BAKI, 26 dekabr — Sputnik. Tovuz Rayon Polis Şöbəsinə rayonun Abulbəyli kəndində yaşayan Yaqub Məmmədovun karantin rejimi qaydalarını pozaraq gizli şəkildə qızına "xınayaxdı" mərasimi keçirməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər və 40 nəfərin qatıldığı məclisin keçirilməsinin qarşısı alınıb.
Məlum olub ki, Yaqub Məmmədov polisdən yayınmaq üçün "xınayaxdı" mərasimini qudası Fazil Mehdiyevin evində keçirib. Məclisdə iştirak edən bir neçə nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub. Məclisdə iştirak edib, polisdən yayınmağa cəhd edən digər şəxslər barəsində araşdırmalar davam etdirilir.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar - Sputnik. Yanvarın 23-də Şahbuz seysmoloji stansiyasından 10 kilometr şimal-qərbdə Şahbuz rayonunda maqnitudası 4.2 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:22-də qeydə alınıb.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.