BAKI, 5 dekabr — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Gəncə şəhər sakinləri - 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş, 27 yaşlı Orxan Sadıqov saxlanılaraq ŞBPİ-yə gətiriliblər. Onların üzərinə baxış keçirilən zaman O.Sadıqovun üzərindən ümumi çəkisi 1 qram, T. Əliyevin üzərindən isə 2 qram narkotik vasitə olan "marixuana" aşkar edilərək götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.
Aparılan araşdırmalar zamanı həmin şəxslərə narkotik vasitə satan şəxsin əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Ramil Əliyev olduğu müəyyən edilib. Onun yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı üzərindən 15 ədəd kağız bükümlərdə, ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırlımış, ümumi çəkisi 4 kiloqram 025 qram qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.
Faklarla bağlı araşdırmalar davam etdirilir.
Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.
Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:
“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.
Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.
Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.
Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.
BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.