BAKI, 14 dekabr — Sputnik. 2020-ci il dekabrın 13-də saat 17 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bir hərbi qulluqçusu, Ağdam rayon sakinləri - 1984-cü il təvəllüdlü Əhmədov Toğrul Vilayət oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elçin Qanboy oğlu işğaldan azad olunmuş Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində olarkən piyada əleyhinə minaya düşüblər.
Sputnik Azərbaycan Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin məlumatına istinadla xəbər verir ki, nəticədə Elçin Məmmədov həlak olub, hərbi qulluqçu və Toğrul Əhmədov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda faktla bağlı prokurorluq və polis əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri və əməliyyat tədbirləri həyata keçirilir.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik.
Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.
Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:
“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.
Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.
Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.
Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb. Sputnik Azərbaycan 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində fəaliyyətinə icazə verilən iş və xidmətlərin siyahısını təqdim edir:
● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);
● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
● muzey və sərgi zallarının fəaliyyəti;
● şəhərlərarası və rayonlararası hərəkət.
Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.