Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 26 dekabr — Sputnik. "Fövqəladə Hallar Nazirliyi (FHN) "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTv) uçqun baş verən binasında araşdırmaya başlayıb. Binanın istifadəyə yararlı olub-olmadığı qiymətləndirilir".
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verib. O bildirib ki, uçqun hadisəsi binanın 3-cü mərtəbəsində bir otağın tavanda baş verib. Onun sözlərinə görə, buna görə binanın istifadəyə yararlılığı FHN tərəfindən araşdırılır:
"FHN-in əməkdaşları axşamdan hadisə baş verən ərazidədirlər. Hazırda da binanın istifadəyə yararlı olub-olmadığı qiymətləndirilir. Bu faciənin baş verməsi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin kollektivini sarsıtdı. Hər birimiz bu hadisədən çox üzüldük. Hadisə nəticəsində həlak olan əməkdaşımıza Allahdan rəhmət diləyirik".
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTv) ərazisində baş verən dağıntı ilə bağlı məlumat yayıb. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, inzibati binadakı 1 otaqda tavanda və döşəmədə dağıntı baş verib, nəticədə 1996-cı il təvəllüdlü Gülverdiyev Gülverdi Namiq oğlu dağıntılar altında qalaraq ölüb. Həyata keçirilən qəza-xilasetmə tədbirləri nəticəsində N.Gülverdiyevin meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.
Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:
“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.
Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.
Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.
Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.
BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılmasını qərara alıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, buna rəğmən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.
Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.