BAKI, 26 dekabr — Sputnik. Binəqədi qəsəbə bələdiyyəsinin vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib. Sputnik Azərbaycan Binəqədi rayon Prokurorluğuna istinadən xəbər verir ki, Binəqədi qəsəbə bələdiyyəsinin Bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Abışov Sahib Abdulla oğlunun qanunsuz hərəkətləri ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq zamanı Sahib Abışovun ayrı-ayrı vaxtlarda həmin bələdiyyənin sədri və sədr müavini vəzifələrində işləmiş Niftiyev Niyaz Məmmədəli oğlu və Nəsibova Mətanət Hüseyn qızı ilə qabaqcadan əlbir olub ümumilikdə 51 nəfər şəxsdən müxtəlif məbləğlərdə rüşvət alınması müqabilində onların ölkə ərazisində tətbiq edilmiş karantin dövründə qanunsuz olaraq sərbəst hərəkət etmələri üçün saxta arayışların verilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətləri ilə Sahib Abışov, Niyaz Niftiyev və Mətanət Nəsibovaya Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma) 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) 311.3.2, (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.
Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:
“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.
Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.
Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.
Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.
BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.
Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.