə oluruq. Çıxıb baxanda görürük ki, qonşunun oğlu ocaq yandırıb evin içində. Dedik, aç qapını, açmadı. Pəncərədən girib söndürməyə çalışdıq, yaxşı ki, birinci mərtəbə idi, üst mərtəbələr olsa, söndürmək olmazdı”.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub. Hadisə zamanı mənzildə olan 68 yaşlı Sürəyya Hüseynova və 47 yaşlı Xudaverdi Hüseynov tüstüdən zəhərləniblər. Onlar xəstəxanaya çatdırılıblar. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.
Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:
“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.
Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.
Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.
Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə yanvarın 18-dən ölkədə xüsusi karantin rejimi çərçivəsində tətbiq ediləcək yumşaldılmalarla bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov məlumat verib.
O bildirib ki, ilk növbədə tibb işçiləri vaksinasiya ediləcəklər. Tədbirdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev də iştirak edirlər. Brifinqdə vaksinasiya ilə bağlı məlumatlar açıqlanır.